12px14px16px18px

Mətbuat Şurası ilə ATƏT-in Bakı ofisinin birgə layihəsi çərçivəsində ilk veriliş keçirilib

11:46 / 27.04.2012
Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü, “İctimai TV”nin informasiya dəstəyi ilə baş tutan “Media və cəmiyyət münasibətlərində media müzakirələri” adlı layihə çərçivəsində ilk veriliş keçirilib. İTV-nin hazırladığı proqramda müzakirə mövzusu Azərbaycan mediasının iqtisadi vəziyyəti olub. Müzakirədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəxtiyar Sadıqov, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Gün.az” portalının baş redaktoru Elnur Baimov iştirak ediblər. Proqram iştirakçıları əsasən ölkədə reklam bazarının vəziyyətindən, dövlət reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsi təcrübəsinin tətbiqinin ölkəmizin media məkanına təsirindən, qəzet yayımında və səyyar satışda müşahidə edilən problemlərdən, qəzet köşklərinin təyinatı üzrə fəaliyyət göstərməsi zərurətindən, KİV-lərin bazar münasibətlərinə uyğunlaşması üçün onlara uzun müddətli kreditlərin verilməsinin vacibliyindən və digər bu kimi məsələlərdən ətraflı söhbət açıblar. Onlar sadalanan istiqamətlər üzrə Mətbuat Şurasının konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflər də veriblər. Qeyd edək ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsindən məqsəd Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin problemlərin aradan qaldırılmasına effektik təsir mexanizminin formalaşmasına dəstək göstərməkdən ibarətdir. Əsas hədəflərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyətlə medianın əlaqələrini möhkəmləndirməkdir. İlin sonunadək həyata keçiriləcək layihə çərçivəsində ATƏT-in Bakı ofisinin, Mətbuat Şurasının, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçilərinin, media ekspertlərinin iştirakı ilə “İctimai TV”də başqa mövzularda da müzakirələrin təşkili planlaşdırılır.



Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar