12px14px16px18px

Bələdiyyələr kəndi necə inkişaf etdirə bilər?

00:08 / 15.05.2012
 
Adətən Bakıda əhalinin çox olmasını regionun daha az inkişaf etməsi ilə əlaqələndirirlər. Belə fikir səslənir ki, kəndlərdə iş yerləri olsaydı, insanlar bölgələrdən Bakıya axışıb gəlməzdi.
Qanunvericiliyə görə, kəndlərin inkişafında yalnız dövlət qurumları deyil, yerli özünüidarə orqanları olan bələdiyyələrin də xüsusi rolu var. Məsələn, Avtomobil yolları haqda qanunvericiliyə görə, bələdiyyələr ölkədə yol təsərrüfatının sahiblərindən biridir. Bu yollara şəhər, qəsəbə və başqa yaşayış məntəqələrinin daxilində yerləşən, bələdiyyələrin mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri və digər yol qurğuları aiddir.
Su qanunvericiliyinə əsasən, su obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət mövcud ola bilər. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri bələdiyyə mülkiyyətinə verilir.
“Lakin hazırkı qanunvericilik yerli səviyyədə içməli su təchizatının idarə olunması ilə bağlı nə dövlət, nə də bələdiyyə qurumları üçün dəqiq və sərt öhdəliklər müəyyənləşdirmir. Ona görə də yerli səviyyədə su infrastrukturunun həm bələdiyyələrin, həm də dövlətin mülkiyyətində saxlanması idarəetmədə ciddi qeyri-müəyyənliklər yaradır”. Bunu bələdiyyələr üzrə ekspert, Avrasiya Fondunun “Bələdiyyə xidmətində şəffaflıq” proqramının məsləhətçisi Abil Bayramov deyir.
 
SƏLAHİYYƏT VERİLİR, PUL YOX 
 
A.Bayramovun sözlərinə görə, “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsində yerli səviyyədə su təchizatının və kanalizasiya təsərrüfatının təşkili və saxlanması bələdiyyələrin əsas səlahiyyətləri sırasına daxil edilsə də, hökumət bu səlahiyyəti və onun icrası üçün vəsaitləri dövlət hakimiyyət orqanlarına həvalə edir. Halbuki, Yerli Özünüidarəyə dair Avropa Xartiyası, həm də bələdiyyələrin statusu haqqında qanunlara görə, yerli özünidarə orqanlarına verilmiş səlahiyyətlərin yerinə yetirilməsi üçün zəruri həcmdə maliyyə vəsaitləri ayrılmalıdır: “Lakin indiyədək kənd yollarının tikintisi, təmiri və saxlanması ilə bağlı bələdiyyələrə vəsait ayrılmayıb, dövlət büdcəsindən bu məqsədlə transfertlərin ayrılmasına dair hüquqi mexanizmlər yoxdur”.   
Elə bələdiyyələrin özləri də maliyyə ilə bağlı problemlərdən şikayətlənirlər. Salyan bələdiyyəsinin üzvü Rafiq Vəliyev deyir ki, əgər onlar vergilərin hamısını yığıb büdcəni formalaşdıra bilsələr, onda kəndin inkişafı, yerli infrastrukturun gücləndirilməsi istiqamətində xeyli iş görə bilərlər: “Əvvəllər torpaq satışından gəlirlər çox idi. Ona görə də böyük işlər görürdük. Park salmışıq, bulaqdan su çəkmişik, hətta yol asfaltlamışıq. İndi də asfaltlanmalı kənd yolları çoxdur. Amma hansısa məhəllə arası yolun asfaltlanmasına 10 maşın lazımdır. Bu da 15 min manat vəsait edir. Bu pulu xərcləmək üçün gərək ən azı 3 ay adamlara maaş verməyək”.
 
 
GƏLİR OLSA,  DAHA BÖYÜK İŞ GÖRƏRİK
 
R.Vəliyev hesab edir ki, pul olsa, bələdiyyələr öz səlahiyyətləri çərçivəsində kifayət qədər iş görə bilərlər. Sadəcə, yerli özünüidarə orqanlarının vergi yığımını təmin etmək lazımdır: “İndi əsasən əmlak vergisindən gəlir gəlməlidir. Amma burda da ciddi problemlər var. Məsələn, əksər rayonlarda evlər pensiyaçıların adınadır. Pensiyaçılar üçün güzəşt var, onlar əmlak vergisi vermir, torpaq vergisinin illik məbləği isə 1-2 manatdır. İndi bir sıra dükanlardan vergi yığılır, əksəriyyəti hüquqi şəxslərdir, bu vəsait də xırım-xırda işlərin sərf edilir. Yəni, iri tikinti aparmaq üçün vəsait çatışmır, büdcəmiz hesabına əsasən az təminatlı ailələrə kömək edirik, xeyir və şər məclislərinin təşkilinə yardım göstəririk, hardasa yolun bir hissəsini təmir edirik, konsertlər təşkil edirik. Yəni, bu tipli işlər çox görülür”.
Kənd Bələdiyyələr Assosiasiyasından isə bildirdilər ki, qanunvericiliklə bələdiyyələrin kəndin inkişafında iştirakı üçün kifayət qədər səlahiyyət nəzərdə tutulub. Həm Konstitusiyanın 144-cü maddəsi, həm də “Bələdiyyələrin statusu haqqında” qanuna görə, yerli özünüidarə orqanları sosial inkişaf proqramları, ekoloji və iqtisadi proqramlarda (dövlət proqramları nəzərdə tutulan səlahiyyətlər istisna olmaqla) iştirak edə bilərlər. Bələdiyyələr həmçinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələri binalarının saxlanması, yerli əhəmiyyətli yolların saxlanmasında iştirak edə bilərlər. Hazırda rayon və kəndlərdə bələdiyyələr əsasən məktəblərin idman meydançalarının inşası, məişət tullantılarının yığılması və daşınması, əhalinin içməli və suvarma su ilə təchizatı, elektrik dirəklərinin və qaz xətlərinin lokal təmiri ilə məşğul olurlar.
Assosiasiyadan da razılaşırlar ki, hazırda bələdiyyələrin öz səlahiyyətlərini icra etməsinə maliyyənin azlığı mane olur. Təşkilatın nümayəndəsi etiraf edir ki, onlar qanunvericilikdə nəzərdə tutulmuş vergi yığımını reallaşdıra bilmirlər və bu məsələdə əhalinin düzgün məlumatlandırılmaması ciddi rol oynayır: “İnsanlar gərək bilsinlər ki, qanunda müəyyən vergilər var ki, onları bələdiyyəyə ödəmək lazımdır. Bəzən bələdiyyə qapını döyüb vergi pulunu yığanda, elə bilirlər ki, onları aldadırlar”.
 
 
GÜCLƏRİ ÇATAN QƏDƏR  İŞ GÖRÜRLƏR
 
Kənd Bələdiyyələri Assosiasiyasının təmsilçisi deyir ki, indi Qərb regionundakı bəzi bələdiyyələr donorlarla işləyib müəyyən layihələr həyata keçirirlər. Amma bunların sayı çox deyil: “Rayonlardan aldığımız məlumatlara görə, bələdiyyələr gücləri çatan qədər iş görürlər. Əsasən də yerli əhəmiyyətli yolların saxlanması, su arxlarının saxlanması, ərazinin abadlaşdırılması – ağac əkilməsi, parkların salınması işində iştirak edirlər. Bəzən bələdiyyələr əlavə səlahiyyət istəyirlər. Amma orası da var ki, bələdiyyələr hələ qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri tam təmin edə bilmirlər”.
Assosiasiyanın özünün tədbirlərinə gəlincə, bu qurum vaxtaşırı olaraq bələdiyyələrə işlərini təkmilləşdirmək üçün təkliflər hazırlayır. Vergi öhdəlikləri barədə məlumatlandırma xarakterli sənəd hazırlanır və əhaliyə paylanılır. Bu yaxınlarda isə bələdiyyələr üçün layihələrin dolğun hazırlanması istiqamətində təlim keçirilib.
 
HÜQUQLA YANAŞI, VƏSAİT DƏ  VERİLMƏLİDİR
 
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının hazırladığı hesabata görə, hazırda Azərbaycanda kənd yerlərinin idarə olunması ilə bağlı pərakəndəlik, qeyri-müəyyənlik və paralellik hökm sürür. Bələdiyyələrə verilən bir çox səlahiyyətlərin reallaşdırılması üçün maliyyə resursları göstərilmir. Büdcə sistemi haqqında qanunvericiliyə görə, bələdiyyələr yerli sosial-iqtisadi problemlərin həlli üçün hökumətdən transfertlər şəklində maliyyə ala bilər. Amma vəsaitlərə çıxış üçün meyarlar, onların istənilməsi, alınması və istifadəsi üçün hüquqi mexanizmlər müəyyənləşdirilməyib. 
Hesabatda qeyd olunur ki, kənd inkişafına dair milli strategiyanın, həmçinin uzunmüddətli dövlət proqramlarının işlənməsinə ehtiyac var. Bu sənədlər çərçivəsində kənd ərazilərinin içməli su və suvarma suyu ilə təminatı, ərazinin abadlaşdırılması, məişət tullantılarından təmizlənməsi, kənd ərazilərinin yaşıllaşdırılması və yaşıllıqların qorunması kimi funksiyalar kənd bələdiyyələrinin müstəsna səlahiyyətləri kimi tanınmalıdır. Digər tərəfdən, bu səlahiyyətlərin icrası üçün zəruri əmlak və büdcə xərcləri hökumət tərəfindən təmin olunmalıdır. Həmçinin, kənd ərazilərinin yol infrastrukturunun qurulması və istismarı bələdiyyələrin müstəsna səlahiyyətləri kimi tanınmalı, həmin səlahiyyətlərin icrası üçün bələdiyyələrə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondundan subsidiya ayrılması mexanizmləri işlənməlidir. Bütün bunlarla yanaşı, bələdiyyələrin kənd inkişafında rolunun güclənməsi üçün kənd idarəçiliyində iştirak edən alternativ institutların formalaşması və fəaliyyət üçün dövlət dəstəyi mexanizmləri işlənib hazırlanmalıdır.
F.ƏLİYEVA
 
 



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar