12px14px16px18px

DAK-ın XII qurultayı keçirilib

SABİR RÜSTƏMXANLI VƏ FİRUDİN PƏRVİZNİYA YENİDƏN DAK HƏMSƏDRİ SEÇİLİBLƏR

00:52 / 24.04.2012
Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayı keçirilib. Qurultaya dünyanın 30 ölkəsindən 110 nümayəndə və qonaq qatılıb. Qonaqlar arasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı, Xalq artisti Afaq Bəşirqızı, Güney Azərbaycan İstiqlal Partiyasının sədri Eldar Qaradağlı, Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin, Ukrayna energetika nazirinin keçmiş müavini Burcu Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də yer alıb.
DAK-ın Ukrayna Nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov qurultayın Donetskdə keçirilməsinə şərait yaratdıqları üçün Ukrayna hökumətinə, Donetsk vilayətinin və şəhərinin rəhbərliyinə təşəkkürünü bildirib. M.Hüseynov DAK-ın fəaliyyətinin əhəmiyyətindən və qarşıda duran məqsədlərdən danışıb.
GAMOH sədri Mahmudəli Çöhraqanlı isə çıxışında İranda yaşayan türklərin haqlarının pozulmasına toxunub. O deyib ki, İranda milyonlarla Azərbaycan türkü öz hüququnun bərpası üçün mübarizəyə başlayıb: “20 il əvvəl Güney Azərbaycanda öz fərdi haqqını tələb edə bilməyən türklər, bu gün milli kimliklərinin bərpası uğrunda ciddi hərəkata başlayıblar. Artıq milli hərəkatımız yüksəliş mərhələsindədir. Əlbəttə 35 milyonuq, amma əliyalınıq, arxamızda heç kim olmadan mübarizə aparırıq. Ümid edirəm ki, güneyli türklər öz soydaşlarından lazımı dəstəyi alacaqlar və layiq olan haqlarını əldə edəcəklər”.
O, DAK-la birgə əməkdaşlığın milli və dövlət maraqları üçün xüsusi əhəmiyyətinin olduğunu deyib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Qaya dünya türklərinin problemlərinə toxunub. O, Türkiyənin 30 ilə yaxındır terrorla qarşı-qarşıya olduğunu deyib. A.Qaya Güney Azərbaycan türklərinin problemlərinə də diqqəti yönəldib. O, Türkiyə parlamentində Güney Azərbaycandakı türklərin hüquqları ilə bağlı məsələnin müzakirəsini gündəmə gətirilməsi üçün dəfələrlə öz təklifləri ilə çıxış etdiyini söyləyib.
İraq Türkmən Cəbhəsinin nümayəndəsi, İraq parlamentinin deputatı və DAK-ın həmin ölkə üzrə təmsilçisi Əkrəm Fevzi ana dilinin önəmi barədə danışıb. O, türklərin təzyiqlərə qarşı birgə mübarizəsinin əhəmiyyətini vurğulayıb. Ə. Fevzi DAK-ın növbəti qurultayının Kərkük şəhərində keçirilməsi təklifi edib.
Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin diqqəti Güney Azərbaycanın müstəqilliyinin əldə olunması ilə bağlı mübarizəyə yönəldib. O, müstəqilliyin əldə edilməsi üçün uyğun şəraitin yaradıldığını qeyd edib. Bunun dövlətçiliyin yaranması üçün böyük şans olduğunu deyən M.Bilgin DAK-ın Güney Azərbaycan hərəkatına verdiyi dəstəyin davamlı olacağına ümid etdiyini söyləyib.
Güney Azərbaycan İstiqlal Partiyasının sədri Eldar Qaradağlı əməkdaşlığın vacibliyini söyləyib və Azərbaycan Cümhuriyyətinin güneyli türklərin problemlərinin dünyada təbliğinə bundan sonra da dəstək verəcəyinə inandığını bildirib.
Sonra toplantıda mandat komissiyası və divan seçilib.
DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və təşkilatın digər qurumlarının rəhbərləri hesabat xarakterli çıxış ediblər.
Sabir Rüstəmxanlı deyib ki, DAK ötən iki il ərzində əsas diqqəti təşkilatlanmaya və beynəlxalq əlaqələrin genişlənməsinə yönəldib: “Beynəlxalq əlaqələr çərçivəsində Güney Azərbaycan məsələsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər aparılıb. Təşkilatın fəaliyyət coğrafiyası çox geniş olub. Bu gün dünyada həm güneydən, həm də quzeydən olanların sayı çoxdur. Onların birgə fəaliyyət göstərməsi daha vacibdir. Yoxsa münasibətlərin soyuması prosesi dərinləşə bilər. Təvazökarlıqdan uzaq olsa da, bəzən Güney Azərbaycanın qeyri-rəsmi səfiri funksiyasını yerinə yetirməli oluram. Əslində bu, tez-tez baş verir. Nəzərə alınmalıdır ki, Güney Azərbaycandan olan tələbələrin təhsilində güzəştlərin tətbiqi çox vacibdir. Parlamentdə bunu dəfələrlə söyləmişəm, yazılı qayda da hökumətə müraciət də etmişəm. Bu məsələyə etinasızlıq milli dəyərlərə xəyanətdir”.
S.Rüstəmxanlı Azərbaycan türklərinin lobbiçilik fəaliyyətinin gücləndirilməsi məqsədilə xarici dillərdə yayımlanan televiziya kanalının və qəzetin yaradılmasına ehtiyac olduğunu da söyləyib.
DAK həmsədiri Firudin Pərvizniya təşkilatlanmada və fəaliyyətin inkişaf etdirilməsində iqtisadi imkanların genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Güney Azərbaycan türklərinin haqlarının pozulmasına toxunan F.Pərvizniya istənilən halda azərbaycanlıların haqlarının bərpasına nail olacaqlarını söyləyib.
Məruzələrdən sonra təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində Sabir Rüstəmxanlı, Vaqif Arzumanlı, Xəzər Emin, İsmayıl Ağayev, Zəlimxan Məmmədli, Atilla Qaya, Şəhzad Cahanpənah, Abuzər Bağırov, Tahir Hacıyev, Rəhman Abbasov, Kənan Ağazadə, Firudin Pərvizniya, Əjdər Tağızadə, Eldar Qaradağlı, Rəhmət Rafət, Möhlət Hüseynov, Fuad Ağayev, Əkrəm Fevzi, Esmira Əsgərova DAK İdarə Heyətinin üzvü seçiliblər.
DAK-ın 50 nəfərlik Məşvərət Məclisinin sədri vəzifəsinə isə GAMOH lideri Mahmudəli Çöhrəqanlı seçilib. Qurumun Nəzarət və Təftiş Komissiyasına isə Samir Əsədli rəhbərlik edəcək.
Daha sonra İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib və Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın növbəti müddətə həmsədri seçiliblər. Eldar Qaradağlı, Vaqif Arzumanlı, Xəzər Emin, Abuzər Bağırov DAK həmsədrinin müavini təyin olunublar.
Tədbir ədəbi-bədii tədbirlə davam etdirilib.
Aqil LƏTİFOV



Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar