12px14px16px18px

Bahadır Nəsimov: “Onun bu hərəkətini başa düşə bilmədim”

“Neftçi” klubunun hücumçusu Bahadır Nəsimovun Qol.Az saytına müsahibəsi

00:40 / 24.04.2012
– Unibank Premyer Liqanın 29-cu turunda səfərdə əzəli rəqibiniz olan “Xəzər Lənkəran”a 0:1 hesabıyla məğlub oldunuz. Bu oyunla bağlı fikirlərin necədir?
– Çox gözəl bir oyunun şahidi olduq. Bizim real qol imkanlarımız çox olduğundan hətta qələbə də qazana bilərdik. Təəssüf ki, imkanları dəyərləndirə bilmədik. Rəqibin isə deyərdim ki, qol vurmaq üçün cəmi bir imkanı oldu. Ondan da yararlanmağı bacardılar. Fikrimcə, komanda yoldaşım Flavinyonun rəqibi cəzalandırmaq üçün yaxşı imkanları oldu. Qələbə qazanmaq istəyirdik. Lakin istədiyimiz alınmadı. Bu, futboldur və yolumuza davam edirik.
– Necə düşünürsən, qələbə qazana bilməməyinizə nə səbəb oldu?
– Mən qarşılaşmanı qıraqdan da izlədim. Həmin oyunda uşaqlar qələbə qazanmaq üçün çox çalışdılar. İstəyirdik ki, çempionluğumuzu təmin edək. Məncə, yaratdığımız təhlükəli vəziyyətlərdən fərqlənə bilmədiyimiz üçün məğlub olduq.
– Bəs, konkret nədə “Xəzər Lənkəran”a uduzurdunuz?
– Düşünmürəm ki, biz rəqibimizə fiziki və ya sürət baxımından uduzduq. Sadəcə olaraq, real qol imkanlarını dəyərləndirə bilmədik.
– Sənin 12-ci dəqiqədə zədələnərək meydanı tərk etməyin hücum xəttinin zəifləməsinə təsirini göstərdi?
– Bunu dəqiq deyə bilmərəm. Çox istəyirdim ki, sona qədər mübarizə aparım. Deməzdim ki, uduzmağımız mənim meydanda olmamağımla bağlı idi. Çünki komanda yoldaşım Fərid Quliyev də əla təsir bağışlayırdı. Onun da qol vurmaq üçün yaxşı şansları oldu. Amma yaxşı oynasaq da, uduzduq.
– Ümumiyyətlə, zədənlə bağlı vəziyyət nə yerdədir?
– Əzələmi dartmışam. Həkimlərin təyin etdiyi diaqnoza görə üç həftə komandama kömək edə bilməyəcəm. Lakin çox istəyərdim ki, “Neftçi” kubokda finala çıxsın, mən də həmin oyunda komandama kömək edim.
– Görüşün 52-ci dəqiqəsində buraxdığınız qolda qapıçınız Rauf Mehdiyevin səhvi olduğunu söyləmək olar. Çünki topu tutsa da, sonradan əlindən qaçırdı.
– Gəlin, birinci ondan başlayaq ki, qoldan öncə cərimə zərbəsi düzgün təyin edilməmişdi. Yəni, həmin mövqedə qayda pozuntusu olmamışdı. Lakin hakim bunu cərimə zərbəsi kimi dəyərləndirdi. Raufa gəlincə, o topu tutmaq istəsə də, meydanın çox sürüşkən olması buna mane oldu. Deməzdim ki, qol onun səhvindən vuruldu. Əgər, Rauf səhvi nəticəsində bir qol buraxmışdıqsa, onda onun əvəzinə ikisini vurmalıydıq. Məğlubiyyət və qələbə bir nəfərin deyil, bütün komandanın adına yazılır.
– Komanda yoldaşın Flavinyo mübarizə zamanı yerə yıxıldıqda, hakim tərəfindən bu, simulyasiya kimi dəyərləndirildi və ona sarı vərəqə göstərildi. Bu haqda nə deyərdin?
– Flavinyoya qarşı ən azı dörd dəfə kobud oynayaraq yerə yıxdılar. Hakim isə rəqibi cəzalandırmaq əvəzinə Flavinyoya sarı vərəqə göstərdi. Mən hakimin bu hərəkətini başa düşə bilmədim.
Əli HƏYATİ




Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar