12px14px16px18px

“Millidə elə futbolçular var ki, çox böyük səhvləri olub”

10:41 / 29.02.2012
“Bakı”nın futbolçusu Elvin Əliyevin Qol.Az saytına müsahibəsi

– Klubunda əsas heyətdə oynasan da, Berti Foqts hələ də səni milli komandaya çağırmır. Artıq millidən əlini üzdüyünü demək olar?
– Üç ildən artıqdır ki, Berti Foqts məni millidən kənarda saxlayır. Foqtsdan soruşmaq lazımdır ki, niyə Elvini yığmaya çağırmırsan. Bəlkə onda sizə maraqlı bir cavab verə. Onda mənə də aydın olar ki, niyə çağırmır. Mən yaxşı formada olanda belə dəvət göndərmirdi.
– Səninlə yanaşı Vaqif Cavadov və Maksim Medvedyevə də dəvət göndərilmir.
– Onlarla məni müqayisə etmək düzgün olmazdı. Çünki adını çəkdiyiniz futbolçular Berti Foqtsun rəhbərliyi altında forma geyiniblər. Loru dildə desək, Berti Foqts mənim üstümdən birdəfəlik xətt çəkib.
– Bəlkə aranızda güclü bir münaqişə olub, demək istəmirsən?
– Açığı, elə bir münaqişəmiz olmayıb. Təlim-məşq toplantısı zamanı xətrinə dəyən bir şey etməmişəmsə, niyə məndən inciməlidir ki. Bəlkə də məşq zamanı əlimdə su ilə qaçdığım zaman məndən inciyib. Xırda bir səbəbdən məşqçinin futbolçunu millidən uzaqlaşdırmağı nə dərəcədə doğrudur? Bizim aramızda prinsipial nəsə olmayıb. Mən məşqlərdə belə onun sözündən çıxmamışam. Mən bilirəm, millidə elə futbolçular var ki, çox böyük səhvləri olub, amma Foqts onları bağışlayıb.
Yəni hər kəsin səhvi ola bilər. Hər biri cavan olduqları üçün başa düşüləndir. Eləsi də var ki, Foqtsun cavabını belə qaytarıb. Yəni mən bunu adi, hamının başına gələ biləcək bir hal kimi qiymətləndirirəm.
– Berti Foqtsun rəhbərliyi altında millimizin Sinqapur, Hindistan, Fələstin kimi yığmalarla yoldaşlıq oyunu keçirməyini nə dərəcədə düzgün hesab edirsən?
– Həmin ölkələrlə də yoldaşlıq görüşü keçirmək olar. Lakin millimizi gələcəkdə Sinqapur, Fələstin kimi komandalarla vacib qarşılaşmalar gözləmir axı. İrəlidəki seçmə mərhələdə qrupumuzdakı rəqiblərimizə uyğun, nisbətən güclü komandalarla oyunda gücümüzü sınamalıyıq. Həm öz gücümüzün hazırda hansı səviyyədə olduğunu görər, həm də güclü rəqiblərə müqavimət göstərməyə alışardıq. Boş yerə yoxlama oyunu keçirməyin nə mənası var?
– Zəif rəqib hesab etdiyimiz Sinqapuru da məğlub edə bilmədik. Səncə səbəb nə idi?
– Ola bilər ki, Sinqapurla oyuna arxayın çıxıblar. Lakin bizim kimi futbolu inkişafda olan ölkəsinin komandası onları məğlub etməli idi. Ümumilikdə isə Sinqapur dünya futbol reytinqində itib-batan millidir. Mənim fikrimcə, onlarla yoldaşlıq görüşü keçirməyimiz belə bizim üçün çox ayıbdır.
– Azərbaycan yığmasının bir neçə milliləşdirilmiş legionerinin Sinqapurla oyunun gecəsi əllərində siqaret və içkiylə əylənmələrinə necə münasibət bildirərdin?
– Ufuk Budaq və Popoviçdən başqa digərləriylə münasibətim yaxşıdır. Onların çox yaxşı uşaqlar olduğunu əminliklə söyləyə bilərəm. Ancaq etdikləri hərəkətlərinə haqq qazandırmıram. Qələbə qazanandan sonra bu hərəkəti etsəydilər, bəlkə də, haqq qazandırmaq olardı. Onların oyundan sonra stressi atmaq üçün belə etdiklərini düşünürəm.
Əli HƏYATİ




Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar