12px14px16px18px

“Bakı-2020” layihəsi Moskvada təqdim olunacaq

“MƏQSƏDİMİZ DÜNYAYA NÜMUNƏVİ OLİMPİYA OYUNLARI KEÇİRMƏYƏ QADİR OLDUĞUMUZU GÖSTƏRMƏKDİR”

00:02 / 12.04.2012
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi yeddi nəfərdən ibarət nümayəndə heyəti aprelin 14-ü Moskvada keçiriləcək Milli Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcək. Bu haqda Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva məlumat verib.
Nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, AFFA-nın baş katibi Elxan Məmmədov və “Bakı-2020” kommunikasiya direktoru Nərgiz Birk-Petersen daxildir.
M.Əliyeva Rusiyanın paytaxtı Moskvada 1000 nəfər nümayəndənin iştirak edəcəyi Assambleyada Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinə dair təqdimatla çıxış edəcək.
“Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva Azərbaycanın Moskvada yüksək səviyyəli nümayəndə heyətilə təmsil olunmasını əlamətdar hadisə kimi qiymətləndirib:
“Dünya Olimpiya ictimaiyyətinin ən mühüm toplantısı olan Assambleyada xanım Mehriban Əliyevanın Bakının 2020-ci il Olimpiya Oyunlarına dair təqdimat etməsi bizim üçün böyük şərəfdir. Mehriban xanımın nümayəndə heyətində iştirakı Azərbaycan hökumətinin və xalqının bizim namizədliyi tam dəstəkləməsinin göstəricisidir. Azərbaycan xalqının 95%-nin “Bakı-2020” layihəsini dəstəkləməsi və Mehriban Əliyevanın təqdimatı bizim namizədliyin uğurlu olacağına inamımızı artırır”.
Sonra K.Nurullayeva deyib:
“2020-ci il Oyunlarına namizədliyimizin irəli sürülməsində məqsədimiz Olimpiya Oyunları vasitəsilə ölkəmizdə idmanın inkişafını sürətləndirmək, sağlam həyat tərzini təbliğ etmək, yaşayış keyfiyyətini yüksəltmək, gələcək nəsillər üçün möhtəşəm idman infrastrukturu mirası qoymaq və dünyaya nümunəvi Olimpiya Oyunları keçirməyə qadir olduğumuzu göstərməkdir”.
Bakının bu prosesdə üstünlüklərini vurğulayan K.Nurullayeva qeyd edib:
“Bakının iqlimi beynəlxalq idman yarışları üçün çox əlverişli şərait yaradır. Paytaxtımız və bütövlükdə ölkəmiz zəngin mədəniyyət, gözəl təbiət və qədim tarixə malikdir. Bundan başqa, əksər dünya ölkələrinin iqtisadi böhran vəziyyəti yaşadığı dövrdə ən sürətli iqtisadi inkişaf göstəricilərinə malik Azərbaycanın paytaxtı Bakının namizədliyini irəli sürməsi məntiqlidir.
Olimpiya və Paralimpiya Oyunları Bakıda keçirilərsə bu həm Bakı və Azərbaycanın inkişafına dəstək olar, həm də, beynəlxalq Olimpiya Hərəkatının genişlənməsinə səbəb olar. Bizim namizədliyimizin şüarı olan “Birlikdə Bacararıq” ifadəsi Azərbaycanın beynəlxalq Olimpiya ictimaiyyəti və bütovlükdə dünya ölkələri ilə dostluq və əməkdaşlığın inkişafına olan istəyimizi nümayiş etdirir. “Bakı-2020” Sifariş Kitabında təqdim etdiyimiz olimpiya infrastrukturu isə ölkəmizin və regionun gələcək idman ehtiyaclarını tam ödəyəcək. Olimpiya Oyunlarından sonra bizlərə miras qalan yeni idman müəssisələri isə əhalimizin istifadəsinə veriləcək, çoxsaylı beynəlxalq idman tədbirlərinin müasir səviyyədə təşkilinə imkan verəcək”.
Təşkilat Komitəsinin icraçı direktoru, Bakının Olimpiya iddiasına böyük ümid bəslədiyini və Bakının timsalında Olimpiya Oyunlarının səmərəli və məsuliyyətlə təşkil olunaraq bütövlükdə cəmiyyətin inkişafına ciddi təkan verəcək geniş miqyaslı sosial investisiya olacağına inandığını vurğulayıb.



Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar