12px14px16px18px

ARDNŞ Sulutəpədəki insidentlə bağlı xüsusi komissiya yaratdı

DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİ RÖVNƏQ ABDULLAYEV QANUNSUZ TİKİLİLƏR İNŞA EDƏNLƏR, ELƏCƏ DƏ JURNALİSTLƏRƏ TƏZYİQLƏ ƏLAQƏDAR FAKTIN ARAŞDIRILMASI ÜÇÜN ƏMR İMZALADI

10:42 / 20.04.2012

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Binəqədi rayonu Sulutəpə qəsəbəsində qanunsuz inşa olunan yarımçıq tikililərin inşasının qarşısının alınması zamanı baş verən insidentin araşdırılması məqsədilə xüsusi komissiya yaradıb. “Trend”in şirkətin saytına istinadən verdiyi məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin 18 aprel 2012-ci il tarixli əmri ilə neft-qaz əməliyyatları üçün nəzərdə tutulmuş mədən ərazilərində qanunsuz inşa olunan yarımçıq tikililərin inşasının qarşısının alınması məqsədilə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin hüquq-mühafizə orqanları ilə birlikdə keçirdiyi tədbir zamanı baş vermiş hadisələrin, kütləvi informasiya vasitələrində yayımlanmış video və foto görüntülər, eləcə də əldə edilmiş digər materiallar əsasında Şirkət əməkdaşlarının və hadisələrin digər iştirakçılarının əməllərinin ətraflı araşdırılması və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Əmrdə deyilir ki, Təhlükəsizlik İdarəsi tərəfindən aprelin 18-də həyata keçirilmiş tədbir barəsində ətraflı məlumat toplanılsın, KİV-də yayımlanmış məlumatlar ətraflı araşdırılsın, tədbir zamanı öz vəzifə funksiyalarını yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş və jurnalistlərə münasibətdə hüquqazidd hərəkətlərə yol vermiş əməkdaşların dairəsi müəyyən edilsin və onlar barəsində lazımi tədbirlər görülməsi barəsində təkliflər versin, son zamanlar mövcud qanunvericiliyin tələblərinə məhəl qoymadan qanunsuz tikililəri inşa etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ətraflı məlumatların toplanılması və mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilməsi təmin edilsin; komissiya tərəfindən görülmüş tədbirlər barəsində ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması üçün tədbirlər görülsün; bu əmrdən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi təmin edilsin. Təhlükəsizlik İdarəsinə tapşırılıb ki, özbaşına tikililərin inşasının qarşısının alınmasında iştirak edən əməkdaşların konflikt şəraitində qüvvədə olan qanunvericiliyin, ARDNŞ-nin daxili normativ sənədlərinin tələblərinə, vəzifə təlimatlarına ciddi əməl olunmasına, hüquqazidd hərəkətlərə yol verilməməsi üçün zəruri təbliğat, maarifləndirmə tədbirlərini həyata keçirsin, şəxsi heyətin belə tədbirlər zamanı nümunəvi davranış qaydalarına riayət etməsi üçün təbliğat keçirilməsini təşkil etsin. Bu arada aprelin 19-da bəzi KİV rəhbərləri bir araya gələrək jurnalistlər İdrak Abbasov və Günay Musayevanın Sulutəpədə döyülməsini pisləyiblər. Toplantıda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Qafqazinfo” saytının rəhbəri Elbrus Ərud, ABŞ səfirliyinin əməkdaşları Kis Bin və Mehdi Hüseynquliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Deyerler.org” portalının baş redaktoru İlqar İbrahimoğlu, QHT rəhbəri Pərviz Həşimli, jurnalistlər Ceyhun Musaoğlu, Rey Kərimoğlu və başqaları iştirak ediblər. İclasda jurnalistlərə qarşı baş verən hadisə müzakirə olunub, qəzetçilərə fiziki xəsarət yetirənlərin cəzalandırılmasını, bu kimi hallara son qoyulmasını təmin etmək üçün Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və ombudsman Elmira Süleymanovaya müraciət edilməsi qərara alınıb. Toplantıda qeyd olunub ki, təşəbbüsü dəstəkləyən qəzetlərin 2-ci səhifəsində təzyiqə məruz qalan jurnalistlərin şəkilləri və onları döyən ARDNŞ mühafizəçilərinin cəzalandırılmasını tələb edən şüar yerləşdirilsin. Baş verənlərlə əlaqədar Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia jurnalist İdrak Abbasovun döyülməsini pisləyib. APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən səfir hadisə barədə təfsilatlı məlumata malik olmadığını deyib: “Baş verən hadisənin detalları, səbəbi, motivi, necə baş verməsi barədə tam məlumata malik deyiləm, lakin faktın baş verməsini və jurnalistin döyülməsi bu hadisəni pisləmək üçün kifayətdir”. Səfir Avropa Birliyinin hadisə ilə əlaqədar faktları topladıqdan və məlumatın dəqiqliyi təsdiqləndikdən sonra bəyanatla çıxış edəcəyini də istisna etməyib. Qeyd edək ki, ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də Sulutəpədə baş verən insident zamanı jurnalistlərin döyülməsini pisləyən bəyanatla çıxış edib. Daxili İşlər Nazirliyi (DİN) də Bakının Sulutəpə qəsəbəsində qeydə alınan insidentlə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Daha sonra sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar. Pərviz SADIQOV  


Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar