12px14px16px18px

“Bu, İranın maraqlarına cavab vermir”

MÜBARİZ ƏHMƏDOĞLU: “İRANIN AZƏRBAYCANA QARŞI APARDIĞI KAMPANİYAYA BU ÖLKƏDƏYKİ ERMƏNİ DİASPORU DA QOŞULUB”

05:45 / 28.04.2012
“Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı Gürcüstan parlamentində baş vermiş insident maraqlı təklifi üzə çıxardı. Tbilisi erməniləri icmasının rəhbəri S.Tatevosov bu insidentdən narazılığını bildirmək məqsədilə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyaya müraciət etdi. Bu müraciətdə hədsiz mühüm məsələ var”. Bu sözləri “525”ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O, qonşu Gürcüstanın indi öz tarixinin ən mühüm dövrünü yaşadığını bildirib. Onun sözlərinə görə, rəsmi Tbilisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçiliklə çox böyük divident qazana bilərdi: “Gürcüstan indi öz tarixinin ən mühüm dövrünü yaşayır: ləyaqətli qonşu nümunəsi olmaqla mürəkkəb geosiyasi şəraitdə davamlı inkişaf edir; həm öz ərazisində, həm də özünün tarixi qonşularının ərazilərində özgələr tərəfindən sırınmış münaqişələrin həllində vasitəçilik rolu tarixən məhz Gürcüstan üçün müəyyən olunub. Elə bu fikirlə də Tbilisi erməni icması Ermənistanla-Azərbaycan arasında mövcud olan münaqişədə Gürcüstanın vasitəçiliyini gündəliyə gətirdi. Eləcə də Tbilisi ermənilərinin fikrincə, dini lider II İlya belə vasitəçi ola bilər.
Rəsmi Tbilisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçiliklə çox böyük divident qazana bilərdi. Müstəqil Gürcüstanın rəhbərləri bu işlə heç zaman məşğul olmayıblar. Müstəqilliyinin ilk illərində Gürcüstanın daxilindəki qeyri-sabitliyi nəzərə alsaq, rəhbərlərin məhz bu qeyri-sabitliyə görə vasitəçilik təşəbbüsü irəli sürməməsi arqumentinə bəlkə də inanmaq olar. Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda sabitlik olsa da Saakaşvili üç dövlətli regionda digər iki dövlət – Ermənistan və Azərbaycan arasındakı münaqişədən öz xeyrinə istifadə etmək kursu götürdü. O, vasitəçilik missiyası təşəbbüsü irəli sürsəydi, həm özü üçün, həm də ölkəsi üçün beynəlxalq aləmdə əlavə divident əldə edə bilərdi. Gürcüstanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasının zəruriliyi ideyası Azərbaycanın ictimai-siyasi mühiti tərəfindən vaxtaşırı dəstəklənsə də, rəsmi Tbilisi bunu qulaqardına vurub. İlk olaraq bu ideyadan istifadə etmək barədə ciddi hazırlıq işləri aparmaq lazımdır. Gürcüstanda yaşayan erməni və azərbaycanlı icması ilə birlikdə bu mərhələni sürətlə başa vurmaq olar. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərini Katolikos-Patriarxı II İlyanın təşəbbüsü ilə Gürcüstanda yaşayan erməni və azərbaycanlı icmaları arasında keçirilən görüşlərə qatmaq olar. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bu prosesdə iştirakına maneçilik yaradılarsa, maneçilik edən tərəfə Gürcüstan ictimaiyyəti təzyiq edə bilər”.
Politoloqa görə, region dövlətləri arasındakı dini vəziyyət Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanı ermənilərlə azərbaycanlılar arasında vasitəçilik etməyə maraqlandıra bilər. II İlyanın həm insani, həm də dini ömrünün ən müdrik çağları olduğunu dilə gətirən M.Əhmədoğlu belə müdrikin vasitəçiliklə məşğul olması təkcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin yaxşılaşmasına deyil, ümumilikdə regionun sabitliyinə və inkişafına yeni mahiyyətli güclü stimul verəcəyini qeyd edib.
Daha sonra İran Azərbaycan münasibətlərinə toxunan politoloq insan hüquqları baxımından İrandan baxdıqda bu ölkə ilə müqayisədə Azərbaycanın ümumiyyətlə Avropa olduğunu deyib. Onun fikrincə, İranda insan hüquqları olmadığı üçün onun pozulmasını da araşdırmağa ehtiyac yoxdur. O, “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyaya İran erməni diasporunun təmsilçilərinin də qoşulduğunu bildirib: “Güclü iqtisadi inkişaf və avrointeqrasiya yoluna qədəm qoymuş Azərbaycan hakimiyyəti də “Avroviziya” tipli beynəlxalq tədbirlər və ya turnirlər keçirməyə məcburdur. “Avroviziya” mahnı müsabiqəsi Azərbaycanın hakimiyyətini təbliğ etmək üçün deyil, Azərbaycan xalqını, onun tarixini, mədəniyyətini dünyaya tanıtmaq üçündür. Bu, İranın maraqlarına cavab vermir. İran hökuməti öz əhalisini sosial-iqtisadi çətinliklərə məruz qoyub, hər həftə qiymətlər bahalaşır. Rəsmi Tehran pulu öz əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına sərf etmək əvəzinə, beynəlxalq hüquq müdafiə təşkilatlarına və qərb mətbuatına ötürür. Qərb siyasətçiləri, mətbu orqanları isə İranı bir tərəfdən terrorçuları maliyyələşdirməkdə ittiham edir, digər tərəfdən özləri İran maliyyəsindən istifadə edirlər. Qərb hökumətləri özlərinin mətbu orqanlarının, öz ölkələrində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarının, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının İranla əlaqələrini ciddi nəzarətə götürməlidir. ABŞ-da və Avropada bəzi parlamentarilərin ermənilər vasitəsilə İranın vəsaiti hesabına maliyyələşməsi barədə də məlumatlar mövcuddur”.
Aqil LƏTİFOV





Bu yazı ( 178 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar