12px14px16px18px

Əkbər Xan Naxçıvanskinin Xurşidbanu Natəvan haqqında xatirələri

13:02 / 05.05.2012
“525-ci qəzet”in redaksiyasına

Hörmətli redaksiya! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xurşidbanu Natəvanın 180 illiyinin dövlət səviyyəsində keçirilməsinə dair sərəncam imzaladıqdan sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi və ictimai xadiminin həyat və yaradıcılığına dair əlyazma materiallarının, sənədlərin axtarışları intensivləşmişdir. Üzə çıxan materiallardan biri hazırda institutda Cəlil Məmmədquluzadənin şəxsi arxivində 457-ci saxlama vahidi altında mühafizə edilən Əkbər xan Naxçıvanskinin öz əli ilə yazdığı Natəvan haqqında xatirələrdir. Əkbər xan Naxçıvanski Natəvanın Xasay xan Usmiyevdən olan qızı Xanbikə ilə evlənmiş Aman xanın oğlu, Natəvanın qız nəvəsi olmuşdur. Uzun müddət nənəsinin yanında yaşadığından onun şəxsi həyatına, ətrafındakı şəxslərə, dostlarına, “Məclisi-üns” ədəbi məclisindəki fəaliyyətinə, xeyriyyəçiliyinə, insanlara əl tutmağına, xəstələri müalicə etməyinə dair maraqlı müşahidələri olmuşdur ki, onları 11 səhifə həcmində yazıya köçürmüşdür. Əlyazmanın sonundan bu xatirələrin tamamlanmadığını görürük. Əkbər xan Natəvanın zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilinə, musiqiyə münasibəti, muğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söyləmişdir ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün çox böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Bu xatirələrdə Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev, övladları Mehdiqulu xan Vəfa, Xanbikə, nəvəsi Ağabikə, “Məclisi-üns” ədəbi məclisinin üzvləri – İskəndər bəy Rüstəmbəyov, Əbdüssəməd bəy, Mirzə Rəhim Fəna, qohumları və yaxınları barədə çox dəyərli məlumatlar vardır.
Əkbər xan Naxçıvanskinin xatirələrini olduğu kimi qəzetinizin oxucularının diqqətinə çatdırırıq.


HÖRMƏTLƏ PAŞA ƏLİOĞLU
AMEA Məhəmməd Füzuli adına  Əlyazmalar İnstitutunun direktoru əvəzi

Mənim uşaqlığım ana nənəm Natəvanın yanında keçmişdir. Onun görkəmini, sadəliyini, mülayim xasiyyətini bu gün də lap yaxşı xatırlayıram.
Natəvan çox uca boylu deyildi, gözləri ala idi, çox gözəl siması var idi. O, çox sadə idi. Eşitdiyimə görə, Natəvanın birinci əri Xasay xan Usmiyef ilə evlənmək əhvalatı belə olmuşdu. Deyirlər ki, o zaman Xasay xanın Dağıstanda böyük nüfuzu var idi. Odur ki, Şamil tutulduqdan sonra üsyanı bu davam etmişdi. Buna görə də rus çarı Xasay xanı Dağıstandan uzaqlaşdırmaq məqsədilə onu Şuşaya göndərmişdi. Burada isə padşahın əli ilə Xasay xan Natəvan ilə evlənmiş və yerli olmuşdu. Bu zaman Xasay xan, hətta Natəvanın özu də jandarm nəzarəti altında idi. Belə deyirlər ki, bu vaxt Xasay xan Dağıstanla əlaqəsini kəsməmişdi. Onun Dağıstandan gələn iki ləzgi ilə görüşməsi haqqında xəbər vermişdilər. Padşah onu Voronejə çağırtdırır. Voronejə gələn Xasay xana mehmanxanada iki otaqlı bir yer verirlər. Lakin padşahın burada olmadığını bilib, bunun hiylə olduğunu duyunca mehmanxanada otağına girib özünü öldürür. Bu xəbər yayılır. Padşah bu qanı yatırmaq məqsədilə dayımla anama 12 kənd bağışlayır. Bu haqda yazılan kağızı sonralar Gəncədə gördüm.
Natəvana bu iş çox təsir etdi. “Mənim bərbad olan könlüm” deməklə o, ikinci əri olan Seyiddən narazı idi. Natəvanı bəylər incitdikləri üçün naçar qalıb Seyidə ərə getmişdi. Mənim atam Aman xan Naxçıvani Şuşaya gəlib Natəvanın qızı Xanbikəni alır. Bu əhvalat üstündə bu vaxt Qarabağ bəyləri arasında ziddiyyət düşür. Ancaq dayım Aman xanla dost olduğu üçün bu iş bir qədər yatırılır.
Mən böyük qardaşım Bəhram xanla bir qədər Şuşada qaldıqdan sonra Natəvan bizi Ermənistana oxumağa göndərdi. Biz orada Lunyatin miravoy sudyanın evində qalırdıq. Nənəm bir kənddən gələn mədaxili qardaşım ilə mənə, həm də Lunyatinə verirdi. 15-16 yaşında biz məktəbi qurtardıq. Biz gəldikdən sonra Natəvan Tiflisə köçdu. Getməyində məqsəd o idi ki, Natəvanın ikinci əri Seyiddən olan uşaqları bizə verilən 15 kəndə şərik deyil idilər. Nənəm Tiflisdə bir ilə qədər yaşadı. O, namestnikin yanına gedərdi. Ancaq padşah ərinin ikinci ərindən olan uşaqları bu kəndlərə şərik etmədi. Kəndlər Xanbikə ilə Mehdiquluya verildi. Natəvan Tiflisdə Salayekidə (Qocayev küçəsinə dönən yerdə) doktor Malinin evinin yanında, qonşuluqda qalırdı. Sonra Natəvan Şuşaya qayıtdı. Atam bizim ailəni götürüb Naxçıvana qayıtdı. Atam Aman xanın Naxçıvanda məxsusi mülki var idi. Şəhərin meyvə bağları, habelə Qıvraq kəndi, Xok kəndinin yarı hissəsi atamın idi. O həmin zamanda polkovnik idi və rus-türk (1877) müharibəsində iştirak etmişdi. Bəyazid qalasında gedən vuruşmalarda yaralanmış və orada da sağalmışdır. Atam təxminən 80-cı illərin əvvəllərində Naxçıvanda vəfat etmiş və orada İmamzadədə dəfn edilmişdir.
Nənəmin Şuşa həyatı olduqca sadə keçirdi. Onun həkimi Atabəyof Yunis bəy idi. Xan qızı ona bir at bağışlamışdı. O, həmin atı minib gəzərdi. Bir gün gəlib dedi ki, xan qızı, qanınız azalıb. Siz gərək çaxır içəsiniz. Xan qızı Gülməhəmmədə 500 manat qızıl pul verdi, at verdi, Nəcəfül-əşrəfə göndərdi və dedi ki, müctəhiddən məsləhət edəsən ki, şərab içmək olar, ya yox. Onun kiçik bir padnosu, içində də iki stəkanı var idi. Xan qızı bir elə şair idi, amma mövhumatı gözlərdi. Çaxırı içəndən sonra aftafa-ləyəndə ağzını suya çəkərdi. Nənəmin Süleyman adlı nökəri var idi, çaxırı o hazırlayar, Züleyxa adlı evində qalan qız isə çaxırı ona verərdi. Nənəm öz xidmətçisi Züleyxanı öz uşaqlarından ayırmazdı. Sonralar o Züleyxanı Turşsu yolunda, qala qapısı yanında bir süd satan oğlana ərə verdi. Öz qızı kimi ona cehiz verib, gözəl toy etməgi mənim bu günkü kimi xatırimdədir.
Nənəmin qapısı hamının üzünə açıq olurdu. Amma Seyidi evinə qoymazdı. “Məclisi-üns” həftədə, ya ayda olardı. Burada iştirak edənlərdən yadımda qalanları İskəndər bəy Rüstəmbəyov (qonşumuz idi), Növrəs, Fatı xan (Fatma xanım kök, üzündə xal olan bir qadın idi), Əbdüssəməd bəy (çox yaxşı adam idi), Qarabağda şair çox idi. Vəfa çox qəribə şair idi, farsca bir poeması da var idi. “Məclisi-üns”də Natəvan şeir deyərdi, məclis arəsdə olardı. Natəvan həmişə nöqsanları göstərər və deyərdi ki, çalışın farsi dili qatmayın, axı biz fars deyilik. Özü də həmişə məclisdə başı açıq, üzü açıq oturardı. O, Tükəzbanlardan deyildi. Danışanda da ucadan danışardı. Elə bil natiq idi.
Eşitmişəm ki, bir dəfə Aşıq Pəri Şuşaya onun yanına gəlibmiş. Hər bir şair haradan gəlsəydi, əvvəl nənəmin yanına gələrdi. “Məclisi-üns”ün fəal üzvlərindən Əbdüssəməd bəy Cavanşirof Natəvanla qohum idi. Onun şeirlərindən yadımda qalan fərdlər bunlardır:
Ey könlümün müfariqətin qan edən gülüm,
Hicran bir mülkünü viran edən gülüm.
Asan edərdim özgələrin müşkülün özüm,
Öz müşkülüm düşübdü, yox asan edən, gülüm.
Yəqub tək verib mənə beytül-həzən məqam,
Yusif tək öz məkanını zindan edən gülüm.
Şair Mirzə Rəhim Fəna nənəmin katibi idi. Həmişə onun yanında olardı. Yadımdadır, Mirzə Rəhim bir qız istəyirdi. Qız da getdi bir ayrı ərə. Fəna bu münasibətlə bu şeir yazdı:
Ey dostlar, Fənanı qoyun barı ağlasın,
Çünki əğyara yar olub yarı, ağlasın.
Natəvanın anasında şairlik təbi var idi. Mənim hafizəmdə ondan bu fərd qalmışdır:
Yarəb, üşşaqı nə üçün yaratdın,
Eşq oduna yandırıb-yaxdın...
Yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim cavan ömrüm necə gəldi, necə getdi.
Dayım Vəfa bir qəribə şair idi. Yadımdadır ki, Bəhmən Mirzənin oğlu Şahrzaya (Vəfanın qızı Ağabikənin əri) padşah Anna nişanı göndərmişdi. Bu münasibətlə o Vəfanı da Şuşadan qonaqlığa çağırmışdı. Vəfa buradakı qonaqlıqda söz istəyir və deyir:
Aya, fəxr konəd sineye-to zan taze nişan
Ya taze nişan fəxr konəd sineye-to.
(Tərcüməsi:
Görəsən sənin sinən təzə nişanla fəxr edir,
Yoxsa təzə nişan sənin sinənlə fəxr edir – P.Ə.).
Vəfanın bu fərdindən sonra məclis pozulmuşdur. Ondan hamı çəkinirdi. Çünki knyaz məşhur duelçi idi. Onun duel tapançaları ölüncəyə qədər evində qalırdı...
Vəfa Tiflisdə namestnik Dondukofun yanında, sonra isə Şeremetyevin yanında adyutant olmuşdu. Daim gözəl oğlan idi. Ala gözləri, sarı bığları, uca boyu var idi. Onun üzü əsl ləzgi üzü idi. Dondukov və Şeremetyevin arvadları dayıma çox hörmət edərlərmiş. Hətta deyilənə görə, knyaz gəlməsəymiş, onların arvadları çörək yeməzlərmiş. Buna görə də sonralar Şeremetyev knyazı duelə çağırır. Qocur yolunda Vəfa onu öldürür. Ümumiyyətlə, Tiflisdə bütün gürcü knyazlarının hamısı dayımdan qorxurdu.
Dayım Mehdiqulu xan Tiflisdə təxminən keçən əsrin 90-cı illərində vəfat etmişdir. Dayımın cənazəsini Tiflisdən götürmək üçün nənəm, mən və başqa qohumlardan oraya getmişdik. Cənazəni Tiflisdən Yevlaxa kimi qatarla, Yevlaxdan Ağdamacan isə faytonla gətirdilər. Dayımın cənazəsi Ağdamda İmarət qəbristanlığında dəfn edildi. Dayımın qızı Ağabikə də gözəl, lətif, amma mərd bir qız idi. Ağabikənin əri şahzadə Əkbər Mirzə Ağabikə tərəfindən vurulmuşdu. Şahzadə çox qorxaq adam olmuşdu. Ağabikə qapı ağzında o yekəlikdə canavarı gülləynən vurmuşdu. Bu vaxt tez Tiflisə knyaza teleqramma vururlar. Knyaz gəlir. Məsələnin üstünü örtmək üçün deyirlər ki, Ağabikənin guya dəliligi varmış. Düzdür şahzadə Əkbər Mirzə də sonra sağaldı. Amma o, sonralar Ağabikədən yaman qorxardı.
Dayım Vəfa çox şahmat həvəskarı ili. Eşitdigimə görə, fil sümüyündən olan şahmat dayıma Natəvandan qalmışdı. Dayımın İvan adında olan denşiki tez-tez şahmat fiqurlarını silib-təmizlərdi. Vəfanın özü isə bir-bir fiqurlara tamaşa edərdi.
Yaxşı yadımdadır, bir dəfə biz Natəvan ilə faytonda Ağcabədiyə gəldik. Oradan Yığımbərə gedəcəkdik. Xan qızı Gaur arxını çıxartdırıb təmir elətdirdi. Sonralar hökümət orada tikiniti işləri aparırdı (Gaur arxı ərəblər vaxtından qalma idi. Ərəblər bizə “gaur” dedikləri üçün “Gaur arx” arxın adı kimi qalmışdı).
Natəvan Şuşadan başqa qışda Ağdama gələr, Kəblə Əli Əkbərin nəzarət etdigi imarətə düşərdi. Kəblə Əli Əkbər əkinçi idi. Kəblə Əli Əkbər və ailəsi Natəvana çox hörmət edərdilər. Kəblə Əli Əkbərin oğlu Mustafa bəy xan qızının işlərini – Natəvanın təsərrüfat işlərini idarə edərdi. O, Bərdədə Dəli Bəhram ilə (Bəhram Bərdədə varlı mülkədarlardan idi) Natəvanın üstündə vuruşur. Onlar pristavın evində qonaqmışlar. Pristav ilə işi olan Mustafa bəy eşikdə çubuq çəkirmiş. Eşidir ki, Bəhram bəy (Bəhram bəy bir az dəli idi) xan qızı haqqında içki məclisində danışır. Bu söhbət ona çox acıq gəlir. Bəhram bəyi çağırtdırıb deyir ki, qoca arvaddır, sözün var, get özü ilə danış. Bunun üstündə Mustafa bəy ilə Bəhram – hər ikisi bir-birini vurub öldürür.
Natəvan həmişə qəlyan çəkərdi. Onun gümüş başlı yaxşı Şiraz qəlyanı var idi. Qəlyançısı Şükür adlı cavan oğlan idi. Şükürün yaxşı səsi var idi. Natəvan ona muğamatı öyrədərdi. Natəvan özü yaxşı musiqi həvəskarı idi. Qəlyan çəkə-çəkə Şükürdən soruşardı ki, filan qəzəli oxu. Şükür oxuyardı, Natəvan isə onun qəzəlini düzəldərdi. Natəvan Şükürü yaxşı bir xanəndə etmişdi.
Nənəm həmçinin çox qəribə bir rəssam idi. Karandaş ilə gözəl şəkil çəkər, sonra rənglərdi. Şəklin dalısında isə məzmununa uyğun şeir də yazardı. Məsələn: O, qərənfil şəklinin ardında bu şeiri yazmışdı:
Səni kimlər sevər bica, qərənfil,
Səni bir Natəvan çəkmiş gedir.
Natəvan mənə gözəl bir kitab-özünün əlyazmasını bağışlamışdı. Üstü bəzəkli gülü, tikməli idi. Ancaq kitab kiçik qardaşım Xaniman xanın əlinə keçdi. Sonradan kitab kimdə qaldı, məlum olmadı.
Natəvanın axır vaxtlarında qonşusu İskəndər bəy onun yanına gələr, ona qulluq edərdi. Kiçik oğlu Mir Cabbar Natəvana baxmazmış. İskəndər bəy bundan təsirlənib deyərdi:
Yaman günə qalıb indi bu binəva,
necə gör,
Cəfayi-cövri-sitəm dərdə mübtəla,
necə gör.
Xatirimdədir ki, Natəvan “Ölürəm” qəzəlini yazdıqdan sonra İskəndər bəy ona demişdi:
Xudadan istərəm, ey can,
hələ sən ölməyəsən,
Be həqqi-şahi-Xorasan,
hələ sən ölməyəsən,
................
Sənə ölüm yaraşmaz,
qoy filan ölsün...
(“Filan” sözü Natəvanın əri Seyidə aiddir).
Birinin Seyid ilə arası yox idi. Əri Seyid qaradinməz, bisavad və mövhumatçı idi. Mən Natəvanı dəstnamaz alıb namaz qılan görmədim.
Natəvanın Şuşa bulağını çıxartdırmasını da mən yaxşı xatırlayıram. Bulaq gələndən sonra Natəvan hamam tikdirdi. Bulaq məsələsi çox böyük hadisə olmuşdu. Bulaq da bulaq... O gün camaat hamısı tökülüb gəlmişdi. Molla Şükür də oraya gəlib çıxdı. Dedi ki, bu qəribə ehsandır. Behiştlikdir (Şuşada bu vaxt iki molla var idi. Bunlardan biri sünni, digəri şiə idi. Natəvan bunların heç birinin işinə qarışmaz, hər ikisinə hörmət edərdi).
Natəvan rəiyyət üçün gördüyü bu tədbirlərdən başqa ilan vuranları, qudurmuş it tutanları da müalicə edərdi. Bu işdə Natəvanın bir köməkçisi də var idi. Onun adı Əmiraslan idi. Bu müalicə üsullarını ona Natəvan özü ögrətmişdi. Qudurmuş it tutanların müalicəsi üçün xımı gülü otu üzərində gəzən üstü qırmızı və qara xallı xırda cücüləri (parəbizən) taxta kağız üzərinə sancıb qurudar, Əmiraslan onları həvəngdəstədə döyüb toz halında hazırlayar, müalicə üçün qədərini isə Natəvan özü müəyyənləşdirərdi. Gündə iki dəfə xəstələrə dərmanı Natəvan özü verərdi. O, xəstələri yedirib-içirdib on gün saxladıqdan sonra buraxardı. Qudurmuş it tutan xəstələri Natəvan sonra üzbəüz oturdub, onların qəfildən üzlərinə vurarmuş. O deyərdi ki, əgər onlar diksinsələr, demək sağalıblar. Bir gün mən nənəmdən soruşdum ki:
–Ay nənə, yenə sən onları vurursan?
O, məni başa saldı ki, əgər onlar diksinərsə, müalicələrini davam etdirmək lazımdır.
Natəvan ilan vuranların müalicəsi ilə də məşğul olurdu. Pazəhr daşının sürtünməsilə alınan su ilə ilan vuran adamı müalicə edərdi. Natəvanın xüsusi buzxanası var idi. Burada onun həmişə ehtiyatda buzu olardı. Xəstəsi olan hər bir kəsə buz lazım olarkən, Natəvan onlara buz verərdi. Bir adam da olsun onun yanından naümid qayıtmazdı. Cümə günləri isə elə bil onun qəbul günləri idi. O. ehtiyacı olanlara hər cür kömək edərdi. Buna görə də rəiyyət həmişə onun hörmətini əziz tutardı.
Natəvanın yanına Şəkərmama adlı göy tumanlı bir qadın gələrdi. O, olduqca xoş söhbət edərdi. Natəvan onun söhbətlərinə qulaq asardı. Şəkərmama da Natəvanın hesabına yaşayardı.
Natəvan öz oğlunun tərbiyəsi ilə də məxsusi məşğul olmuş, ona fars dilini ögrətmişdi. Rus dilini də mükəmməl bilən Vəfa Tiflisdə olarkən həmişə farsca şeirlər yazıb Şuşaya göndərərdi. O, çox alim adam idi. Vəfa bir tərəfdən islam dinini müdafiə edər, növhələr yazardı. Məsələn, o, ağ köynək zikri yazıb baş çapanlara vermişdi ki, bu zikr belədir:
Yaran, gəlin bu gün əhdə vəfa edək,
Şahi-dini üçün canlar nisar edək.
Dini-Məhəmmədi xar-zəlil olub,
Dini-Məhəmmədə canlar nisar edək.
İkinci tərəfdən isə Vəfa gözəlliyi, həyatı, həyatdan zövq almağı tərənnüm edən şeirlər yazardı.
Vəfa ildə bir dəfə Tiflisdən Şuşaya gələrdi. Hər gün Tiflisdən ona məktub gələrdi. Bir gün kağız gəlmədi. Bahar fəsli idi. Məktubun gəlməməyi münasibətilə Vəfa bu şeiri yazdı:
Gül gəldi-gəlmədi xəbər ol gülüzardan,
Yox hasilim bu fəsildə baği-bahardan.
Düşvardır kim, kağız ilə şərhi-hal edəm,
Çoxdur şikayətim ona bu ruzigardan.



Bu yazı ( 201 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar