“Eurovision” müsabiqəsinin siyasiləşdirilməsinə cəhd göstərilməsi qəbuledilməzdir”
01:42 / 26.05.2012
“Eurovision” Mahnı Müsabiqəsinin siyasiləşdirilməsinə cəhd göstərilməsi qəbuledilməzdir. Bunu APA-ya açıqlamasında İctimai Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Məhərrəm Zülfüqarlı deyib. Onun sözlərinə görə, ölkə vətəndaşları yarışma dönəmində Azərbaycanın imicinə xələl gətirən hərəkətlərin baş verməsinin qarşısını almağa çalışmalıdırlar. M. Zülfüqarlı “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının, Avropanın bəzi media qurumlarının Azərbaycan əleyhinə apardığı təbliğatı bu qurumların bağlı olduqları dairələrin maraqları ilə əlaqələndirib: “ Azərbaycan Ordusunun, iqtisadiyyatının, siyasi nüfuzunun güclənməsi regionda marağı olanlara sərf etmir. Onlar isə bu işi məhz beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirirlər. Ölkənin güclənməsi yalnız bizim, Azərbaycan vətəndaşlarının marağına uyğundur”. M.Zülfüqarlı eyni proseslərin həmişə seçki dövründə, ölkədə beynəlxalq səviyyəli tədbir keçirildiyi zaman baş verdiyini xatırladıb. “Azərbaycanın imicini yüksəldən “Eurovision” Mahnı Müsabiqəsinin keçirildiyi vaxtda bu tədbirin də mahiyyətini dəyişmək istəyirlər. Hər bir Azərbaycan vətəndaşı sayıq olmalıdır. Azərbaycan dövlətinin marağı var və biz də başqa dövlətlərin maraqlarına xidmət edən beynəlxalq təşkilatların əməllərinə dəstək verməli deyilik. Ölkənin demokratikləşməsi ilə bağlı proseslərdə iştirak edənlərə heç bir söz demək olmaz. Amma kiminsə sifarişi ilə Azərbaycanda problemləri qabartmaqla ölkəmizə qarşı təzyiqlərin artmasına dəstək vermək vətəndaş mövqeyi deyil. Əksinə, xarici ölkələrə işləmək kimi qiymətləndirilməlidir. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da problemlər var: Amma bu problemləri qabardıb Azərbaycana qarşı istifadə etmək ən azı nankorluqdur”. Vəhdət Partiyasının sədri Tahir Kərimli də “Eurovision” yarışmasının siyasiləşdirilməsinə mənfi yanaşır. Onun sözlərinə görə, bu tədbir Azərbaycan mədəniyyətinin təbliği, ölkənin tanıdılması üçün fürsət yaradıb: “Ancaq belə məqamda kəmfürsətlik etmək istəyən daxili və xarici qüvvələrin olması təəssüf doğurur. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar da bu işdə iştirak edir. “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom Hous” kimi beynəlxalq təşkilatların arxasında duran dövlətlər, erməni lobbisi Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır. Azərbaycan hakimiyyətinə təzyiq göstərmək üçün güclü müxalifət lazımdır, belə müxalifət isə yoxdur. Ona görə də belə yollara əl atırlar. Əhalisi müsəlman olan Azərbaycanın inkişafını da gözləri götürməyənlər çoxdur: Ona görə də “Eurovision” Mahnı Müsabiqəsinə kölgə salmağa çalışırlar”.
Bu yazı ( 187 ) - dəfə oxunmuşdur