12px14px16px18px

Azərbaycanda güclü zəlzələlər oldu

ŞİMAL-ŞƏRQ BÖLGƏSİNDƏ QEYDƏ ALINAN ZƏLZƏLƏLƏR ZAMANI DAĞINTILAR BAŞ VERDİ

11:41 / 08.05.2012


Azərbaycanın Zaqatala rayonunda güclü zəlzələ baş verib. APA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 5 baldan çox olub. Saat 09.39 radələrində baş verən yeraltı təkan nəticəsində evlərdə çatların əmələ gəldiyi köhnə tikililərdə dağıntı olduğu bildirilir. Bu əhali arasında böyük təşvişə səbəb olub. Hamı evlərdən çıxaraq küçələrə axışıb.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ rayon mərkəzindən 17 km cənub-qərbdə 5,5 maqnitudada (12 ballıq şkala üzrə 7 bala yaxın), 10-12 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda, habelə, Gəncə-Qazax, Mərkəzi Aran, Qarabağ və bölgələrdə də hiss olunub.
Zaqatalada baş vermiş zəlzələ ilə bağlı rayon İcra Hakimiyyətində təcilli müşavirə keçirilib.
İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bildirib ki, müşavirədə lazımı tapşırıq və göstərişlər verilib. E. Ramazanov deyib ki, zəlzələ nəticəsində bir sıra kəndlərdə və şəhər mərkəzindəki bəzi tikililərdə dağıntılar qeydə alınıb. Hazırda dağılmış evlər siyahıya alınır. İnsan itkisi və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Zaqatala rayon Aşağı Tala kənd sakinlərinin verdiyi xəbərə görə, kənddə fəaliyyət göstərən 3 saylı orta məktəbdə çatlar əmələ gəlib. Həmçinin orta məktəb binasının şüşələri qırılıb. Nəticədə bir neçə şagird xəsarət alıb.
Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb. Zəlzələnin episentri Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub. Tikililərdə dağıntı var. İnsan itkisi yoxdur.
Şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya səfər edib. Nazirlik yeraltı təkanların Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunduğunu bildirir.
Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub.
“Hazırda mən Zaqatala rayonundayam. Rayon mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə gedirik. Rayonda zəlzələ nəticəsində insan itkisi olmayıb, ağır xəsarət alan da yoxdur”. Bunu APA-ya fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib: “İstər rayon mərkəzində, istərsə də kəndlərdə xüsusi dağıntılar, kütləvi şəkildə evlərin uçması və s. hadisələr baş verməyib. Hazırda zərər çəkmiş tikililərin qeydiyyatı aparılır. Bu cür tikililərin sayı və dəymiş ziyan müəyyənləşdirildikdən sonra bu barədə ətraflı məlumat veriləcək”.
K. Heydərov hazırda Zaqatala və ətraf rayonlarda heç bir problem, təşvişə səbəb olacaq halın baş vermədiyini bildirib: “Rayonlarda əhali gündəlik həyat tərzini davam etdirir, bütün infrastruktur tam gücü ilə işləyir”.
K.Heydərov bildirib ki, Azərbaycan Prezidentinin göstərişi ilə Zaqatalada baş vermiş zəlzələdən zərər çəkən tikililərin siyahısı dəqiqləşdirilir: “Dəqiqləşdirmə başa çatandan sonra zərər çəkmiş tikililərin əvəzində yenilərinin tikilməsi, təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulur”.
Nazirin sözlərinə görə, hazırda FHN və digər qurumların mütəxəssisləri sosial və fərdi obyektlərə baxış keçirir, araşdırma aparır: “İlkin məlumata görə ciddi ziyan yoxdur. Lakin vəziyyət tam dəqiqləşdiriləndən sonra müvafiq qərar veriləcək”. K. Heydərov əlavə edib ki, Zaqatala, Balakən və digər rayonlarda infrastruktur normal fəaliyyət göstərir. FHN-dən daxil olmuş məlumata görə, nazir K. Heydərov artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində vəziyyətlə tanış olub. Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-ə qədər yaşayış evinə ciddi ziyan dəydiyi müəyyən edilib. Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. FHN tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanılıb.
Qeyd edək ki, dünən Zaqatala rayonunda ikinci zəlzələ olub. Yeraltı təkan yerli vaxtla saat 10:38-də Zaqatala rayonundan 16 km cənubi-qərbdə zəlzələ qeydə alınıb.
Zəlzələnin dərinliyi 11 km, maqnitudası 4,5 olub.Bunun ardınca, saat 10:40-da Zaqatala rayonundan 18 km cənubi-qərbdə üçüncü zəlzəlı baş verib.Zəlzələnin dərinliyi 14 km, maqnitudası 4,2 olub. Daha sonra şimal-qərb bölgəsində gün ərzində dördüncü dəfə zəlzələ baş verib. Yerli vaxtla saat 13.36-da baş verən yeraltı təkanlar Zaqatalada 4.0 , Qax, Oğuz, Şəki rayonlarında 2.0-3.0 bal gücündə hiss olunub. 10 kilometr dərinlikdə baş verən zəlzələnin episentri Zaqatala rayonundan 18 km cənubi-şərqə düşüb. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktoru Qurban Yetirmişli bildirib ki, Zaqatalada baş verən zəlzələdən sonra xırda təkanların olması normaldır. O qeyd edib ki, hazırda bölgədə güclü təkanlar müşahidə olunmur: “Bəzi yerlərdə xırda təkanlar müşahidə olunur ki, bu da normaldır. Hazırda əməkdaşlarımız hadisə baş verən rayonda zəlzələnin törətdiyi fəsadları araşdırır. Araşdırmalar başa çatandan sonra yekun nəticələr açıqlanacaq”.






Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar