12px14px16px18px

Əfran İsmayılov: “Ən güclü hücum xətti “Neftçi”də yox, “Qəbələ”dədir”

13:15 / 30.03.2012
“Qarabağ” klubunun  yarımmüdafiəçisi  Əfran İsmayılovun  Qol.Az saytına müsahibəsi

– Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində təkrar görüşdə “Qəbələ”ni qəbul etdiniz. “Qarabağ”ın bu oyunda qalib gələcəyi və bol qollu bir matç gözlənilsə də, bu baş vermədi...
– Biz qol vuraraq qələbə qazanmasaq da, ən əsası növbəti tura keçməyi bacardıq. Qarşımıza qoyulan məqsədlərdən biri də qapımızın toxunulmamazlığını saxlamaq idi. Şükürlər olsun ki, istəyimizə nail olduq. Qarşıda bizi bundan da çətin oyunlar gözləyir. Çalışmalıyıq ki, həmin qarşılaşmalara daha yaxşı hazırlaşaq.
– Birinci hissədən fərqli olaraq, fasilədən sonra “Qarabağ” daha ürəkli futbol nümayiş etdirdi. Səncə, buna səbəb nə idi?
– Ola bilər, bu, birinci hissədə bir az ehtiyatlı oynamağımızdan irəli gəlirdi. Çünki “Qəbələ”nin güclü bir hücum xəttinə malik olmasını yaxşı bilirdik. İkinci yarıda qol vuraraq üstünlüyü ələ almaq barədə düşündük. Buna çox çalışsaq da, istəyimizə nail ola bilmədik. Lakin hər kəs gördü ki, rəqibdən fərqli olaraq üstünlük bizim tərəfimizdəydi. Ardı-arda təhlükəli epizodlara girirdik. Sadəcə olaraq, qol vurmağımız nəsib olmadı.
– Sənin özün birinci yarıda heç nə ilə yadda qalmadın. Lakin ikinci hissədə tam əksinə, çox fəal idin. Bunu nə ilə izah edərdin?
– İlk yarıda komanda olaraq biraz ehtiyatlı oynayırdıq. Daha çox müdafiəmizi fikirləşirdik. Ona görə də istədiyim reydləri həyata keçirmək çətin olurdu. Lakin ikinci hissədə “Qarabağ” tam başqa oyun nümayiş etdirməyə başladı. Bütün komandayla birgə hücuma keçir, lazım olan anda müdafiə olunurduq. Elə ən təhlükəli qol epizodlarımız da bundan sonra baş verdi. Hətta bir dəfə mənim ötürməmdən sonra komanda yoldaşım Vaqif Cavadovun zərbəsi dirəyə tuş gəldi.
– Yəqin sən də razılaşarsan ki, “Qəbələ” əvvəlki iki oyuna nisbətən daha zəif təsir bağışladı...
– Zəif deyəndə ki, hər iki komanda ehtiyatlı oyuna üstünlük verir və erkən qol buraxmaq istəmirdi. Çünki buraxdığın bir səhv nəticəsində yarımfinalla vidalaşa bilərdin. Məhz buna görə nə “Qəbələ”, nə də biz ilk hissədə tam açıq futbola üstünlük verdik. Onların taktiki gedişlərini əvvəlcədən “oxuya bilmişdik”. Rəqibimiz özünə qapanıb daha çox əks hücum və standart vəziyyətlərdən yararlanmaq məqsədi güdürdü. Bu da onlarda alınmadı.
– Unibank Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda “Neftçi”ni qəbul edəcəksiniz. Bu qarşılaşmada hansı nəticəyə ümid edirsən?
– Rəqibimiz turnir cədvəlində liderliyini sürdürməkdə davam edir. Hər bir komanda onların gücünə yaxşı bələddir. Hazırda bizi də beş xal fərqiylə üstələyirlər. Lakin buna baxmayaraq, “Qarabağ”ın yaxşı formada olması bizi ümidləndirir. Çox böyük səbirsizliklə bu görüşü gözləyirik. İnşallah doğma meydanda var gücümüzlə çalışacağıq ki, üç xalı qazanan tərəf biz olaq.
– Bir çox komanda yoldaşının hələ də çempion olacağınıza inamı azdır. Lakin “Neftçi”ni məğlub etsəniz xal fərqi ikiyə enəcək. Bəs sən necə düşünürsən?
– Ola bilər ki, çempionluq haqda əvvəlcədən fikirləşsək, oyunlara yaxşı köklənə bilmərik. Ona görə də, ancaq rəqiblərimizi məğlub etmək haqda düşünürük. Mənim fikrimcə, çempionluq haqda çempionatın bitiminə 2-3 tur qalmış danışmaq olar.
– Amma nəzərə alın ki, “Qarabağ” azarkeşləri çempionluğa inamsız olmağınızdan narazıdırlar...
– Onları başa düşürəm. Çünki çoxdandır “Qarabağ” çempion ola bilmir. Məni tanıyanlar da, rastıma çıxan azarkeşlər də çempion olmağımızı istədiklərini söyləyirlər. Biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, onların arzusunu ürəyində qoymayaq. Lakin bunu da başa düşməlidirlər ki, futbolda nəyisə öncədən demək çətindir.
– “Neftçi”nin heyətində Flavinyo, Bahadır Nəsimov kimi futbolçular var. Flavinyo bu mövsüm “Qarabağ”ı udduqları hər iki oyunun qəhrəmanı olub, Bahadır Nəsimov çempionatın bombardiridir. Həmçinin, növbəti rəqibiniz bu mövsüm ən çox qol vuran komandadır.
– Adlarını çəkdiyiniz futbolçular həqiqətən də güclüdülər. Ələ düşən fürsətlərdən istifadə etməyi bacarırlar. Lakin mənim fikrimcə, Azərbaycanın ən güclü hücum xəttinə malik klubu “Neftçi” yox, “Qəbələ”dir. Əgər “Qəbələ”ylə başabaş mübarizə apara biliriksə, niyə də “Neftçi“ylə oyunda da bunu etməyək? Niyə onlardan çəkinməliyik? Biz “Neftçi”dən heç nəyə görə zəif deyilik.
Əli HƏYATİ










Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar