12px14px16px18px

Biçər Foqtsla görüşündən danışdı

00:34 / 01.03.2012
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts millimizin təlim-məşq toplanışı və yoldaşlıq oyunlarını izləmək üçün BƏƏ-yə getmiş Unibank Premyer Liqası klublarının çalışdırıcıları ilə görüşüb. Millinin baş məşqçisinin köməkçisi Nazim Süleymanov, baş məşqçilər – Fuad İsmayılov (“Kəpəz”), Qurban Qurbanov (“Qarabağ”), Bəhmən Həsənov (“Rəvan”), Rafiq Mirzəyev (AZAL), Cüneyt Biçər (“Xəzər Lənkəran”), Kaxaber Sxadadze (“İnter”) və Bernhard Raabın (“Sumqayıt”) iştirak etdiyi görüşdə milli komandanın və klublarımızın məşq prosesi, futbolçuların hazırlıq səviyyəsi, ümumilikdə, Azərbaycan futbolu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. “Üç gün ərzində milli komandanın Dubay toplanışında iştirak etdik. Millinin iki məşqini və Hindistanla oyununu izlədik. Futbolçuların əhval-ruhiyyəsi yaxşı idi. Bu da onunla bağlıdır ki, Bakıdakı soyuq havadan sonra Dubayın isti iqlim şəraiti insana yaxşı tərəfdən təsir edir. Ümumi götürdükdə şən əhval-ruhiyyədə bir toplanışın keçdiyini gördüm”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandanın Dubay toplanışından qayıdan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər deyib. Biçər millinin baş məşqçisi Berti Foqtsla görüşündən də söz açıb: “Berti Foqtsla Azərbaycan futbolu haqda fikir mübadiləsi apardıq. Milli komanda üçün daha yaxşı nələri edə biləcəyimizi müzakirə etdik. Buna baxmayaraq, çox uzun söhbət etməyə vaxtımız olmadı. Çünki toplantı az sürdü”.
“Dubay toplanışının sizə nə kimi faydası dəydi” sualına cavabında C.Biçər deyib ki, bunu irəlidəki zaman göstərəcək: “Bu, mənim üçün təcrübə idi. Bu toplanışda iştirakımın mənə nə faydası dəydiyini isə gələcəkdə görəcəyik. Hər halda istənilən təcrübə insana yaxşı tərəfdən nələrisə verir”. “Xəzər Lənkəran”ın baş məşqçisi millinin toplanışında olan komandasının futbolçuları ilə də maraqlanıb: “Kamran Ağayevin Hindistana qarşı oyununu izlədim. Elnur Allahverdiyev isə zədəli olduğu üçün baş məşqçidən icazə alaraq Bakıya döndü. Elnur rentgen müayinəsindən keçəcək. Günün sonunda onun zədəsinin ciddi olub-olmadığı bizə məlum olacaq. Digər futbolçular – Rahid Əmirquliyev və Subaşiç isə məşqlərdə özlərini yaxşı tərəfdən göstərirdilər. Onlarla söhbət edim. Heç bir problemlərinin olmadıqlarını dedilər”.
Türkiyəli mütəxəssis Unibank Premyer Liqanın XXII turunda səfərdə qarşılaşacaqları “Sumqayıt”la oyuna da toxunub: “Bir neçə günlük fasilədən sonra bu gün komandamı görəcəyəm. Məşqçilər “Xəzər Lənkəran”da hər şeyin qaydasında olduğunu bildiriblər. Elnurdan savayı heç bir zədəli futbolçumuz yoxdur. Sonuncu turdakı uğursuzluğu unutmaq istəyirik. İnşallah, “Sumqayıt”a qalib gəlməklə qələbə seriyamıza yenidən başlayacağıq”.




Bu yazı ( 139 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar