12px14px16px18px

Ağcabədi Cümə məscidində Fatiməyi-Zəhra əleyhüssəlamın mövlud günü qeyd olunub

00:42 / 15.05.2012
Ağcabədi şəhər Cümə məscidində Məhəmməd peyğəmbər salavatullahın sevimli qızı Fatiməyi-Zəhranın təvəllüd günü ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirə dindarlar, o cümlədən gənclər və qadınlar qatılıb. Mərasimi giriş sözü ilə açan adıçəkilən Cümə məscidi dini icmasının rəhbəri Hacı Seyid Novruz Ağamiroğlu qeyd edib ki, dünyanın hər yerində olduğu kimi müstəqillikdən sonra respublikamızda da bu mübarək mövlud günü böyük ruh yüksəkliyi və təntənə ilə bayram edilir. Peyğəmbərimizin iftixarla “cənnət qadınlarının sərvəri” adlandırıldığı Xanım Zəhra (s) öz gözəl əxlaqı, mənəviyyatı, sədaqəti, mənalı həyatı ilə bütün qadınlar üçün əsl nümunəyə, örnəyə çevrilib. Onun adı islam tarixində həm istəkli peyğəmbər övladı, həm İmam Əlinin vəfalı həyat yoldaşı, həm də müsəlman dünyası üçün İmam Həsən və İmam Hüseyn kimi parlaq şəxsiyyətlər bəxş edən müqəddəs bir qadıntək böyük hörmətlə çəkilir. Odur ki, Fatiməyi-Zəhranın mövlud günü dünya müsəlmanları tərəfindən hər il qadınlar bayramı kimi qeyd olunur. Bu bayram əslində tək qadınların deyil, bütün müsəlmanların bayramıdır. S.N.Ağamiroğlu onu da vurğulayıb ki, digər islam bayram tədbirləri kimi Xanım Zəhranın mövluduna həsr olunmuş mərasimlər də müsəlmanların bir araya gəlməsində mühüm əhəmiyyət kəsb edir. Bu mübarək mövlud bizi daim birliyə, həmrəyliyə çağırır, dövlətimiz və onun rəhbərliyi ətrafında sıx birləşməyə səfərbər edir. Cümə məscidinin axundu Məşədi Mərdan Rzayev, dindarlardan, Hacı Məzahir İsmayılov , Kərbəlayi Zülfü Rüstəmov, Hacı Mirzə Rzayev, Hacı Seyid Həsən Kazımov, Hacı Adil Ağayev, Məşədi Elşad Şükürov və başqaları çıxış edərək Xanım Zəhranın mübarək mövludunun qeyd olunmasının əhəmiyyətindən danışıb, öz səmimi ürək sözlərini, təklif və mülahizələrini bildirib, mərasim iştirakçılarını, eləcə də bütün müsəlmanları əlamətdar gün münasibəti ilə təbrik ediblər. Sonra Məşədi Etibar Azadov tərəfindən gözəl avazla Fatiməyi-Zəhraya həsr olunmuş qəsidə ifa olunub, bayramla bağlı şeirlər səsləndirilib. Mərasimin sonunda sovet hakimiyyəti illərində repressiya və təzyiqlərə məruz qalan din xadimləri və dindarların xatirəsinə həsr edilmiş “Ağcabədi dindarları” adlı yeni kitab tədbir iştirakçılarına təqdim olunub.
Yəhya PAŞAZADƏ


Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar