12px14px16px18px

Xocalı qətliamına etiraz yürüşü

00:57 / 18.05.2012
 Dünən Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün fərqli üsul seçərək Ankaradan Bakıya piyada yürüş edən Qələndər Bayramlı ilə media nümayəndələrinin görüşü keçirilib. Qələndər Bayramlı 1954-cü ildə Türkiyənin Qars şəhərində anadan olub. Azərbaycan kökənli ailədə böyüyən bu insan hər zaman ürəyində Azərbaycan sevgisiylə yaşadığını dilə gətirib. “Ailəmiz 1910-cu ildə Türkiyəyə köçən azərbaycanlılardır. Ona görə ruhumla və qanımla Azərbaycana bağlıyam. 1981-ci ildə anadan olan qızımın adını Azər qoymuşam, o biri övladımın da adı Baycandır. İlk nəvəmin adını da Gəncə qoymuşam”. Xocalıda baş verən qətliama diqqət çəkmək üçün etiraz yürüşünə çıxan Q.Bayramlı Ankaradan martın 21-də yola çıxıb. “Xocalı işğal olunandan Novruz bayramını qeyd eləmirik. Bayram günü də bu yürüşə çıxdım. Məqsədim diqqəti üzərimə çəkərək Xocalı soyqırımını daha çox tanıtmaqdır. İki türk dövləti hər zaman bir-birinin yanındadır. Azərbaycanda əmin olsunlar ki, 75 milyon türkiyəli hər zaman onların yanındadır”. Xocalının erməni işğalından azad olmayınca hər il bu yürüşləri fərqli istiqamətlərə davam etdirəcəyini deyən səyyah gələcəkdə qrupla yürüşə çıxacağını istisna etmir. “Ancaq 1000 nəfər fərqli istiqamətlərə gedərsə, bu, 1000 səs deməkdir. Erməni torpaqlarımızdan çıxmayınca onlardan əl çəkmiyəcəm. Türk torpağı heç vaxt əsarətdə qala bilməz. Bunu ermənilər də yaxşı anlayırlar, törətdikləri vəhşilikləri də başa düşürlər. Səyahətim zamanı müxtəlif təhdidlərə məruz qaldım, amma heç nədən qorxmadan 2500 kilometrə qədər yol getdim”. Qələndər Bayramlı sonuncu dayanacağının Ağdam olacağını planlaşdırır. Ankaradan başlayan səyahət Kırıkkale, Yozqat, Sivas, Ərzurum, Ərzincan, İqdır, Naxçıvanı keçərək mayın 14-də Bakıda yekunlaşıb. “Hər yerdə, şəhərlərdə gəlişimdən xəbər tutub görüşümə gəlirdilər, məqsədimi deyirdim, insanlar mənə qarşı mehriban davranaraq süfrələrini, evlərinin qapılarını üzümə açırdılar. Yol boyu müxtəlif şirkətlər mənimlə əlaqə saxlamağa çalışaraq, sponsorluq etmək istədiklərini bildirsələr də, etiraz etmişəm. Çünki bu iş sponsorla edilərsə, hər kəs bu həvəsə düşəcək və səmimiyyətdən uzaq olacaq. Səyahətim zamanı öz şəxsi vəsaitimdən istifadə etmişəm. Bununla bağlı işdən 3 aylıq icazə istədim, amma vermədikləri üçün işdən çıxdım”. Uzun yolçuluq zamanı sağlamlığında az da olsa problemləri olan Qələndər Bayramlı 20 kiloqram arıqlayıb. “Xocalıda o qədər insan şəhid olub, mən onlardan artıq deyiləm ki” deyən vətənpərvər səyyah sinəsində Azərbaycan və Türkiyənin bayrağını yanaşı gəzdirir. Bu yaxınlarda “Əl-Cəzirə” kanalından Xocalı haqqında filmə çəkilmək üçün təklif alan səyyah qəbul etməyib. “Mənim bu səyahətimdən kimlərsə reklam vasitəsi kimi istifadə etmək istəsələr imkan verməyəcəyəm. Onsuz da istəyimə nail olmuşam. Gözlədiyimdən də çox diqqət mərkəzindəyəm”. Türkiyə mediası onun hər şəhərə girişini xəbər verərək Q.Bayramlını diqqətdə saxlayıb. Qeyd edək ki, Qələndər Bayramlı mühəndisdir. “Türkiyəyə qayıtdıqdan sonra ancaq qəzetlərlə işləyəcəm və Xocalı haqqında kitab yazacağam”. PƏRVİZ


Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar