12px14px16px18px

London Olimpiadasında Azərbaycan idmançıları möhtəşəm geyimdə olacaq

10:43 / 29.02.2012
Bu il Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının geyimlərini dünya şöhrətli İtaliya modelyeri Ermanno Şervino hazırlayacaq.
Dünən “Hilton Bakı” mehmanxanasında keçirilən təqdimetmə mərasimində Ermanno Şervinonun adını daşıyan moda evinin rəhbəri Toni Şervino bu haqda fikirlərini bildirib. Onun sözlərinə görə, kostyumlar İtaliyada çox yüksək keyfiyyətlə hazırlanacaq. Qonaq bildirib ki, moda evi bədənin nəfəs alması üçün geyimləri ideal səviyyədə tikəcək. Bu geyimlər həm də qlamur stili ilə seçiləcək: “Paltarların tikilməsi zamanı əsas diqqəti keyfiyyətə yönəltmişik. Çünki Azərbaycan tərəfi bizim qarşımızda çox böyük şərtlər qoyub”.
Rusiyanın 2008-ci ildə Olimpiya komandasının formasının rəhbərlik etdiyi moda evi tərəfindən hazırlandığını diqqətə çatdıran Toni Şervino mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağının, gerbinin, bir sözlə, milli atributlarının yüksək səviyyədə əks olunduğunu söyləyib: “Azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda, onları daha maraqlı və özünəməxsus şəkildə ifadə edəcəyik”.
Azərbaycanın paytaxtını gəzdiyini deyən T.Şervino, Bakının çox gözəl şəhər olduğunu, binaların memarlıq üslubunun onu valeh etdiyini vurğulayıb.
“London-2012”də Azərbaycan milli komandasının şef demissionu olacaq Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov isə çıxışında bildirib ki, hər bir ölkə Olimpiya Oyunlarında özünü yaxşı tərəfdən göstərməyi planlaşdırır: “Təbii ki, ilk növbədə nəticə önəmlidir. Lakin geyimlər də az əhəmiyyət daşımır. Olimpiya Oyunlarının açılış mərasimlərində keçirilən paradda hər ölkə komandasının televiziya ekranlarında ön planda göstərilməsi üçün müəyyən saniyələr ayrılır. Lakin geyimlər fərqlənəndə və yaxşı görünəndə bu müddət bir neçə saniyə artırıla bilər. Bizim Pekin Olimpiya Oyunları ilə müqayisədə belə bir dünya səviyyəli modelyerlə işbirliyi qurmağımız, eyni zamanda “Bakı-2020”yə hesablanıb. Bununla Olimpiya Oyunlarına iddiamızın təbliğatını da həyata keçiririk. Komandamızın geyimləri Londonda fərqlənəcək və ən yaxşılardan olacaq”.
Sonra Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının geyimlərinin dizaynı nümayiş olunub.





Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar