12px14px16px18px

Sulutəpədə jurnalistlərə zor tətbiq edildi

02:17 / 19.04.2012

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsünü bu gün də davam etdirib.
APA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, ARDNŞ əməkdaşları bu gün Sulutəpə qəsəbəsində şirkətə məxsus ərazilərdə qanunsuz olaraq tikilən evləri söküblər. Bu zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb. Sakinlər buna etiraz edərək Bakı-Şamaxı yolunu bağlamağa cəhd göstəriblər. Lakin əraziyə gələn polis əməkdaşları bunun qarşısını alıb.
Hadisə zamanı ərazidə çəkiliş aparan jurnalist İdrak Abbasov və “Yeni Müsavat” qəzetinin xanım əməkdaşı Günay Musayeva xəsarət alıb. İ. Abbasov Klinik Tibbi Mərkəzə yerləşdirilib. Klinik Tibbi Mərkəzdən bildirilib ki, İ. Abbasov kəllə beyin travması ilə xəstəxanaya gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı ARDNŞ-in mətbuat xidmətindən açıqlama verilməyib.
Binəqədi Rayon Polis İdarəsindən isə bildirilib ki, evlərin sökülməsi zamanı yerli sakinlərlə ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb, sakinlər Bakı-Şamaxı yolunu bağlamağa cəhd etsələr də, bunun qarşısı polis tərəfindən alınıb. “Media forum” saytı “Yeni Müsavat” qəzetinin Sulutəpə qəsəbəsində döyülən müxbiri Günay Musayevadan açıqlama alıb. Günay Musayeva aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları qəsəbədə evləri sökən vaxt döyülüb. O deyib ki, ayrı-ayrılıqda onu 3 nəfər döyüb. Şirkətin əməkdaşları Günay Musayevanın üzündən, kürəyindən yumruqla vurublar, saçını yolublar: “İdrak Abbasovla mən orda döyülən bir qadını çəkəndə zorakılığa məruz qaldıq. Məni yumruqla vurdular ki, niyə çəkirsən. Bir də baxdım İdrakı da yıxıblar yerə, döyürlər. 20-25 adam olardı, onlar həm Dövlət Neft Şirkətinin işçisi, həm də polis idilər. İdrakı çox amansızcasına döyürdülər. Mən İdrakı çəkmək üçün irəliyə atıldım. İstəyirdim ki, çəkim, sübut olsun. Fotoaparatımı, jurnalist vəsiqəmi əlimdən aldılar və qaytarmadılar. Çəkilişi mobil telefonla davam etdirmək istədim. Telefonu əlimdən almağa çalışdılar, yumruqla vurdular, amma telefonu vermədim. Şoka düşmüşdüm, çox həyəcanlanmış, qorxmuşdum, ağlayırdım. Ümumiyyətlə qəsəbə sakinlərinin hamısı çox qorxmuşdu, kim irəli gedirdi, döyürdülər. İdrakın iki qardaşı köməyə gəldi, ikisini də döydülər. Mən bütün bu zorakılığı edənlərə dedim ki, sizə tabe oluram, çəkiliş aparmıram, amma icazə verin İdraka kömək edim. İmkan vermədilər. İdrak, qardaşları və mən birlikdə xəstəxanaya getdik. Orda mənə ilkin tibbi yardım göstərildi. Ağzım qanamışdı. İlkin tibbi yardımdan sonra məni buraxdılar”.
Günay Musayeva baş vermiş hadisə ilə bağlı şikayət etmək niyyətində olduğunu qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dünən“Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasovun (“Zerkalo” qəzeti) peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, Mətbuat Şurasına hər iki media təmsilçisinin aprelin 18-də ARDNŞ-in Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşdiyi barədə məlumat daxil olub. Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olub, G. Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən alıblar. İ. Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı, digər həmkarı kimi təhqir olunub. Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar