12px14px16px18px

Yunis Hüseynov: “Bundan sonra bir oyun belə uduzmamalıyıq”

14:04 / 18.04.2012
 
“Xəzər Lənkəran” klubunun baş məşqçisi  Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
 
– Unibank Premyer Liqanın 28-ci turunda səfərdə “Bakı”ya 1:4 hesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?
 
– Sizə açığını deyim ki, futbolçular 6 xalımızın silinməsinə görə çox pis olmuşdular və oyuna köklənə bilmədilər. Bu 6 xal məsələsini futbolçular 2-3 gün qabaqcadan biləndən sonra, təsəvvür edin ki, çox ruhdan düşmüşdülər. Bu amil “Bakı”yla qarşılaşmada özünü qabarıq şəkildə göstərdi. Baxmayaraq ki, futbolçularla söhbət edərək psixoloji vəziyyətdən çıxarmağa çalışırdım. Bir komanda ki, çempionluğa oynayır, sonra da gözlənilmədən hesabından 6 xal silinir, bu zaman avrokuboklara düşmək şansların belə azalır. Bu, hansı komandanın çıxışına mənfi təsir göstərməz ki? Bir sözlə, futbolçular özlərini toparlaya bilmədilər.
 
– 6 xalınızın aktivinizdən silinəcəyini gözləyirdiniz?
 
– Heç gözləmirdim. Futbolçularla danışanda da deyirdim ki, xalımızın silinəcəyinə inanmıram. Onlara da dedim ki, narahat olmayın, yəqin, problem aradan qaldırılacaq. Oyundan bir gün qabaq bildik ki, rəsmi olaraq 6 xalımız silinib. Artıq nəsə etmək mümkün deyil. Həddindən artıq çox pis olduq.
 
– Artıq 40-cı dəqiqədə qapınızda iki top görmüşdünüz. Yəqin hesabın belə olacağını ümumiyyətlə, proqnozlaşdırmamışdınız.
 
– Doğrudur. Lakin belə olması da buraxılan səhvlər nəticəsində oldu. Birinci qolda kobud səhv etsək də, ikincisi isə diqqətsizlik nəticəsində qapımıza vuruldu. Yəni, standart vəziyyəti zamanı futbolçularım diqqətsizlik etdilər. Hesab 2:0 olduqdan sonra futbolçularda ruh düşkünlüyü daha da artdı. Fasilədə uşaqlarla danışarkən gördüm ki, komanda hazır deyil. Bütün bunlara baxmayaraq, oyunu xilas etmək istəyirdim. Ona görə də onlara dedim ki, oyun artıq əldən gedir, irəli atılaraq, qol vurmağa çalışın. Rəqib də bundan istifadə edib əks-hücumdan bizə daha iki top vurdu.
 
– Belə çıxır ki, böyük hesablı məğlubiyyətinizdə əsas səbəb 6 xalınızın silinməsi oldu?
 
– Özümüzü bununla sığortalamırıq. Amma etiraf etmək lazımdır ki, 6 xalın silinməsinin çıxışımıza çox ziyanı oldu. Uşaqlar çalışmalıydı ki, bu xal məsələsini unutsunlar. İçərilərində elələri vardı ki, psixoloji sarsıntıdan qurtula bilmədilər. Artıq başqa çarəmiz yoxdur. Bu problemi aradan qaldırmaq üçün futbolçular üzərində işləmək lazımdır. Çünki qarşıdakı oyunlarda qələbə qazanaraq avrokuboklara vəsiqə qazana bilərik.
 
– 6 xalın silinməsini bir qırağa qoysaq, rəqibinizə daha çox hansı komponentlərdə uduzduğunuzu söyləyə bilərsiniz?
 
– İlk öncə deyim ki, psixoloji cəhətdən onlara uduzduq. Çünki rəqibin motivasiyası bizimkindən daha üstün idi. Ona görə ki, “Bakı”nın bizim xallar silindikdən sonra çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansları birdən-birə artdı. Buna qədər isə şansları tükənmişdi. Ümidlərini yalnız kuboka bağlamışdılar. Məhz bunun üçün meydana bizdən fərqli olaraq, daha əhval-ruhiyyəli çıxmışdılar. Bu səbəbdən də, onlara uduzduq. Digər tərəfdən, fiziki çatışmazlığı da bura əlavə etmək olar.
 
– Vəziyyət belə davam edərsə, Avroliqaya vəsiqə qazanmaq şanslarınızı necə dəyərləndirirsiniz?
 
– Şanslarımız hələ ki, qalmaqdadır. Əgər geridə qalan dörd oyunda qələbə qazana bilsək, vəsiqəni özümüz üçün təmin edə bilərik. Bir oyun belə uduzmamaq şərtiylə.
 
– Növbəti turda Lənkəranda “Neftçi”ni qəbul edəcəksiniz. Bu görüş haqda nə deyə bilərsiniz?
 
– “Neftçi”ylə oyun “Xəzər Lənkəran” üçün hər zaman çətin olub. Bu qarşılaşma böyük bir derbi oyunu olacaq. Həmin görüşə çox yaxşı hazırlaşırıq. Artıq kimin çempion olacağını söyləmək olar. Çünki “Neftçi” ən yaxın izləyicisini 10 xal qabaqlayır. Hər halda çalışacağıq ki, “Neftçi”yə qalib gələk.
 
– “Neftçi” rəhbərliyi futbolçulara çempionluğunu növbəti turda “Xəzər Lənkəran”ı məğlub edərək qeyd etməsini istəyib. Buna münasibətiniz necədir?
 
– Onlar nəinki bizimlə, bütün oyunlarda qələbə qazanmaq istəyirlər. Bizə qələbə hava-su kimi lazımdır. Çalışacağıq ki, rəqibimizi məğlub edək. Onların axırıncı oyunlarına baxaraq, öz taktikamı tətbiq edəcəyəm.
 
Əli HƏYATİ
 



Bu yazı ( 43 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar