12px14px16px18px

“Mövcud dini sabitlikdən arxayınlaşmaq olmaz”

10:29 / 20.04.2012
Dünən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib. Bu barədə “525”ə Dini Komitənin mətbuat xidmətindən məlumat verilib. Məşvərət Şurasının sədri Hidayət Orucov toplantını açaraq bildirib ki, qədim mədəniyyətə malik udi etnosunun respublikamızın dövlət-din münasibətlərində daha geniş təmsil olunması məqsədi ilə Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Şuranın tərkibinə daxil edilib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. H.Orucov Azərbaycanda dövlət-din münasibətlərində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasət bu gün respublikamızın Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib: “Ölkədə dini durum sabitdir və bu istiqamətdə həyata keçirilən siyasət bəhrəsini verməkdədir. Lakin mövcud sabitlikdən arxayınlaşmaq olmaz. Çünki zərərli meyillər cəmiyyətdə çaşqınlıq yaratmaq, vətəndaşları öz məqsədlərinə çatmaqda alətə çevirmək meyillərindən rahatlıqla əl çəkmirlər. Belə meyilləri dəf etməyin ən təsirli yollarından biri də dini maarifçilik işini gücləndirməkdir. Dövlət Komitəsi bu istiqamətdə fəaliyyətini yüksək səviyyədə qurub. Ancaq bu işdə cəmiyyətdə nüfuz sahibi olan din xadimləri daha fəal çalışmalıdırlar. Əsl dini dəyərləri təlqin etmək lazımdır ki, vətəndaşlarımız zərərli qrupların təsir dairəsinə düşməsinlər. Məhz bu səbəbdən dini ictimaiyyətin fikirlərinə daha çox tələbat vardır”. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanda Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ölkəmizdə mövcud olan tolerantlığın, beynəlxalq aləmdə nümunəyə çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, ötən ilin sonlarında Prezident İlham Əliyevin dini konfessiyalara maddi yardımın göstərilməsi ilə bağlı göstərişi dünyanın heç bir ölkəsində rast gəlinməyən, Azərbaycan dövlətinin dinə və dindara münasibətini, diqqət və qayğısını, bir daha təsdiqləyən faktdır. Şura üzvləri bildiriblər ki, Azərbaycanda din sahəsində heç bir problemin yaşanmaması yürüdülən dövlət-din münasibətləri modelinin uğurlu nəticəsidir: “Bununla belə, bəzən müəyyən radikal dairələr din adından istifadə edərək cəmiyyətdə fikir çaşqınlığı, ajiotaj yaratmaq üçün müəyyən cəhdlər göstərirlər. Doğrudur, vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə qorunur və belə kiçik qruplar dövlətimizin bütövlüyünə təhlükə yarada bilməzlər. Lakin dini maarifçilik işini elə səviyyəyə çatdırmalıyıq ki, radikal dairələrin yaydıqları ideyalar ifşa edilsin və “tor”a düşən insanlarımız din pərdəsi altında şüurlarına yeridilən fikirlərin dinlə heç bir əlaqəsinin olmadığını, əksinə, kökündə bəd niyyətlərin durduğunu anlayaraq qısa müddətdə islah olunsunlar. Bunun üçün bütün təbliğat vasitələrindən maksimum istifadə etməliyik”. Toplantıda Məşvərət Şurasının 2012-ci ilin qalan ayları üçün İş Planında dəqiqləşdirmələr edilmiş və bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Aqil LƏTİFOV  


Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar