12px14px16px18px

Yunis Hüseynov: “Hakimin qərarı doğru idi”

00:41 / 24.04.2012
Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi

– Unibank Premyer Liqanın 29-cu turunda “Neftçi”yə 1:0 hesabıyla qalib gəldiyiniz derbi matçı haqda fikirlərinizi bilmək istərdik.
– Oyun çox gərgin keçdi. Belə olacağını qabaqcadan bilirdik. Çünki “Neftçi”nin “Xəzər Lənkəran”la qarşılaşmaları hər zaman ağır keçirdi. Amma buna baxmayaraq, futbolçularım həmin oyuna yaxşı hazırlaşmışdı. Beş gün idi ki, Lənkəranda həmin oyuna ciddi hazırlaşırdıq. Çünki bizə “Neftçi”ylə görüşdə xal itirmək olmazdı. Məncə, futbolçularımız üzərlərinə düşən işin öhdəsindən gələrək, qələbə qazandılar. Lakin ikinci yarıda onların çıxışından narazı qaldım.
– Xüsusən nədən narazı qaldınız?
– Hesabı qorumaq üçün futbolçularım arxaya çəkildilər. Bu, mənim xoşuma gəlmədi.
– Aktivinizdən 6 xal silindikdən sonra komandanın psixoloji durumu aşağı səviyyədə idi. Hazırda vəziyyət nə yerdədir?
– Artıq futbolçular özlərinə gəliblər. Artıq həmin 6 xalı yaddan çıxarmışıq. Çalışırıq bəzi çatışmazlıqları aradan qaldıraq. Çünki qarşıda bizim vacib oyunlarımız var. Əgər həmin oyunlarda qalib gələ bilməsək, Avroliqaya düşmək şansımız mümkün deyil. Bunu futbolçular da yaxşı dərk edirlər. Bütün var gücləriylə növbəti turlara hazırlaşırlar.
– Hər zaman komandanızın fiziki durumundan narazı qalırdınız. Bu dəfə necə oldu?
– Bilirsiniz, bunu yaxın bir zamanda tam bərpa etmək mümkün deyil. Bunun üzərində əvvəlcədən xeyli çalışmaq lazımdır ki, futbolçular mövsüm boyu oynaya bilsinlər. İstər-istəməz oyundan-oyuna artıra bilirlər. Lakin artıq çempionatın sonları olduğundan bir az gecdir.
– İkinci hissədə komandanızın arxa xəttində boşluqlar yaranırdı. Bu da “Neftçi”nin tez-tez qapınız qarşısında təhlükəli vəziyyətlər yaratmasına səbəb olurdu. Bunu nə ilə izah edərdiniz?
– Bəli, sizinlə tamamilə razıyam. Lakin həmin boşluqlar ikinci yarının axırlarında oldu. Matçın bitməsinə hardasa 15-20 dəqiqə qalmış bunun şahidi olduq. Fikrimcə, bu, futbolçuların bir-birlərini düzgün sığortalaya bilməməsindən irəli gəldi.
– “Neftçi”nin futbolçuları hakim Elçin Məmmədovdan narazılıq edirlər. Onların sözlərinə görə, qol vurulduğu nöqtədən cərimə zərbəsini hakim düzgün təyin etməmişdi...
– Hakimliklə bağlı danışmaq istəməzdim. Lakin top rəqib futbolçunun əlinə dəydiyi üçün hakim də cərimə zərbəsi verdi. Əllə oyun olduğu üçün əlbəttə, hakimin qərarı doğru idi.
– Növbəti turda səfərdə “İnter”in qonağı olacaqsınız. Rəqibiniz barəsində nə düşünürsünüz?
– “İnter” çox güclü komandadır. Xüsusən də, arxa xəttə çox inamlı təsir bağışlayırlar. Onlar öz oyun üslublarına malikdirlər. Çalışacağıq ki, həmin qarşılaşmada da yaxşı nəticə göstərək.
– Bu qarşılaşmada qələbə qazanmaq şanslarınızı necə dəyərləndirərdiniz?
– Yaxşı hazırlaşacağıq ki, qələbə qazanaq. Yəni, əsas odur ki, istəyimiz üç xaldır. İnşallah, buna da nail olarıq.
Əli HƏYATİ




Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar