12px14px16px18px

Şuşanın işğalı ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olundu

BAYRAM SƏFƏROV: “TORPAQLARIMIZ GEC-TEZ ERMƏNİ İŞĞALINDAN AZAD OLUNACAQ”

01:21 / 09.05.2012
Dünən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü günü münasibəti ilə Şəhidlər Xiyabanı ziyarət olunub. Ziyarətçilər arasında Şuşa İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin sədri Bayram Səfərov, icmanın, eləcə də, Qarabağ Azadlıq Təşkilatının üzvləri, Şuşa ictimaiyyətinin, siyasi partiyaların, birliklərin nümayəndələri olub. Tədbirdən əvvəl Şəhidlərin ruhuna dualar oxunub. Ziyarətçilərin sayının çox olması səbəbindən Şəhidlər Xiyabanına doğru hərəkət edən avtomobillərin hərəkəti müəyyən müddətə məhdudlaşdırılıb. Tədbirin sonunda jurnalistlərə açıqlama verən B.Səfərov bildirib ki, Azərbaycan dövləti Şuşanın ermənilər tərəfindən işğal edilməsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində zəruri tədbirlər görür. Onun sözlərinə görə, Azərbaycan yalnız Şuşanın deyil, digər işğal edilən ərazilərin, o cümlədən ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamların dünyaya çatdırılmasında lazımlı addım atıb: “Həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun zəhməti böyükdür. Bütün bu tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini dərk edir və erməni yalanları ifşa olunur”. B.Səfərov qeyd edib ki, Dağlıq Qarabağın azərbaycanlı icması Şuşanın işğalı ilə bağlı hazırladığı bəyanat beynəlxalq təşkilatlara göndərəcək: “Şuşanın işğalı ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edən insanların sayının əvvəlki illərlə müqayisədə çox olmasının əsas səbəbi Prezident İlham Əliyevin bu yaxınlarda Şuşanın işğalı ilə bağlı imzaladığı sərəncamdır. Bu sərəncamdan sonra daha da əmin olduq ki, torpaqlarımız gec-tez erməni işğalından azad olunacaq və biz öz dədə-baba yurdumuza qayıdacağıq”. Sonra ziyarətçilər Şuşadan olan şəhidlərin məzarını ziyarət ediblər. Şəhidlər Xiyabanını ziyarət edən bir qrup vətənpərvər qüvvələr tərəfindən Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı işğal faktoruna etiraz olaraq Ermənistan bayrağını yandırıblar. Qeyd edək ki, Şuşanın işğalı nəticəsində 480 nəfər şəhərin müdafiəsi zamanı şəhid olub, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 nəfərin taleyi bu günə qədər məlum deyil. Ermənilərin şəhəri işğal etməsi ilə Şuşada 279 dini, tarixi və mədəni abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, Azərbaycan Pedaqoji Universitetinin Şuşa flialı, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq Musiqi Alətləri Fabriki və başqa müəssisələr dağıdılıb. BƏXTİYAR


Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar