12px14px16px18px

Vətən, xalq üçün yaşanan ömür

01:10 / 09.05.2012
“İki sahil” qəzeti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar hazırlanmış 76 səhifəlik xüsusi buraxılış dahi şəxsiyyətin Azərbaycana hakimiyyətinin hər iki dövründə dövlət, xalq qarşısındakı xidmətlərini, ayrı-ayrı sahələrdə qazanılan uğurları və Prezident İlham Əliyevin rəhbərliyi altında gələcək perspektivləri əks etdirən maraqlı yazıları, rəngli, illüstrativ şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir. Xüsusi buraxılışın üz qabığında qeyd olunan “...Siz özünüzə tayı-bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaradıbsınız. Bu abidənin adı Azərbaycandır, tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan” fikirləri ulu öndər Heydər Əliyevin xidmətlərinin ümumiləşdirilmiş ifadəsidir. Buraxılışın ikinci səhifəsində ulu öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirərək söylədiyi fikirlər öz əksini tapıb. “Müstəqil Azərbaycanın memarı” məqaləsində bu fikir xüsusi vurğulanır ki, ümummilli lider Heydər Əliyev üzərinə götürdüyü xilaskarlıq missiyasını siyasi iradəsi və qətiyyəti ilə yerinə yetirdi. Onun aforizmə çevrilən “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikri müstəqilliyimizin ilk illərində yaşanan durumla sonrakı dövrün təhlilində aydın ifadəsini tapır. “Müstəqil Azərbaycan iqtisadiyyatının təməl daşı” məqaləsində sazişin əhəmiyyəti, ölkəmizə qazandırdığı uğurlar geniş təhlil olunur. Dövlət başçısı İlham Əliyevin “2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir” fikri əsasında yazılan məqalədə son səkkiz ildə əldə edilən uğurlar geniş qeyd olunaraq, Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyi bir daha təsdiqlənir. Uğurların davamlılığını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamı yüksək dəyərləndirilir. “Ulu öndər qətiyyətli xarici siyasətin müəllifidir”, “Ulu öndər milli məfkurəyə sadiqlik və mənəvi zənginlik rəmzidir”, “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev: Mədəniyyət xalqın ən böyük sərvətidir”, “Ulu öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir” məqalələrində dahi şəxsiyyətin qeyd olunan sahələrin inkişafı istiqamətində atdığı addımlar və onların uğurlu davamı ətraflı şəkildə şərh olunur. Təbii ki, ümummilli liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir xüsusi buraxılışda qeyd etmək qeyri-mümkündür. Buraxılışın son səhifəsində qeyd olunan “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır” fikri bir daha təsdiqləyir ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. AQİL


Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar