12px14px16px18px

I Hüquq Olimpiadasının qalibləri mükafatlandırılıb

12:06 / 27.04.2012
Dünən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən I Hüquq Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Gənclər və İdman Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkilinin dəstəyi ilə keçirilən olimpiadaya hüquq fakültəsinin tələbələri ilə yanaşı qeyri-ixtisasda təhsil alan tələbələr də qatılıb.11 ali təhsil müəssisəsini təmsil edən 60 tələbə arasında keçirilən final mərhələsində iştirakçılara ümumi balı 55 olan suallar təqdim olunub. Suallar test və açıq olmaqla qarışıq şəkildə tərtib olunub. Mükafatlandırma mərasimində çıxış edən Ombudsman Elmira Süleymanova hüquq olimpiadası təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib: “Bu gün bütün dünya insan hüquqlarının qorunmasını tələb edir. Gənclərin bu prosesdə iştirakı olduqca önəmlidir. Xalqın problemləri, Qarabağ münaqişəsi hər bir Azərbaycan vətəndaşını düşündürməlidir. İstərdim ki, regionlarda gənclər mərkəzləri inşa olunduğu kimi gənclər və uşaqların insan hüquqları mərkəzi də yaradılsın”. Gənclər və idman nazirinin müavini İntiqam Babayev öz çıxışında olimpiadanın əhəmiyyətindən danışıb: “Bütün həyatımız boyu hüquq anlayışı bizimlə birgə olur. Bu baxımdan bugünkü olimpiadanın əhəmiyyəti böyükdür. Hesab edirəm ki, bu layihə uğurla başa çatdı. Biz də öz fəaliyyətimizdə gənclərin hüquqlarını təmin edirik. Gənclər proqramı tərtib olunarkən belə gənclərin fikirləri nəzərə alındı”. Nazir müavini əlavə edib ki, artıq dünya miqyasında Azərbaycan gənclərinin öz dəsti-xətti var. Sonda qaliblər diplom, sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb.
S.QARAYEVA



Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar