12px14px16px18px

“Neftçi” hakimi günahlandırdı

00:42 / 24.04.2012
“Xəzər Lənkəran”a məğlub olan “Neftçi” klubu oyunun baş hakimi Elçin Məmmədovu günahlandırıb. İlk olaraq “Neftçi”nin məşqçisi Tərlan Əhmədov “Xəzər Lənkəran” – “Neftçi” oyunu barədə danışıb.
“İstəməzdik ki, “Xəzər Lənkəran”la oyunumuz qərəzli hakim qərarları ilə yadda qalsın. Amma təəssüf ki, belə oldu. Bir neçə epizodda hakim rəqib futbolçuların kobudluğuna göz yumdu. Nəticədə Flavinyoya səbəbsiz yerə sarı vərəqə göstərdi. Özü də o bilirdi ki, bu vərəqə Flavinyonun növbəti matçı buraxmasına səbəb olacaq. Ümumiyyətlə, onun qərarları komandamızın gələcək oyunlarına mənfi təsir edəcək. Buna qədər də Elçin Məmmədov oyunlarımızı idarə edib. Həmin qarşılaşmalarda hakim qərəzli qərarları ilə yadda qalmışdı. Belə hakimlik klublarımız arasındakı münasibətlərə də pis təsir edir” – deyə, Tərlan Əhmədov bildirib. “Neftçi”nin futbolçusu Flavinyo da hakimi ittiham edib: “Xəzər Lənkəran”la oyunumuzun gərgin alınacağını bilirdik. Qələbə qazansaydıq çempionluğumuzu vaxtından əvvəl rəsmiləşdirəcəkdik. Lakin ilk dəqiqələrdən hakim birtərəfli qərarlar verməyə başladı. Rəqib futbolçular mənə qarşı çox kobud oynayırdı. Bütün matç ərzində məni “sındır”maqla məşğul idilər. Hakim də buna hər dəfə göz yumurdu. Hətta mənə qarşı kobudluqdan sonra yıxılsam da, Elçin Məmmədov simulyasiya etdiyimi əsas gətirərək mənə sarı vərəqə göstərdi. Nəticədə mən növbəti görüşdə meydanda olmayacağam. Bu hakim daha əvvəlki qarşılaşmalarda da mənə qarşı rəqibin açıq-aşkar kobudluğunu görməməzliyə vurmuşdu. Mənə elə gəlir ki, buna son qoyulmalıdır”. Digər futbolçu Ruslan Əmircanov da Elçin Məmmədovu qınayıb: “Bu matçda hakimin demək olar ki, bütün qərarları “Xəzər Lənkəran” klubunun lehinə idi. Oyundan iki epizodu misal çəkirəm. Birində rəqib futbolçu baş hakimin gözü qarşısında əllə oynayır. Elçin Məmmədov qayda pozuntusunu qeydə alsa da “Xəzər Lənkəran”ın futbolçusuna sarı vərəqə göstərmir. Digər epizoda isə Flavinyonu yıxsalar da sarı vərəqə onun özünə göstərilir. Məncə bu iki epizod Elçin Məmmədovun qərəzli olduğunu demək üçün kifayətdir”.




Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar