12px14px16px18px

ABŞ-da azərbaycanlı professorun elmi monoqrafiyası dərc olunub

00:52 / 01.05.2012
Bu günlərdə Azərbaycan vətəndaşı, Türkiyənin Atatürk Universitetinin professoru, Fizika-Riyaziyyat Elmləri Doktoru Arif Salimov (Səlimov) tərəfindən yazılan “Tensor operatorlar və onların tətbiqləri” (Tensor operators and their applications) adlı elmi monaqrafiya Nyu-York şəhərindəki dünyaca tanınmış nəşriyyat olan “Nova Science Publishers, Inc., New York, USA” mətbəəsinin elm şöbəsində müsbət rəy alaraq cap edilib. Bu monoqrafiya həndəsənin tensor operatorlar mövzusuna həsr olunan dünyada ilk monoqrafiyadır. A.Səlimov Azərbaycanda Həndəsə ixtisası üzrə yeganə elmlər doktorudur və o, bu il Azərbaycan Milli Elmlər Akademiyasına keçiriləcək seçkilərdə Riyaziyyat üzrə müxbir üzvlüyünə namizədlər arasındadır.
A.Səlimov 1956-cı ildə Ağsu şəhərində anadan olub. 1973-cü ildə Ağsu şəhər 1 nömrəli orta məktəbini bitirərək, 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olub. 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnistutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin aspiranturasında “həndəsə və topologiya” ixtisası üzrə təhsil alıb. 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edib. 1983-1995-ci illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında assistent və dosent vəzifələrində çalışıb. 1998-ci ilin sentyabr ayında isə Kazan Dövlət Universitetində “həndəsə və topologiya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. A.Səlimov Azərbaycanda “həndəsə və topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib olan yeganə elm adamıdır. O, tensor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. Onun 10-dan çox tələbəsi fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edib. 100-dən çox elmi əsəri olan A.Səlimovun bir çox yazıları ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, İtaliya, Hollandiya, Polşa, Türkiyə və başqa ölkələrin SCIE kateqoriyalı nüfuzlu elmi jurnallarda çap olunub.
A.Səlimov 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışmağa başlayıb və hazırda bu universitetin “matematik bölümü”ndə professor vəzifəsində çalışır.
O, Türkiyə Dövlətinin Elm və Texnika Komitəsinin qrantlarını (TBAG-105T551, TBAG-108T590) və bir çox təşviq mükafatlarını alıb.
AQİL




Bu yazı ( 1303 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar