12px14px16px18px

"Seriallarımızda azərbaycanlı qardaşlarımızı üzəcək heç bir kəlməyə yol verilə bilməz"

12:01 / 02.05.2012
Dünən Türkiyənin Bakıdakı səfirliyində TRT-nin istehsalı olan "Avrupa, Avrupa" serialının yaradıcı heyəti və aktyorları mətbuat konfransı keçiriblər.
İki gündür ki, Bakıda olan qonaqlar serialın bir seriyasının çəkilişlərini Bakıda çəkiblər. Serialın çəkilişləri zamanı yaradıcı heyət və aktyorlar Türk Məzarlığını, Şəhidlər Xiyabanını, İçərişəhəri, Sahil bağını, "Park Bulvar"ı və Bakının digər görməli yerlərini gəziblər.
Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə Azərbaycan dostluğunun mədəni sahədə də özünü göstərdiyini qeyd edərək, Türkiyənin istehsalı olan bu serialın həm də Azərbaycanın olduğunu bildirib. Serialın müəllifi Banu Akdeniz Bakıda olduğundan fərəh hissi keçirdiyini, burdakı insanların münasibətindən razı qaldığını söyləyib: "Azərbaycanda olan zaman elə bilirik ki, sanki öz evimizdəyik. Bu əməkdaşlığın davamı kimi iş birliyi qurmaq fikrindəyik. Düşünürük ki, "Avrupa, Avrupa" serialında bir kiprli ailə olduğu kimi, yeni mövsümdən bir azərbaycanlı ailəsini də yeni personajlar kimi əlavə edək".
Aktyor Kadır Çöpdəmir isə Azərbaycanda ilk dəfə olduğunu, qardaş ölkə haqqında bilgisinin az olduğunu etiraf edib. O, qeyd edib ki, Azərbaycanı əsasən musiqilərindən tanıyır: "Azərbaycan mahnıları mükəmməldir, bunun şahidi kimi aparıcısı olduğum bir yarışmada Samir Piriyevin çıxışları hələ də Türkiyədə unudulmayıb. Buranın mətbəxini çox bəyəndim və inanıram ki, işlə əlaqədar olmasa belə Bakıya tez-tez gələcəm".
Azərbaycanda daha çox sevilən aktyor Tarık Ünlüoğlu Bakıya ilk dəfə 1989-cu ildə gəldiyini söyləyib: "Bu illər ərzində Bakı çox inkişaf edib. Aparılan tikinti işləri, sadəcə, mükəmməldir. Yaxınlarda paytaxtınızda "Eurovision" yarışması keçiriləcək. Şəhərin bu müsabiqəyə ciddi hazırlığı hiss olunur".
Sonra aktrisa Selen Seyven və serialın rejissoru Şafak Bal da insanların onlara göstərdikləri səmimi münasibətə görə təşəkkür ediblər: "Bəzən deyirlər ki, Türkiyə seriallarında Azərbaycan vətəndaşlarının obrazı yaxşı canlandırılmır. Biz bununla razı deyilik. Çünki Türkiyə ilə Azərbaycan qardaş ölkə olduğu üçün, orda göstərilən hər bir şey hər iki ölkənin imicidir. Bizim serialda azərbaycanlı qardaşlarımızı üzəcək heç bir kəlməyə və epizoda yol verilə bilməz".
Pərviz SADIQOV





Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar