12px14px16px18px

Dövlət Neft Fondu I rüb üzrə gəlir və xərclərini bəyan edib

07:19 / 21.04.2012
2012-ci ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun (DNF) büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil edib. Fonddan verilən məlumata görə, ilin I rübündə DNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 352,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 349,4 milyon manat, tranzit gəlirləri 1,3 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.
Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 234,5 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 336,1 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində DNF-in 2012-ci il büdcəsinin icrası çərçivəsində 1 839,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 48,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 20,8 milyon manat vəsait ayrılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqrammı”nın maliyyələşdirilməsinə Neft Fondundan 3,7 milyon manat vəsait ayrılıb. 4,8 milyon manat “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2012-ci ilin ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,1 milyon manat olub.
2012-ci il aprelin1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən 8,6 faiz artaraq 32 359,4 milyon ABŞ dollarına bərabər olub.
Bu ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu dövr ərzində qızılın miqdarı 2 ton 804 kq (90 143 unsiya) təşkil edib.





Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar