12px14px16px18px

İlham Əliyev şimal bölgəsində oldu

03:43 / 25.09.2009
 
Dünən Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfər edib. APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Quba şəhərinin mərkəzindəki parkda Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstəsi qoyub. Dövlət başçısı sonra parkda aparılmış yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri ilə tanış olub. Daha sonra Qubada Heydər Əliyev Muzeyi üçün inşa edilən yeni binanın tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısına Muzeyin fondunun zənginləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, 2005-ci ildə yaradılan muzeyə gələn ziyarətçilərin sayı artmaqdadır. Təkcə cari ilin doqquz ayında muzeyi 17 min nəfər ziyarət edib. Bu ilin avqustunda təməli qoyulan yeni bina isə üçmərtəbəli olacaq. Prezident İ.Əliyev muzeyin inşası və tərtibatı ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Dünən həmçinin prezident İlham Əliyevin iştirakı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolununun açılışı olub.
İlham Əliyev Quba Müalicə-Diaqnostika Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib, səhiyyə ocağında yaradılmış şəraitlə tanış olub. Azərbaycan prezidenti Qubadakı soyqırımı məzarlığını da ziyarət edib. Dövlət başçısına məlumat verilib ki, bu məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kv/m-dir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq silah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı, ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də qətlə yetiriblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə, əsasən, yaşlı kişilərdir.
Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları burada 2007-ci il aprelin 8-dən 11-dək ilkin tədqiqat işləri aparıblar. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib. Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində ermənilər tərəfindən təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb.Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır. Prezident İlham Əliyevə məzarlıqda inşa olunacaq abidə kompleksinin layihəsi haqqında da məlumat verilib.
Dünən prezidentin iştirakı ilə Qubada “Şahdağ” Elektrik Stansiyasının açılışı da olub.
Qubaya səfərini başa vuran Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Qusar rayonuna səfər edib. Dövlət başçısı Qusar şəhərinin mərkəzindəki bağda ulu öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi qoyub.



Bu yazı ( 316 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar