12px14px16px18px

“Yəhudini düşmən bilən İran ermənini düşmən bilmir”

MÜBARİZ ƏHMƏDOĞLU: “İRAN HÖKUMƏTİ AZƏRBAYCANLILARA QURŞAQDAN AŞAĞI ZƏRBƏ VURUR”

00:41 / 26.04.2012
Son zamanlar Azərbaycanla İran arasındakı münasibətlər ətrafındakı münasibətlər ciddi müzakirə predmetinə çevrilib. Bir həqiqət var ki, İran hər vəchlə Azərbaycanın daxili işinə qarışmağa cəhd edir və ölkəmiz haqqında həqiqətə uyğun olmayan müxtəlif informasiyalar yayırlar. Bununla yanaşı regionda İslam ölkəsi olan Azərbaycanın torpaqlarını işğal etməsinə baxmayaraq, Ermənistana dəstək verən ilk ölkələrdən birinin məhz İran olması hər kəsə bəllidir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, İranla Ermənistan arasındakı sıx münasibətlər mövcuddur. O, İslam dininin belə bu münasibətlərə maneə ola bilmədiyini deyib: “İranın ermənilərə münasibəti bəllidir və İran rəsmilərinin dediklərinə görə, bu münasibətlərin kökü çox qədim zamanlara gedir. İki ölkə arasında münasibətlər o qədər genişdir ki, bu münasibətlər İslam dinimizin İran versiyasında dəyişikliklər yaradıb. Qurani-Kərimdə eyni ayənin (məsələn, əl-Məidə surəsi 51-ci ayə) içində İranın ziddiyyət axtarması məhz ermənilərə görədir. Məlum ayədə xristianlarla yəhudilərin adı yanaşı çəkilsə də, yəhudini düşmən bilən İran ermənini düşmən bilmir. Belə təfsir ola bilməz. Bu, Quran ayəsini saxtalaşdırmaqdır. Yaxınlarda erməni mətbu orqanlarından biri Dağlıq Qarabağda yaşayan erməniyə istinadən sensasiyalı açıqlama yaydı: Dağlıq Qarabağ ermənilərinin İranla birbaşa ticari əlaqələri mövcuddur. Kifayət qədər ciddi və populyar olan bu mətbu orqanının bizim üçün onun ən vacib keyfiyyəti Dağlıq Qarabağın içində gedən prosesləri bilməsi və daxildə baş verənlərlə bağlı vaxtaşırı yazılar yazmasıdır. Söz yox, son vaxtlar həmin səpkidən olan yazıları səngiyib, amma bu heç də onun Dağlıq Qarabağla bağlı yazdıqlarının ciddiliyinə təsir etməməlidir. Eləcə də Dağlıq Qarabağ ermənisi məhz bu faktora görə, yəni İranla Dağlıq Qarabağ arasındakı ticari əlaqələrə görə İranın vurulmasını istəmir. Dağlıq Qarabağla İran arasında ticarət əlaqələrinə maneçilik edən heç nə yoxdur; bu ərazilər işğal olunmuş ərazilərdir və heç kim tərəfindən qorunmur”.
Politoloqun fikrincə, İranda və Ermənistanda qurşaqdan aşağı zərbə çox dəbdədir. Onun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri ilə birbaşa ticarət əlaqələrinə Şərqi Azərbaycan (Təbriz) və Ərdəbil Ostanlıqlarının əhalisini cəlb etməklə İran hökuməti həmin azərbaycanlılara qurşaqdan aşağı zərbə vurur: “Bu iki Ostanlıqdakı azərbaycanlılar işin mahiyyətini bilmir, ya da rəsmi Tehranın qorxusundan səslərini çıxarmırlar. Dağlıq Qarabağla İran arasında birbaşa ticari əlaqələrin əsas obyekti kənd təsərrüfatı malları və neft məhsulları olsa da, bəzi məişət məhsulları da bura daxildir. Şərqi Azərbaycan və Ərdəbil Ostanlığı rəhbərlərinin Dağlıq Qarabağ erməniləri ilə alver etməsi üçün xüsusi qruplar yaratması da istisna deyil, çünki ən azı yayılan məlumatlarda bu işin son üç il ərzində davam etdiyini anlamaq olur. Həm də bu alverdə İran tərəfindən müəyyən qiymət güzəştləri də olmalıdır. Dağlıq Qarabağdan İrana əsasən qoyunlar gətirilir. İrandan isə Dağlıq Qarabağa neft məhsulları və İranın buradakı kənd təsərrüfatı texnikası üçün lazım olan ehtiyat hissələri daşınır. Bu işdə Şərqi Azərbaycan Ostanlığı (Təbriz) ilə əlaqə Dağlıq Qarabağ erməniləri üçün çox vacibdir”.
M.Əhmədoğlu Dağlıq Qarabağla İranın əlaqələrinin gizli məsələ olmadığını bildirib: “Söhbət birbaşa əlaqələrdən gedir. Bu vaxta kimi İranın Dağlıq Qarabağ erməniləri ilə əlaqələri İran-Ermənistan əlaqələrinin tərkib hissəsi kimi bəlli olub. Üç-dörd il bundan öncə İran Dağlıq Qarabağa xeyli güzəştli qiymətlə 20 ədəd kombayn və eyni sayda traktor satdı. Bütün əməliyyat rəsmi Yerevan vasitəsilə edildi. Başqa sözlə, Ermənistana ucuz qiymətlə satılan texnika sonradan Dağlıq Qarabağa göndərildi. Əlavə traktor və kombaynların göndərilməsi barədə razılaşma da əldə edildi. İranın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi marağı da bəllidir. Kəlbəcərdə İranın hava hücumundan müdafiə mütəxəssislərinin bir müddət iş apardığını, onların Ermənistanın hərbi hava qüvvələrini daha da təkmilləşdirdiklərini ehtimal edən məlumatlar vardır. Bu vaxta kimi ermənilər Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində İranın gördüyü işləri gizlədə bilirdilər. Dağlıq Qarabağ daxil olmaqla, işğal olunmuş ərazilərdə iki dəfə keçirilmiş monitorinqləri ATƏT-in Minsk Qrupunun həmsədrləri reallaşdırıblar. İran bu qurumu ermənipərəst hesab edir və arxayındır ki, məhz ermənilərə görə onun Dağlıq Qarabağda ərazisindəki fəaliyyətini sübut edən dəlillər aşkar edilməyəcəkdir. Bu monitorinqi keçirənlərin ermənilər tərəfindən idarə olunması da onlara bəllidir. Amma indi vəziyyət dəyişib. Yaxınlarda Avroparlament Azərbaycan və Ermənistanla assosiativ müqavilənin əsas prinsiplərini təsdiqləyən qətnamə qəbul etdi. Qətnamədə bir neçə niyyət də vardır. Həmin niyyətlərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşma siyasətini öyrənməkdir. Məskunlaşma təkcə ora köçən adamları saymaqdan ibarət olmayacaqdır; bu adamlar necə yaşayırlar, nəyin hesabına dolanırlar, təsərrüfatlarını nəyin hesabına idarə edirlər? Avroparlamentin qəbul etdiyi qətnamədən bəlli olur ki, Avropa İttifaqı ermənilərin sözünə o qədər də qulaq asmır; ən azı, ATƏT qədər qulaq asmır. Həmçinin ATƏT-də qərarlar konsensusla qəbul edildiyi halda, Avroparlamentdə sadə çoxluq kifayətdir. Bu, o deməkdir ki, tədqiqatçılar Dağlıq Qarabağ ərazisində İran silahı görsələr, dərhal qeydə alacaq və hesabatlarında göstərəcəklər. Eyni fikirlər Dağlıq Qarabağa verilmiş kənd təsərrüfatı texnikasına, onların ehtiyat hissələrinə və göndərilmiş neft məhsullarına aiddir”.
Aqil LƏTİFOV




Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar