12px14px16px18px

Beynəlxalq qurumun prezidenti ölkəmizi fərqləndirdi

AZAD RƏHİMOV: “FİDE-nin 198 ÜZVÜ ARASINDA AZƏRBAYCAN YEGANƏ ÖLKƏDİR Kİ, ŞAHMATIN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI İMZALANIB” ELMAN RÜSTƏMOV: “ŞAHMAT TACINI ÖLKƏMİZƏ QAYTARMAQ NİYYƏTİNDƏYİK”

00:36 / 04.04.2012
2013-cü ilin martında Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək şahmat tacına iddiaçılar turniri ilə bağlı müqavilə sənədlərinin imzalanma mərasimi keçirilib. Dünən “Hilton Baku” otelində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, sonra isə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə “AGON Limited” şirkətinin rəhbəri Endryu Polson müqaviləyə imza atıblar. E.Rüstəmov, bu sənədin geniş və əhatəli olduğu haqda məlumat verib: “Burada iki aspekt nəzərdə tutulub. Bunlardan biri uzunmüddətli əməkdaşlıq strategiyasının müəyyənləşdirilməsidir. Bura FİDE ilə Prezident Kuboku, Qran Pri kimi geniş miqyaslı turnirlərin keçirilməsi, təhsil və s. daxildir. Son illər bu istiqamətdə xeyli iş görülüb. İkinci aspekt 2013-cü ildə baş tutacaq namizədlər turniri barədədir. Bu turnirin keçirilmə prinsipləri sənəddə əks olunub”. FİDE prezidenti Kirsan İlyumjinov mərasimdə Azərbaycanın şahmatın populyarlaşmasına böyük dəstək verdiyini bildirib: “Mən Azərbaycan Şahmat Federasiyasına, Gənclər və İdman Nazirliyi, xüsusilə də Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Çünki FİDE-yə üzv olan 198 ölkə arasında Azərbaycan Prezidenti İlham Əliyev dünyada yeganə prezidentdir ki, dövlət proqramı imzalayıb”. Qurum rəhbəri iddiaçıların turnirinə ev sahibliyi etmək üçün Azərbaycan və Bolqarıstanın namizədliyini verdiyini yada salıb. O, yarışın ölkəmizdə keçirilməsi üçün etiraz edən Levon Aronyanın açıq məktubuna münasibətini açıqlayıb: “Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarındandır. Onun iddiaçılar turnirində də ölkənizi layiqincə təmsil edəcəyinə ümidvaram. Sifariş ərizələri Azərbaycan və Bolqarıstanla yanaşı, AGON-dan gəldi. Prezident Şurasının iclasına bir neçə gün qalmış Levon Aronyanın ultimatum xarakterli bəyanatı yayıldı. FİDE belə ultimatumları qəbul etmir. Bu məktuba şurada baxılmadı. Bu, beynəlxalq olimpiya xartiyasına zidd, siyasi sərhədləri keçən ultimatum idi. Rəcəbovla Aronyan qarşılaşsa, biz Elistanı – mənim doğma şəhərimi təklif etməyə hazırıq”. FİDE prezidenti yalnız ölkələrin şərtlərinə baxıldığını və şuranın Bakı və Londonu dəstəklədiyini vurğulayıb: “Bütün təklifləri nəzərə alaraq turnirin gələn il Londonda keçirilməsinə qərar verdik. SOCAR-a da təşəkkür edirəm. Bu, yaddaqalan olay olacaq. SOCAR isə layiqli reklam imici qazanacaq”. Daha sonra AŞF prezidenti Elman Rüstəmov bildirib ki, iddiaçılar turnirində iştirak edəcək azərbaycanlı beynəlxalq qrossmeyster Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarındandır: “Biz şahmat tacını Azərbaycana qaytarmaq niyyətimizdən heç vaxt əl çəkmirik. Rəcəbovun bu yarışda çıxışı üçün xüsusi plan hazırlanacaq. Bu iş Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçiriləcək. Onun iddiaçılar turnirində uğurlu çıxışı üçün hər şeyi edəcəyik”. Gənclər və idman naziri Azad Rəhimov Teymur Rəcəbovdan uğur gözlədiklərini söyləyib: “Teymur hazırda planetin 10 ən güclü şahmatçısı arasında 5-ci pillədədir. Bu, həqiqətən də Rəcəbovun yüksək səviyyəli şahmatçı olmasını sübut edir. Bütün turnirlərdə biz ona inanırıq. Teymur iddiaçılar turnirinə də ciddi hazırlaşmalıdır. Biz də onun uğurlu çıxışı üçün əlimizdən gələni edəcəyik”. Nazir ölkəmizdə şahmatın inkişafı istiqamətində görülən işlərdən də danışıb: “FİDE-nin 198 üzvü arasında Azərbaycan yeganə ölkədir ki, “Şahmatın inkişafına dair Dövlət Proqramı” imzalanıb. Ölkəmizdə şahmatın inkişafı istiqamətində böyük işlər görülür. Bu imzalanma da böyük proqramın bir mərhələsidir. Nazirliklə federasiya bu layihədə vahid qurum kimi çıxış edib. Dövlət Neft Şirkəti ilə birgə çoxlu müzakirə apardıq. Bu, birgə qərarımızdır. İnanırıq ki, belə layihələr Azərbaycanda şahmatın gələcəyi üçün böyük rol oynayacaq. Federasiya, nazirlik və Milli Olimpiya Komitəsi bir ailə kimi çalışır. İdmandakı nailiyyətlərimiz də birgə fəaliyyətimiz nəticəsində mümkün olub”. Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də fikirlərini bölüşüb: “SOCAR daim idmanın inkişafında böyük tədbirlərdə iştirak edir. Biz də şahmat tacının Azərbaycana gətirilməsini istəyirik. Bu istiqamətdə əlimizdən gələn hər şeyi edəcəyik”. O, rəhbəri olduğu şirkətin 2013-cü ilin martında Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunacaq şahmat tacına iddiaçılar turnirinə sponsorluğunun əhəmiyyətindən söz açıb: “Biz SOCAR-dan çox şahmatın tanınmasına çalışırıq. Amma Böyük Britaniyada şirkətimizin tanınmasında bu addımımızın böyük rolu olacaq”. Turnirin təşkilatçısı “AGON Limited” şirkətinin rəhbəri Endryu Polson məhz London variantına üstünlük vermələrinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, əslində Azərbaycanla Ermənistan arasında seçimin edilməsi mükafat fondunun artırılması baxımından maraqlı olardı: “Bir ay öncə FİDE ilə təqvimin ilkin variantı üzərində danışıqlara başladıq və bir həftə əvvəl yekun təqvimi təqdim etdik. İlkin cavabdehliyim ondadır ki, kommersiya baxımından bu turnirlərin keçirilməsində nizam-intizam olmalıdır. Bu baxımdan, qərara gəldik ki, belə yarışlar Avropanın böyük şəhərlərində keçirilsin. Ən əsas səbəb odur ki, böyük korporasiyalar, diplomatik nümayəndəliklər nəhəng şəhərlərdə yerləşir. Bu da strateji baxımdan əhəmiyyətlidir. Həm də regional sponsorların iştirakını təmin etmək vacibdir. Tarixi köklərə qayıtmaq da əsas məqsədimiz idi. Bundan sonra növbə Şimali Afrika və ərəb ölkələrinindir. Sonrakı mərhələlərdə tədricən digər qitələrə üz tutacağıq. Bu da bütün dünyada belə tədbirlərin təşkili baxımından çox vacibdir. Bakıda da belə tədbirlərin keçirilməsi nəzərdə tutulub və Azərbaycan digər ölkələrdə keçirilən yarışlarda öz şahmatçılarının iştirakını təmin edir”. Qeyd edək ki, iddiaçıların turniri gələn il martın 13-31-də keçiriləcək.









Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar