12px14px16px18px

Uzun, ağır bir yol

11:42 / 27.04.2012
Yaz ayları gələndə insanda torpaq, Qarabağ, Şuşa həsrəti baş qaldırır. Mahnılarda, şeirlərdə Qarabağın rəmzi kimi təsəvvür olunan xarı bülbülün Şuşadakı qayaların günvuran yerində açıldığı zamandır bu fəsil. 20 il boyunca bu torpaqlara həsrət qalmağımıza baxmayaraq, elə bil hər il olduğu kimi qarabağlıların dediyi kimi “aran camaatı” gəlməyə başlayacaq. Onların gəldiyi yollar elə də uzaq deyildi, Ağdamdan Şuşaya cəmi-cümlətanı 40 kilometrlik- bir saatlıq yoldur. Aran camaatı gələr, Cıdırdüzünə gedər və təzəcə çiçək açmağa başlayan kəklikotunun ətrindən xoşhal olardılar. Amma indi Şuşaya gələn yoxdur, heç biz də gedə bilmirik. Bu müharibə təkcə insanların dədə-baba torpağında, uzun illər əziyyətlə qurub yaratdığı evlərini əlindən almadı, həm də mənim yaşıdım olanların uşaqlığını əlindən aldı. Eləcə də ataları, qardaşları, əmiləri, dayıları, anaları, bacıları və bütünlükdə yaxınları şəhid oldu. Hərdən Şuşadan çıxdığım gün- 27 fevral 1992-ci ili xatırlayıram. Fevralın 26-da Xocalıda ermənilərin törətdiyi faciə hələ Bakıya çatmamış Şuşa əhlinə bəyan idi. Ona görə də evdəkilər söhbətləşib qərara gəldilər ki, balaca bacımla məni Yevlaxda yaşayan qohumların yanına aparsınlar. Gecəykən uzaq qohumumuz olan və Şuşa-Ağdam marşrutu ilə hərəkət edən Əhsən dayı ilə danışıb səhər yola çıxmaq üçün hazırlıq işlərinə başladılar. Çünki biz səhər saat 4-də qaranlıqda yola çıxmalıydıq ki, Laçına gedən Akkara yoluyla Ağdama gələk. Demək olar ki, həmin gecə yatmadıq, evdəkilərlə birgə mənim və bacımın əşyalarını topladıq. Avtobusun çıxmağına az qalmış Ağdamın Fərrux dağında şəhid olan İlham dayım bizi öz maşını ilə avtobusun yola düşəcəyi yerə gətirdi. Hər kəs yerbəyer olduqdan sonra Əhsən dayı “Allah Məhəmməd, ya Əli” deyərək, maşını işə salıb asta sürətlə şəhərdən çıxmağa başladı. Yolun Bala Kirsin altından keçən hissəsində Əhsən dayı böyüklərə uşaqları oturacağın altına əyməyi tapşırdı. Avtobus ləngər vuraraq bir az getdikdən sonra biz yenidən öz yerimizdə rahatlandıq. Artıq səhər açılırdı və ətrafda qalın qarın ağartısı gün işığında parlamağa başlayırdı. Qaladərəsi deyilən erməni kəndinə az qalmış Əhsən dayı köhnə, sovetdən qalmış avtobusu daha sürətlə sürməyə başladı. Sonralar öyrəndim ki, bu kənd azərbaycanlılar tərəfindən azad edildikdən sonra ermənilər qisas almaq üçün Qaladərəsinin yanından keçən maşınları partladır, atəşə tuturmuşlar. Ona görə də maşınlar buradan keçəndə sürətlə keçirlər ki, güllə-barana düşməsinlər. Biz Ağdama gəlib çatdıq. Amma elə bilirəm ki, hələ də yoldayam, Aşıq Veysəl şeirində demişkən “Uzun, incə bir yolda”. Uzun, incə bir yol kimi getdiyim bu həyat yolunda hərdən geriyə, uşaqlıq illərinə qayıtmaq istəyirəm. Düzdür, insanların çoxu getdiyi yolu qayıtmaq istəmir, amma mən istəyirəm. Müharibəni unutmaq istəyirəm, Şuşada doğulan uşaqların öz evində, həyət – bacasında oynadığını görmək istəyirəm. Düşünmürəm ki, istəklər mümkünsüzdür. Əgər istək varsa o mütləq gerçəkləşəcək. Sadəcə, o Vaxtı gətirmək lazımdır. O Vaxtsa bizdən asılıdır. Məndən, Səndən, Ondan. Vətənə, Qarabağa, Şuşaya dönmək istəyirəm!
Bəxtiyar MƏMMƏDLİ P.S. Bu yazı Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnam” Plüralizm Mərkəzinin həyata keçirdiyi “Qarabağ dərsləri” layihəsi üçün hazırlanıb.



Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar