12px14px16px18px

“Təhsil və tərbiyə gələcəyimizdir”

00:44 / 01.05.2012
Ötən həftənin şənbə və bazar günü “Ambassador” otelində “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyinin tərbiyə mədəniyyətinin təkmilləşdirilməsinə və cəmiyyətimizdə bu sahədə fəallığın artırılmasına yönələn “Təhsil + Tərbiyə = Uğurlu Nəsil” adlı növbəti layihəsi keçirilib. “Pətək” İctimai Birliyinin sədri Sevinc Əsgərova ölkəmizdə uşaq tərbiyəsi sahəsində yaranmış vəziyyətdən, mənəvi tərbiyənin şəxsiyyət üçün əhəmiyyətindən danışaraq, birliyin bu istiqamətdə apardığı işlərə toxunub.
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin müavini Yeganə Cəfərova mənəviyyatın insan şəxsiyyətinin formalaşmasındakı önəmli yerini vurğulayaraq, birliyin uşaqların mənəvi tərbiyəsi üzrə apardığı yenilikçi fəaliyyətini qeyd edib.
Bakı Baş Təhsil İdarəsi Məktəbdənkənar iş şöbəsinin müdiri Qənirə Sultanova sərgi-təqdimatı və “Pətək” İctimai Birliyinin fəaliyyətini alqışlayıb. O, birliyin nəzdindəki kursların uşaqların intellektini inkişaf etdirdiyini, onların mənəviyyatını zənginləşdirdiyini söyləyib. Şamaxı rayon Təhsil İdarəsinin müdiri Səadət Veysova belə ictimai birliklərin bölgələrdə də fəaliyyət göstərməsinə böyük ehtiyac olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbir iştirakçıları “Pətək” İctimai Birliyinin uşaq tərbiyəsi sahəsindəki fəaliyyətini əks etdirən müxtəlif çap materialları, fotolar sərgilənir, qonaqlar hədəfi milli əxlaqi dəyərlərə sahib çıxan sağlam ruhlu, hərtərəfli inkişaf etmiş uğurlu nəsil yetişdirmək olan birliyin həyata keçirdiyi maraqlı tədbirlərlə, əldə etdiyi nailiyyətlərlə tanış olublar. Gün ərzində valideynləri sərgi ilə tanış olan balacalar burada qurulmuş (“Pətək”in nəzdində fəaliyyət göstərən) kukla teatrının tamaşalarına baxaraq əyləniblər. Sərginin ikinci günü qonaqların diqqətinə layihə ərəfəsində həyata keçirilən sorğu, onun nəticələri, statistik göstəricilər və yaranmış vəziyyətdən çıxış yolları üçün İctimai Birlik təkliflərinin də səsləndirildiyi videoçarx təqdim olunub.
AQİL





Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar