12px14px16px18px

Qəhrəman döyüşçü İbad Hüseynovun tələbələrlə görüşü olub

“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ İGİD KƏŞFİYYATÇI QƏLƏBƏYƏ, QARABAĞIN TEZLİKLƏ AZAD EDİLƏCƏYİNƏ İNANDIĞINI BİLDİRİB

01:33 / 17.05.2012

Dünən Bakı Dövlət Universitetində cəsur kəşfiyyatçı, “Azərbaycan Bayrağı” ordenli Qarabağ döyüşçüsü İbad Hüseynovun tələbələrlə görüşü keçirilib. Universitetin tarix fakültəsinin dekanı Azad Rzayev fakültə adından qəhrəmana fəxri diplom təqdim edib. Sonra İbad Hüseynova həsr edilmiş “Kəşfiyyatçı” sənədli filmi nümayiş olunub. Filmdə İ.Hüseynovun kəşfiyyat və döyüş əməliyyatları zamanı göstərdiyi cəsarət və qəhrəmanlıq tərənnüm edilir.
İbad Hüseynov 1988-ci ildə ordu sıralarına çağrılıb. 1990-cı il yanvar hadisələrindən sonra 20 yaşlı İbad Sovet ordusu sıralarında xidmətdən imtina edərək vətənə qayıdıb və Qarabağda, doğma torpaqlar uğrunda döyüşlərə atılıb. Dəfələrlə uğurlu kəşfiyyat-diversiya əməliyyatları həyata keçirən İ.Hüseynov ən qəddar erməni terrorçularının, işğalçı dəstələrin komandirlərinin qənimi kimi tanınıb. İbad Hüseynovun qəhrəmanlıqlarının zirvəsi onun məşhur erməni terrorçusu, “Asala” liderlərindən olan Monte Melkonyanı öldürməsi sayılır. Daha sonra növbəti əməliyyatların birində ağır yaralanan İbad 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur və səhhətinə görə ordu sıralarından tərxis edilir.
Dünənki görüşdə İbad Hüseynovun komandiri Məhəmməd Qədirov çıxış edərək, cəsur kəşfiyyatçının döyüş yolundan, qəhrəmanlıqlarından danışıb: “İbad o zaman bizim üçün adi döyüşçü idi, lakin onun şücaəti, qəhrəmanlığı bütün dostlarına ruh verirdi ki, daima irəli getsinlər. Azərbaycan xalqının qəhrəman övladları çoxdur, onlardan biri olan İbad indi gözümüzün önündədir və əgər müharibə yenidən başlayarsa, İbad Hüseynov siz gənclərin önündə gedənlərdən olacaq”. M.Qədirov İbad Hüseynovun təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanındığını, sevildiyini qeyd edib. “Ermənilərin qəhrəmanı sayılan məşhur terrorçu Melkonyana Ermənistanda abidə qoyulanda bütün türk dünyası bu terrorçunu məhv edən qəhrəmanla maraqlanmağa başladı. Bu gün İbad Hüseynov bütün türk dünyasının qəhrəmanı sayılır”.
Universitetin müəllimi, Qarabağ döyüşçüsü Atamoğlan Qədirov diqqəti erməni terrorizminə yönəldərək onların Xocalıda, ümumən Qarabağda törətdikləri vəhşiliklərin qisasının İbad kimi igidlərin qəhrəmanlığı sayəsində qismən də olsa alındığını deyib: “Melkonyan kimi qatı terrorçuları məhv etməsi İbadın bu sahədəki ən böyük xidmətlərindəndir”.
Polkovnik-leytenant Akif Qasımlı da tələbələrə İbad Hüseynovun qəhrəmanlıqları, cəsur kəşfiyyatçının iştirakı, rəhbərliyilə həyata keçirilən əməliyyatların əhəmiyyəti barədə danışıb.
İbad Hüseynov haqqında “Xüsusi təyinatlı” adlı kitab yazan Sahib Şirinov bu gün gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb. “Heç bir şou və əyləncə bizə Qarabağ mövzusundan üstün olmamalıdır. Bu gün burda iştirak edən tələbələrin əhval-ruhiyyəsi də bizdə inam yaradır ki, torpaqlarımız erməni tapdağından azad olunması uğrunda mübarizədə mütləq qalib gələcəyik”.
Görüşün sonunda İbad Hüseynov ona göstərilən diqqətə görə universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkür edib, qələbəyə inandığını, Qarabağın, işğal edilmiş torpaqlarımızın tezliklə azad olunacağına ürəkdən inandığını bildirib.
Pərviz SADIQOV



Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar