12px14px16px18px

“Xəzər Lənkəran” azarkeşlərinin sayı milyonu keçdi

00:42 / 24.04.2012
Unibank Premyer Liqanın XXIX turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran” klubunun tarixinə unikal hadisə ilə düşüb. Lənkəran şəhər stadionunda yubiley – 100-cü oyuna çıxıb sayca 25-ci – yubiley “Böyük oyun”un iştirakçısı olan komanda azarkeş sayında da fantastik nailiyyət əldə edib. Yarandığı 2004-cü ilin yayından azarkeşlərinə görə Azərbaycanın bütün klublarından fərqlənən “Xəzər Lənkəran” ev oyunlarındakı tamaşaçı sayında 1000000-u da arxada qoyub. Belə ki, “Neftçi” ilə matçadək komandanın öz meydanında keçirdiyi 143 qarşılaşmanı ümumilikdə 988577 tamaşaçı izləmişdi. Bu rəqəmin 1000000-u keçməsi üçün “Böyük oyun”a 11423 nəfərin gəlməsi kifayət idi.
“Xəzər Lənkəran”ın sayca 144-cü ev oyununa isə bundan da artıq – 12000 tamaşaçı toplaşıb. Bununla da komanda 1000000-u arxada qoymağa nail olub. “Xəzər Lənkəran”a milyonçu olmaq üçün əslində 140 matç kifayət edib. Çünki 144 ev oyunundan 4-də komanda boş tribunalar önünə çıxıb. Lakin 144 matçdan başqa daha 1 qarşılaşma olub ki, həmin matçın nəticələri büsbütün ləğv olunub. 144 oyundan biri isə yarımçıq qalması səbəbindən 2 dəfəyə oynanılıb. Lakin həmin 2 dəfə keçirilən oyunlardan yalnız biri milyonu keçən – 1000577-yə daxil edilib. Həmçinin nəticəsi ləğv olunan matç da buna şamil olunmayıb. Milyonçu olan “Xəzər Lənkəran” indiyədək ev oyunlarını 8 müxtəlif stadionda keçirib. Komanda Lənkəran şəhər stadionuna 846760, Lənkəran Olimpiya İdman Kompleksinin stadionuna 68717, Cəlilabad şəhər stadionuna 16000, T.Bəhramov adına Respublika stadionuna 57000, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionuna 2100, “Şəfa” stadionuna 5500, T.İsmayılov adına Suraxanı qəsəbə stadionuna 4200, ADBTİA stadionuna isə 300 tərəfdar toplayıb.
1000577 tamaşaçıdan 781777-si Azərbaycan çempionatı, 136800-ü Azərbaycan kuboku, 82000-i avrokubok matçlarını seyr edib.



Bu yazı ( 72 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar