12px14px16px18px

Adamiya:“Avroliqaya düşməməyimiz faciə olar”

00:10 / 01.05.2012
“Qarabağ” klubunun yarımmüdafiəçisi Georgi Adamiya Qol.Az saytına müsahibə verib.

– Unibank Premyer Liqanın 30-cu turunda səfərdə “Neftçi”yə 1:2 hesabıyla məğlub oldunuz. Oyunla bağlı təəssüratların necədir?
– Yaxşı oynasaq da, bu, bizə kömək etmədi. Çox təəssüf ki, oyunun sonuncu dəqiqəsində qol buraxaraq məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik. Məncə, pis çıxış etmədik. Qarşılaşmada oyunumuz bəzən alınırdı, bəzən də alınmırdı. Uduzmağımıza görə məyusam.
– Hesabı komandanız açsa da, qələbəni qoruya bilmədiniz. Buna səbəb nə idi?
– İlk qolu vurmaq o demək deyil ki, öz qapından top buraxa bilməzsən. Sadəcə, rəqibin vurduğu bərabərlik qol uzaqdan və gözlənilməz oldu. Buna baxmayaraq biz əllərimizi yanımıza salıb təslim olmadıq. Yenə də hücumlar təşkil edib qol vurmağa çalışırdıq.
– Qarşılaşmanın 90+1 dəqiqəsində qırmızı vərəqə alaraq penaltiyə səbəb olan komanda yoldaşın Maksim Medvedyev qaydanı pozmadığını iddia edir. Bəs, sən necə fikirləşirsən?
– Açığı, həmin epizoddan çox aralıydım. Ona görə də bu haqda dəqiq bir söz deyə bilməyəcəyəm.
– Maksimin növbəti oyunda komandasına kömək edə bilməməsi çıxışınıza hansısa təsir göstərəcəyini söyləmək olar?
– Maksim işgüzar və yaxşı futbolçudur. O, komandanın əsas silahlarındandır. Onun yerinə kimin oynayacağını deyə bilmərəm.
– Demək olarmı ki, Vaqif Cavadov “Neftçi”ylə qarşılaşmada penalti və təkbətək epizodlarda real qol şanslarını boşa verməsəydi, komandanız qələbə qazanardı?
– Mən belə şeylər haqda danışmağı sevmirəm. Biz bu oyunda komanda olaraq qalib də gələ, böyükhesablı məğlubiyyət acısı da yaşaya bilərdik. Mən tapmacalarla danışmağı sevmirəm. Məncə, Vaqif də komanda üçün əlindən gələni etməyə çalışdı.
– Növbəti turda turnir cədvəlində sizdən üç xal öndə olan “İnter”i qəbul edəcəksiniz. Bu qarşılaşmada qələbə qazanmaq şanslarınız nə dərəcədədir?
– Mən fikirləşirəm ki, şansımız var. Düzdür, o qədər də böyük deyil, ancaq hələ də qalmaqdadır. Biz də bu şansı boşa verməmək üçün axıra qədər mübarizə aparacağıq. Hətta Avroliqaya vəsiqə qazanmağa şansımız olmasaydı belə, meydana qələbə üçün çıxacaqdıq. Əllərimizi yanımıza salası deyilik. Bizə yalnız qələbə lazımdır. Necə olacağını isə matçın sonunda biləcəyik.
– Əgər bu mövsüm “Qarabağ” avrokuboklara vəsiqə qazana bilməsə, bunu faciə kimi qəbul etmək olar?
– Hə, belə demək olar. Şəxsən mən çox pis olacağam. Çünki son üç ildir ki, Avropa meydanlarında Azərbaycanı uğurlu çıxışlarımızla sevindirmişik. Hazırda vəziyyətimiz isə ürəkaçan deyil.
– Mövsümün sonunda müqavilənin müddəti başa çatır. Başqa kluba keçmək haqda düşünürsən, yoxsa, “Qarabağ”da qalmaq istəyirsən?
– Hələ ki, müqaviləylə “Qarabağ”a məxsus olduğumdan yalnız komandam haqda fikirləşirəm. Mövsüm bitəndən sonra isə gələn təklifləri nəzərdən keçirəcəyəm. Hələ ki, heç bir təklif yoxdur.
Əli HƏYATİ





















Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar