12px14px16px18px

Vaqif Sadıqov: “Növbəti mövsüm ən yüksək yerlər uğrunda yarışmaq olar”

11:57 / 07.04.2012
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov özünə yeni iş yeri tapib. Mütəxəssis AZAL klubuna baş məşqçi təyin edilib. V.Sadıqovla iki illik müqavilə imzalanıb. Vaqif Sadıqovun köməkçilərindən biri artıq məlumdur. Bu, Şakir Qəribovdur.
AZAL klubunun yeni baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytına müsahibə verib.


– Əvvəlcə sizi təyinatınız münasibəti ilə təbrik edirik.
– Təşəkkür edirəm.
– AZAL klubuyla danışıqlara nə vaxt başlamışdınız?
– Danışıqlar son iki-üç gündə, klub Rafiq Mirzəyevlə yolları tam ayırdıqdan sonra oldu. Klubun prezidentiylə müzakirələrdən sonra AZAL-ı qəbul etdim. AZAL-ın potensialı var. Hesab edirəm ki, burada mübariz bir komanda yaradıb növbəti mövsüm ən yüksək yerlər uğrunda yarışmaq olar.
– Bu mövsüm üçün AZAL-ın mükafatçılar sırasında olmayacağı dəqiqdir. Bəs, növbəti mövsümdə komandanın qarşısına hansı vəzifələr qoyulub?
– Hələlik konkret məqsəd qoyulmayıb. Klubun prezidenti Zaur Axundovla söhbətimizdə də belə bir fikrə gəldik ki, ən yüksək yerlər uğrunda yarışan bir komanda yaratmalıyıq. Bir daha deyirəm, komandanın buna potensialı var. Hesab edirəm ki, doğru istiqamət götürsək, məqsədlərimizi həyata keçirməyə qadir olan komandaya yarada bilərik.
– Bəs, qarşınıza bu mövsüm üçün hansısa vəzifə qoyulub, yoxsa?
– Mən son altı oyunda komandayla yaxından tanış olmalıyam. Müəyyən cizgiləri müəyyənləşdirməliyəm ki, növbəti mövsüm üçün planlarımızı dəqiq bilək.
– Yəni demək olar ki, növbəti altı oyun sizin üçün sırf komandanın oyunuyla yaxından tanışlıq olacaq?
– Bəli.
– Köməkçilərinizdən biri artıq məlumdur, Şakir Qəribov. Bəs, digər məşqçilər kim olacaq?
– Qarşıdakı altı oyunu bu heyətlə çalışacağıq. Bundan sonra müzakirələr aparıb seleksiyaçı məşqçidən tutmuş qapıçılarla işləyən çalışdırıcıya qədər hamısını tam tərkibdə müəyyənləşdirəcəyik.
– AZAL-ın futbolçularıyla münasibətləriniz varmı?
– Mənim indiyədək çalışdığım komandalarda futbolçularla pis münasibətim olmayıb. AZAL-dakı futbolçuların böyük əksəriyyəti ilə tanışlığım yoxdur. Bu gün (dünən-red.) futbolçularla tanışlıq oldu. İnanıram ki, aramızda qarşılıqlı isti münasibətlər yaranacaq. Hər şeydən əvvəl biz hamımız işimizə peşəkar səviyyədə yanaşmalıyıq.
– Komandanın heyətində dəyişikliklər etməyi nəzərdə tutursunuz?
– Bunu indidən demək tezdir. Əsas odur ki, komandanın potensialı var. Ola bilər ki, rəqabəti gücləndirmək üçün hansısa mövqeyə futbolçular gətiriləcək. Amma bu haqda qəti qərarı yalnız çempionat bitdikdən sonra verəcəyəm.
– Növbəti mövsümdə heyətdə daha çox yerli, yoxsa əcnəbi futbolçular çoxluq təşkil edəcək?
– Mən bu dəqiqə yeni komandamla tanış deyiləm. Qarşıdakı altı oyundan sonra hər şeyə aydınlıq gələcək. Komandanı mövsümün sonlarında qəbul etmişəm. Kollektivlə yaxından tanış olduqdan sonra sualınıza cavab verə bilərəm.
– AZAL-ın infrastrukturu sizi nə dərəcədə qane edir?
– Komandanın təlim-məşq bazası, stadionuyla yaxından tanış oldum. İnfrastruktur məni tam razı salır. Bu, bizə yüksək yerlər uğrunda yarışan mübariz komanda yaratmağa imkan verəcək.



Bu yazı ( 46 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar