12px14px16px18px

“Bakı “İnter”i üçün ən təhlükəli rəqib “Barselona”dır”

09:58 / 28.03.2012
“İnter” klubunun müdafiəçisi  Valeri Abramidzenin  Qol.Az saytına müsahibəsi

– “Qəbələ” ilə çempionatın oyununda bir xal qazanmağa yaxın olsanız da, qarşılaşmanın sonlarına yaxın top buraxıb məğlub oldunuz...
– Nə demək olar, çox çətin oyun idi. Rəqib ikinci topu rəqib qapımıza aut atışından vurdu. Açığı, belə kobud səhv edəcəyimizi gözləmirdim. Lakin “Qəbələ” də həmin gün ən yaxşı oyunlarından birini keçirdi. Yəqin ki, hesab bərabər olan zaman komanda bir az rahatlaşdı. Bunun nəticəsi kimi məğlubiyyətdən qaça bilmədik.
– Birinci qol sənin səhvindən vuruldu. Bu barədə nə deyərdin?
– Onsuz da qol kiminsə səhvindən sonra olur. Ola bilməz ki, bu, bir insanın səhvi olsun. Bütün komanda səhvə yol verdi. Bir də ki, səhvsiz insan olmur. Hər kəs səhv edə bilər. Hamı vurulan və buraxılan qollarda iştirakçı sayılır.
– Artıq neçə turdur ki, hesabı bərabərləşdirsəniz də, məğlub olursunuz. Sanki heç-heçə sizi qane edir.
– Bilirsiniz, biz komanda olaraq hər bir oyuna birinci qarşılaşma kimi çıxırıq. Sadəcə olaraq, oyun zamanı vəziyyət belə gətirir. Hər şey hər zaman istədiyin kimi ola bilməz.
– “İnter” uzun müddət məğlubiyyətsiz seriyanı davam etdirsə də, son dörd turda bir xal belə qazana bilməyib.
– Bunu izah etmək çox çətindir. Lakin nəzərə almaq lazımdır ki, artıq ilk “altılıq”da mübarizə aparırıq. Rəqiblərimizin beşi də çox güclüdür. Hər biri meydanda sona qədər var gücüylə mübarizə aparır. Heç bir komanda uduzmaq istəmir.
– Kubok oyunu çərçivəsində “Xəzər Lənkəran”la təkrar görüşünüz baş tutacaq. İlk oyunda 3:2 hesabı ilə qalib gəldiyinizdən səfərə heç-heçə dalınca getdiyinizi söyləmək olar?
– Əlbəttə. Heç-heçə növbəti mərhələyə çıxmaq üçün bizi qane edir. Lakin meydana təkcə heç-heçə etmək üçün çıxmaq çox təhlükəlidir. Çünki həmin oyun çox ağır olacaq. Mən deyərdim ki, 60 faiz şans “Xəzər Lənkəran”ın tərəfində olacaq. Amma hər şeyə rəğmən “döyüşəcəyik”.
– Turnir cədvəlində artıq üçüncü pilləyə yuvarlanmısınız. Belə davam etsə, çempion olmaq şanslarınızın azalacağını düşünmürsən?
– Məncə, hələ heç nə itirilməyib. Hələ cəmi üç tur geridə qalıb. Hələ qarşıda bir-birindən çətin daha yeddi qarşılaşma var. Bir sözlə, hər şey öz əlimizdədir.
– Çempionluq yolunda “İnter” daha çox hansı rəqibindən çəkinir?
– “İnter” üçün ən təhlükəli rəqib “Barselona”dır (gülür). İlk “altılıq”da iştirak edən komandaların səviyyəsi eynidir. Sadəcə, hansı komanda daha çox hazırlıqlı olsa, qələbə qazanacaq. Yəni heç bir rəqibimizdən qorxmuruq.
– Avrokuboklara vəsiqə qazanmaq şansınızın ölkə kubokunda, yoxsa Unibank Premyer Liqada real görünür?
– Rəhbərlik qarşımıza elə bir məqsəd qoymayıb ki, yalnız kubokdan və ya çempionat oyunundan vəsiqə qazanmalısınız. Məqsədimiz bütün yarışlarda maksimum nəticə əldə etməkdir. Sonra necə olacaq, onu gələcək göstərəcək.
Əli HƏYATİ




Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar