12px14px16px18px

Qarabağ münaqişəsində multistandartlı

00:07 / 15.05.2012
Qərb ədaləti və ya cavabsız suallar Bu ilin mart ayından Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlandı. Bu da yəqin ki, özünün xarici siyasətində qərbyönümlülüyü prioritet hesab edən Azərbaycanın Avropa ailəsinə inteqrasiyasına öz töhfəsini verəcəkdir. Lakin məni düşündürən başqa məsələdir. Əməkdaşlıq əlaqələri nə qədər inkişaf edirsə etsin, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması Azərbaycanla Qərb arasında ən böyük narazılığa səbəb olaraq qalır. O münaqişə ki, onun nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinib. Havadarlarına arxalanan Ermənistan isə münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamaqda davam edir. Ona isə gözün üstə qaşın var deyən yoxdur. Bu baxımdan, müasir dünyanın liderinə çevrilən Qərb siyasi, iqtisadi, hüquqi, hərbi və digər yollarla münaqişəni həll etməyə qadir olan və mənəvi baxımdan da borclu olan tərəf kimi səciyyələndirilir. Lakin Qərb dairələrindən münaqişənin həllinə dair səsləndirilən mövqelər və təqdim edilən təkliflər Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olmaqda və hər kəsin düşüncəsində bəzi cavabsız suallar yaratmaqdadır. Bu yazıda məqsəd də həmin mövqe və təkliflərin qısaca təhlilini verməkdir. Qərbin aparıcı dövlət və təşkilatları öz hesabatlarında Ermənistanı birbaşa təcavüzkar kimi göstərməkdən çəkinirlər. Məsələ burasındadır ki, Azərbaycan ordusu əsla Ermənistan ərazisinə girməmiş və müharibə ancaq Azərbaycan torpaqlarında getmişdir. Hər kəsə bəllidir ki, bu müharibədə Ermənistan ordusu da minlərlə əsgər itirdi. O zaman belə bir sual yaranır: bəs Ermənistan əsgərləri harada öldülər? Əgər bu bir hərbi təcavüz deyilsə, o zaman o əsgərlərin Azərbaycan torpaqlarında nə işi vardı? Bəzən münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrindən olduqca absurd fikirlər eşidilir. Onlar qeyd edirlər ki, “Ermənistanla Azərbaycan öz aralarında razılığa gəlsinlər, biz də onları dəstəkləyək”. Bu təcavüzkarı və təcavüzə məruz qalan dövləti eyni səviyyəyə qoymaq deyilmi? Bəzən belə bəyanatlar səslənir ki, “münaqişə qarşılıqlı kompromis əsasında həll olunmalıdır”. Ərazisinin 20%-i işğal olunmuş, əhalisinin 15%-i qaçqın və məcburi köçkün vəziyyətində yaşayan bir münaqişə tərəfindən daha hansı kompromis gözlənilir? Torpaqların qalan hissəsini də Ermənistana verməsinimi? Artıq 20 ilə yaxındır ki, Azərbaycan atəşkəs vəziyyətində yaşayır. Ermənistan tərəfindən atəşkəsin demək olar ki, hər gün pozulmasına rəğmən, Azərbaycanın öz öhdəliyinə əməl etməsi və haqlı olduğu halda müharibəni başlamaması təcavüzkara qarşı ən böyük kompromis deyilmi? Qarabağ münaqişəsinin həlli üçün bəzi qurumlar referendum tələb edir. Səbəb də onu göstərirlər ki, oradakı ermənilər Azərbaycanlılarla birlikdə yaşamaq istəmirlər. Avropanın özündə istənilən qədər o ölkənin əhalisi ilə birlikdə yaşamaq istəməyən və öz aralarında kompakt yaşayan fərqli dini və etnik qruplar göstərmək olar. Nədən onlar üçün referendum təşkil edilmir? Şübhə yoxdur ki, əgər həmin o yerlərdə ictimai rəy sorğusu keçirilərsə, əhalinin əksəriyyəti “müstəqilliklərinə” “hə” deyəcək. O zaman hər narazı olan dini-etnik azlıq qrupuna müstəqillikmi verilməlidir? Bu cür hərəkatlar Qərbdə baş verəndə “separatizm”, Azərbaycanda isə öz “müqəddəratını təyin etmə”mi olur? Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra, heç bir qarşıdurma yaranmadığı halda, bəzi qərbyönümlü beynəlxalq QHT-lər Qərb dövlətlərini hətta Azərbaycana qarsı sanksiya tətbiq etməyə, rəsmi səfərləri boykot etməyə çağırdı. Ermənistanda isə prezident seçkilərindən sonra Avropa miqyasında misli görünməmiş insanlıq faciəsi baş verdi: ordu öz xalqını gülləbaran etdi. Qərb isə deyəsən o zaman bu gülləbaranı qalib gələn tərəfin “bayram atəşfəşanlığı” ilə səhv saldı və heç bir tədbir görülmədi. Öz xalqına qarşı güllə atmaq əmrini verən rəhbərlik də, o güllələri atan ordu da bir zamanlar Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədənlərdir. Öz doğma xalqına bunu edən insanlar özlərinə düşmən hesab etdiyi Azərbaycanın mülki şəxslərinə görəsən nələr edib? Bunu izah etməyə lüzum varmı? 1990-cı illərin əvvəllərində Azərbaycana hücum edən, onun torpaqlarını işğal edən və suverenliyinə qəsd edən Ermənistan 1992-ci ildə suverenliyin simvolu olan BMT-yə üzv oldu və Avropada demokratiyanın simvolu olan ATƏT-ə üzv olduqdan 3 həftə sonra Xocalı soyqırımını törətdi. 1990-cı illərin sonlarında öz parlamentini gülləboran edən həmin terrorist dövlət insan hüquqlarının simvolu olan Avropa Şurasına üzv qəbul edildi. Güman edirəm ki, prezident seçkilərindən sonra xalqını gülləbaran edən bir dövləti xüsusi qəhrəmanlığına görə NATO-ya və ya malik olduğu “universal dəyərlərə” görə Avropa İttifaqına üzv qəbul etməyi də düşünürlər. Lakin maneəni aradan qaldıra bilmirlər. Ümumiyyətlə belə bir dövlətin Avropa qurumları içərisində, Avropa ailəsi daxilində yaşamağa mənəvi haqqı çatırmı? Bütün bu qeyd edilənlər Avropa dəyərləri, universal dəyərlərlə nə qədər üst-üstə düşür? Qərb ölkələri Türkiyədən 90 il əvvəl heç ümumiyyətlə baş verməmiş bir “soyqırımı” tanımasını tələb edirlər, lakin 20 il bundan əvvəl Ermənilərin Xocalıda mülki şəxslərə qarşı hər kəsin gözləri önündə törətdikləri və etiraf etdikləri soyqırımı xatırlamaq belə istəmirlər. Türkiyədən Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanla bağladığı sərhədlərinin açılmasını istəyirlər, bunun üçün xüsusi səylər nəticəsində protokol imzaladırlar. Həmin protokolu hazırlamaq üçün iki il birlikdə gizli danışıqlar apardılar. Ancaq nəyə görə həmin Qərb bir dəfə də olsun Türkiyənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan və qəbul edilən sərhədlərinin Ermənistan tərəfindən tanınmasını və Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsini tələb etmir? Qərbin Ermənistanın özünün belə tanımadığı həmin sərhədlərin açılmasını istəməsi qəribə görünmürmü? Azərbaycan rəsmilərinin öz nitqlərində beynəlxalq hüququn onlara verdiyi imkanlardan istifadə edərək, işğal altındakı torpaqlarını geri qaytarmaq üçün silah işlədilə biləcəyinə dair fikirləri dərhal Qərbin “sülhsevər” dairələri tərəfindən etirazla qarşılanır və bu cür nitqlərin sülhə təhlükə yaratdığı bildirilir. Bəs nəyə görə Ermənistan Prezidenti Serj Sarkisyanın gənclərlə “Qarabağı biz aldıq, Ağrını da siz alarsınız” şəklində məsləhət verməsi heç bir reaksiya doğurmur? Terror hücumuna məruz qalan Qərb və Avropa ölkələri beynəlxalq ictimaiyyəti əlbir şəkildə terrorizmə qarşı mübarizəyə səsləyəndə, terrorizmi qlobal təhdid kimi qəbul edən Azərbaycan hökuməti müraciəti gözləmədən, birmənalı şəkildə yardıma qalxdı. Müsəlman dünyasına aid olmasına və bu səbəbdən də islam dünyasının həssas münasibətinə baxmayaraq, Qərb ölkələri ilə birlikdə Kosovoda, Əfqanıstanda, İraqda əməliyyatlarda iştirak etdi. Ancaq Azərbaycan özü erməni terrorunun hədəfinə çevriləndə dünya ictimaiyyəti “gedin Ermənilərlə aranızda razılığa gəlin” dedi. Artıq terroristlər də “bizim”-“sizin” kateqoriyasına bölünməyəmi başlayıb? Sizə qarşı olanlar terrorist, bizə qarşı olanlar demokratiya carçısı olurlar? Azərbaycanda bu gün müxtəlif dinlərin nümayəndələri sülh, firavanlıq, dözümlülük içərisində yaşayır. Azərbaycan ideal bir tolerantlıq cəmiyyəti qurmağa nail olub ki, bu bütün dünya ölkələrinə, hətta Avropaya nümunə kimi göstərilməlidir. Bunu Roma Papası II Johan Pavel Bakıya səfəri zamanı dünyaya bəyan etdi. Ancaq nədənsə bunu görmək və dəyərləndirmək istəyi azdır. Ermənistan dini, milli radikalizmin, ekstremizmin ən son mərhələsi olan etnik təmizləmə nəticəsində mütləq təkdinli və təkmillətli dövlətə çevrilib. Dini, milli radikalizmə, ekstremizmə qarsı mübarizəni özünün əsas məqsədi seçən Qərb nədən özünü görməməzliyə vurur? Bu kimi təhdid və çağırışlar Qərbi hədəf alanda qlobal mübarizə tələb edir, Azərbaycanı hədəf alanda plüralizm, ifadə azadlığımı təşkil edir? Bəzi təşkilatların və dövlət qurumlarının hesabatlarında Azərbaycanda demokratiya, insan hüquqlarının pozulmasından danışırlar, ancaq bir milyon qaçqının hüquqlarının kim tərəfindən, necə və nədən pozulmasına mövqe bildirmirlər. İnsan hüquqları, demokratiya sadəcə iqtidar-müxalifət kontekstindəmi müdafiə edilməlidir? Qaçqın və məcburi köçkünlər insan deyillərmi, onların hüquqları yoxdurmu, və ya müdafiə edilməyə layiq deyilmi? Qarabağda yaşayan 60 minlik erməni icmasının mülki-siyasi hüquqlarının qorunmasını hər zaman dilə gətirən Qərb dairələri bir milyon Azərbaycan qaçqın və məcburi köçkününün təməl hüququ olan yaşama hüququndan ya bəhs etmir, ya da sanki ermənilərin mülki-siyasi hüquqlarının yanında ikinci dərəcəli hüquq kimi dəyərləndirilir. Görəsən bu dəyərləndirmədə əsas meyarlar nədən ibarətdir? Məyusedici haldır ki, 300-400 illik dövlətçilik tarixi olan ölkələr hələ də korrupsiya kimi problemi həll edib qurtara bilməyiblər. Belə ki, Avropa ölkələrində, Qərbdə erməni diasporası müxtəlif yollarla siyasi liderləri, millət vəkillərini ələ alırlar, seçkilərə külli miqdarda pul qoyaraq bu və ya başqa şəxsi hökumətə və ya parlamentə seçdirirlər. Hətta qərb dairələrinin özləri bunu demokratiyanın bir amili kimi qəbul edirlər. Bunun özü korrupsiyanın yeni bir şəkli deyilmi? Axı sonradan həmin deputatlar öz dövlətlərinin və xalqlarının maraqlarını bir tərəfə qoyaraq, özlərini az qala erməni diasporasının bir üzvü kimi aparır, nəticədə isə Qarabağ münaqişəsinin həllinə maneçilik törədilir. Qərb ictimaiyyətinin dəstəyini hiss edən ermənilər isə bundan sui-istifadə edərək təxribat xarakterli məlumatlar yaymağa çalışırlar ki, Qərbin onları dəstəkləməsinin arxasında xristianlıq amili dayanır. Bu da olduqca təhlükəli tendensiyadır və sonu bəlli olmayan təhlükəli vəziyyətə səbəb ola bilər. Dünya ictimaiyyətinin sivilizasiyalararası dialoqu inkişaf etdirməyə çalışdığı bir dönəmdə, inkişafın zirvəsinə qədər ucalmış Qərbin belə bir imic yaratmasına lüzum varmı? Qərb bunun fərqində deyilmi? Bütün bu qeyd edilənlər artıq dünyada “ədalət vakumu”nun olduğuna işarədir. Bəs o zaman “beynəlxalq hüquq” mexanizmini nə üçün yaradılırdı? Bu qədər beynəlxalq və regional əməkdaşlıq təşkilatları niyə mövcuddur? Nədən dövlətlər onların fəaliyyətlərini davam etdirmələri üçün milyon dollarlarla üzvlük haqqı ödəyir? Bu o deməkdirmi ki, bəzi mütəxəssislərin qeyd etdiyi kimi, beynəlxalq hüquq ancaq güclü dövlətlərin öz siyasətlərini həyata keçirmələri üçün bir vasitədir? www.newtimes.az


Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar