12px14px16px18px

“Bu il bölgə ərazisi nəhəng məktəb tikintisi meydanına çevriləcək”

00:51 / 26.04.2012
Geniş quruculuq və abadlıq işləri həyata keçirilən Ağcabədi rayonu bu gün respublikanın sosial-iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən birinə çevrilib. Regionların sosial-inkişafına dair Dövlət proqramının tələbləri ilə əlaqədar görülmüş tədbirlər nəticəsində adıçəkilən bölgənin siması tamamilə dəyişib, əhalinin güzəranı, yaşayış səviyyəsi xeyli yüksəlib. Bütün sahələrdə olduğu kimi rayonda təhsil sahəsində də inkişaf, yenilik və müasirlik geniş vüsət alıb. Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun dediklərinə görə, bölgədə təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün konkret addımlar atılıb. Təkcə son 8 il ərzində burada 29 yeni məktəb binası tikilib istifadəyə verilib, 9 ümumtəhsil müəssisəsi isə əsaslı təmir olunub. Həmin tədris ocaqlarının hamısı yeni inventar və avadanlıqlarla təchiz edilib. Ötən ilin mayında rayona səfəri zamanı ölkə prezdentinin iştirakı ilə açılışı keçirilən regionlarda bənzəri olmayan yeni uşaq-gənclər şahmat məktəbinin istifadəyə verilməsi əlamətdar hadisə kimi yadda qalıb. Təsadüfi deyildir ki, belə bir töhfədən ruhlanan şahmatçılarımız bu il sözügedən müəssisədə təşkil edilən Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi respublika turnirində 31 şəhər və rayon şahmatçıları arasında qalib adını qazanıblar. Onlar bu yaxınlarda Beyləqanda keçirilən respublika birinciliyi üzrə zona yarışlarında da analoji nəticə göstəriblər.
Respublikada ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı proqramına uyğun olaraq rayonun tədris müəssisələrinə 624 ədəd kompüter dəsti təqdim olunub, 17 məktəb rayon təhsil şöbəsinin internet şəbəkəsinə qoşulub. M.Əhmədov qeyd edib ki, bölgə ərazisində yeni məktəb tikintisi uğurla davam etdirilir. Hazırda 3 saylı məktəb-litsey üçün 960 yerlik, Qaraxanlı və Şərəfxanlı kənd məktəbinin hər biri üçün 180 yerlik, Aran kənd 2 saylı məktəbi üçün 80 yerlik binaların tikintisi aparılır. Bu il 480 yerlik Rəncbərlər, 260 yerlik Aşağı Qiyamadınlı, 540 yerlik Təzəkənd, 220 yerlik Aran kənd 1 saylı, 480 yerlik Qaravəlli, 180 yerlik Bilağan, 320 yerlik Avşar kənd, 3 saylı Ağabəyli və Mehrablı kənd məktəbləri üçün hər biri 80 yerlik yeni binaların, şəhərdə 150 yerlik uşaq bağçasının tikintisi həyata keçiriləcək. Mehdi müəllimin dediklərinə görə, rayonda təhsilə göstərilən yüksək dövlət diqqət və qayğısı pedaqoji kollektivlərin fəaliyyətinin daha da canlanmasına, təlim-tərbiyə sahəsində nailiyyətlər qazanılmasına möhkəm zəmin yaradıb. Tədris müəssisələrində yeni üsullar geniş tətbiq olunur, məktəbdənkənar müəssisələrin fəaliyyətinə tələbkarlığın, bədən tərbiyəsi və idmana qayğının artırılması, pedaqoji kadrların ixtisasının və hazırlığının yüksəldilməsi, müəllim və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. İndi ən ucqar kənd məktəbində belə təlim-tərbiyə sahəsində yeni uğurlara imza atılır, yaxşı nəticələr əldə olunur. Cəsarətlə demək olar ki, şəhər və kənd məktəbləri arasında əvvəllər mövcud olan fərqlər aradan qaldırılıb. Şəhər məktəblərində olduğu kimi kənd məktəbləri şagirdlərinin də ali təhsil ocaqlarına qəbul olmaq üçün potensialları və şansları böyükdür. Onlar sınaq imtahanlarına və “Araz” kurslarına fəal surətdə cəlb olunurlar.
Respublika təhsil nazirliyi tərəfindən buraxılış imtahanlarının test üsulu ilə aparılması həm orta təhsilə münasibətin kökündən dəyişməsinə, həm şagirdlərin hazırlıq səviyyəsinin və məsuliyyətinin artırılmasına, həm də məktəbin nüfuzunun gücləndirilməsinə ciddi təsir göstərib. Bu gün ali və orta ixtisas məktəblərinə tələbə qəbulu rayonun bütün məktəb rəhbərlərinin, müəllim və valideynlərin başlıca qayğısı və vəzifəsi hesab olunur. Bunun nəticəsidir ki, ötən il rayon üzrə 196 nəfər məzun respublikanın müxtəlif ali təhsil müəssisəsinə qəbul olunub. Bu, Ağcabədi təhsili tarixində rekord nəticə hesab olunur. Təhsil şöbəsinin müdiri onu da əlavə edib ki, respublika prezidentinin sərəncamı ilə təsdiq edilmiş, “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramına” əsasən rayon məktəblərində istedadların üzə çıxarılmasına və onlara dəstək verilməsinə çox ciddi yanaşılır. Artıq istedadlı gənclərlə rayon rəhbərliyinin görüşlər keçirməsi ənənə halını alıb. Belə görüşlərdə istedadlı şagirdlər rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılır. Ali məktəblərə yüksək bal ilə qəbul olunan gənclərlə də bu cür görüşlər təşkil olunur və onların uğurları qeyd edilir.
Yəhya PAŞAZADƏ





Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar