12px14px16px18px

Vaqif Sadıqov: “Bizdə səbəbkar olmadan hansısa komandaya getmək mümkün deyil”

07:18 / 21.04.2012
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

– Unibank Premyer Liqanın 28-ci turunda “Rəvan”la öz meydanınızda keçirdiyiniz oyunda bərabərə (1:1) qaldınız. Qələbə qazana bilməməyinizin səbəbini nədə görürsünüz?
– Gəlin, tələsməyək. Ən vacibi odur ki, komanda yavaş-yavaş qələbəyə köklənir. Baxmayaraq ki, oyun zamanı tamamilə ayrı-ayrı hissələrin şahidi olmuşuq. İlk yarıda futbolçularım məşqçinin tapşırıqlarını həyata keçiməkdə çətinlik çəksələr də, ikinci hissədə tamamilə başqa futbol nümayiş etdirdi. Komanda özündə güc taparaq yüksək səviyyədə çıxış etdi. Xeyli sayda real qol imkanı yarada bildik. Düzdür, komanda hazırda stabil oyun sərgiləmir. Lakin yaxşı potensiala malik olan bir kollektivimiz var.
– Həmin qarşılaşmada rəqibinizin heyətində bir nəfər futbolçuya belə sarı vərəqə göstərilməsə də, AZAL-da bu vərəqələrin sayı dördə çatdı. Bundan öncəki oyunlarda da futbolçularınız cəzalandırılıb. Bu amilləri futbolçularınızın intizamsızlığı ilə əlaqələndirmək olarmı?
– Sarı vərəqələr ilk növbədə istəkdən irəli gəlir. Futbolçular hakimlə mübahisəyə girərək sarı vərəqə alırlar. Lakin burada sırf mübarizə epizodları olur və oyunçular sarı vərəqə alırlar. Lakin o fikir də doğrudur ki, futbolçuların fərdi ustalığı buna imkan vermir ki, topa təmiz mübarizədə sahib olsunlar. Bunu da nəzərə almaq lazımdır ki, 10 günün içində böyük dəyişiklik etmək çox çətindir. Ancaq vacib olan odur ki, bu çatışmazlıqları görərək, nəyin üzərində işləyəcəyimizi yaxşı bilirik.
– Necə düşünürsünüz, komandanı növbəti mövsümə istədiyiniz kimi hazırlaya biləcəksiniz?
– Əgər hər birimiz bunu istəyiriksə, gücümüzü və potensialımızı birləşdirərək nail ola bilərik. Çox yaxşı bir haldır ki, burada rəhbərlik də öz dəstəyini göstərəcək. Çalışacağıq ki, mübariz bir komanda yaradaq. Bunun necə alınacağını isə zaman göstərəcək. Artıq işə başlamışıq.
– İndidən komandadan gedəcək futbolçuları və hansı mövqe üçün oyunçu alacağınızı müəyyənləşdirmisiniz?
– Xeyr. Hələ gedəcək futbolçuların kim olacağı bilinmir. Çünki komandada cəmi 13-14 futbolçu var. Əlavə hər bir mövqeyə iki namizəd futbolçu lazım olacaq. Yəni, məqsədimiz rəqabətli bir komanda yaratmaqdır. Çünki biz yalnız rəqabət olan yerdə inkişafa nail ola bilərik.
– Vaqif müəllim, niyə Rusiyada aşağı və ya yüksək liqasında çıxış edən komandaların birində məşqçi, yaxud köməkçi məşqçi vəzifəsində işləməyərək, AZAL-a üstünlük verdiniz?
– Ən vacib olanı budur ki, mən bu gün Pro kateqoriyaya sahib olmayan bir məşqçiyəm. Bunu həyata keçirmək üçün vətənə dönmüşəm. Yalnız onu əldə etdikdən sonra Rusiya və ya başqa bir ölkədə baş məşqçi işləyə bilərəm. Lakin hazırda AZAL klubuyla iki illik müqaviləm var. Əlimdən gələni edəcəyəm ki, AZAL artıq növbəti mövsümdə əvvəlkitək iddialı komanda olsun. Unutmaq lazım deyil ki, AZAL mövcud olduğu altı ildə iki dəfə avrokuboklara vəsiqə qazanıb ki, bu da pis nəticə deyil.
– Bəs, AZAL-a gəlişiniz necə oldu? Konkret olaraq bunun səbəbkarı kim idi və niyə bu komandada çalışmağa razılıq verdiniz?
– Maraqlı sualdır. Səbəbkar və səbəb axtarırsınız. Görünür, Azərbaycan futbolu elədir ki, səbəbkarsız hansısa komandaya getmək mümkün deyil (gülür). Mən onu deyə bilərəm ki, təyinatım rəhbərlik tərəfindən təklif olundu. Sabiq baş məşqçi Rafiq Mirzəyevin istefasından sonra mən bu posta dəvət olundum. Rəhbərliklə görüşdükdən sonra təklifi qəbul etdim.
– Sabiq baş məşqçi Rafiq Mirzəyevlə komandanın bəzi futbolçuları, məsələn Aqil Nəbiyev arasında münasibət yaxşı deyildi. Bəs, hazırda məşqçiylə-futbolçu münasibətləri hansı səviyyədədir?
– Yola getməmək o demək deyil ki, komandanın bütün futbolçuları intizamsızdırlar. Artıq demək olar ki, iki həfdədir futbolçularla bir yerdəyik. Heç bir oyunçuyla narazılıq yoxdur. Biz peşəkarçasına işimizi davam etdiririk. Hesab edirəm ki, peşəkar ilk növbədə baş məşqçinin verilən bütün qərarlarına hörmətlə yanaşıb onu həyata keçirməlidir. Məncə, biz işimizi bu prinsip üzərində quracağıqsa istədiyimizə nail olacağıq.
– Qarşıda sizi Gəncədə istənilən rəqibini məğlub edə biləcək “Kəpəz”lə oyun gözləyir. Bu haqda nə deyərdiniz?
– Bilirik ki, “Kəpəz” öz yerində uğurlu nəticə qazanmaqla bərabər çox gözəl futbol nümayiş etdirir. Ümumiyyətlə, əzmkarlığı olan bir komandadır. Ancaq buna baxmayaraq, biz yalnız qələbəyə köklənmişik. Hesab edirəm ki, hər iki komandanın şansı bərabərdir. Ən vacib olanı isə futbolçularımın nəyə qadir olduğunu sübut etmələridir. İlk növbədə öz adlarını yüksəkdə tutmalıdırlar. Mən hər dəfə onlarla məşq zamanı söhbət edərkən, futbolçuları buna inandırmağa çalışıram.
Əli HƏYATİ



Bu yazı ( 29 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar