12px14px16px18px

“Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda konfrans olub

12:05 / 27.04.2012
Dünən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyilə “Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda konfrans keçirilib. Konfransda ilk olaraq narkomaniyadan bəhs edən video-çarx nümayiş olunub. Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov konfransın məqsədindən danışıb: “Konfransın əsas məqsədi burada narkomaniya ilə bağlı səslənən fikirləri ümumiləşdirərək müvafiq qurumlara təqdim etməkdir. Bu problemin həllində cəmiyyətin dəstəyi çox önəmlidir”. Onun sözlərinə görə, tədbir ölkə prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə” dövlət proqramına müvafiq olaraq təşkil olunub: “Demək olar ki, hamı narkotikin necə ziyanı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamda var. Mənim məqsədim bu təhlükəni insanlara çatdırmaqdır. Tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir, lakin onun caynaqlarından qurtulmaq çox az adama nəsib olub. Hətta narkotikdən can qurtarmaq barədə güclü iradə yaransa da bunu etmək çox çətin və uzun vaxt tələb edir. Bu problemi həll etmək çox az adama nəsib olub. Buna görə də ən yaxşı həll yolu-narkotikə toxunmamaqdır”. Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Vasif Quliyev bildirib ki, narkomaniya ilə təkcə dövlət strukturları deyil, həm də vətəndaşlar mübarizə aparmalıdır. Sonda adıçəkilən mövzuda müzakirələr aparılıb. İdarə tərəfindən paytaxt və regionlarda narkomaniya ilə mübarizəni əks etdirən xüsusi afişalar asılması və bilbordların quraşdırılması, sözügedən problemlə bağlı televiziya proqramlarının hazırlanması təklif olunub.
S.QARAYEVA



Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar