12px14px16px18px

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə nümayəndəsi Tərtərdə olub

02:15 / 19.04.2012
Tərtər rayonuna səfər edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Daq Siqurdson Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) bu rayondakı regional ofisində və Tərtər Regional Peşə və Təlim Mərkəzində (PTM) olub. BAMF-ın proqram departamentinin rəhbəri Nik Nvolisa təşkilatın fəaliyyətinin prioritet istiqamətlərindən biri olan qaçqınların və məcburi köçkünlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə qonağa ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycanda humanitar yardımdan humanitar inkişafa keçid dövründə BAMF öz gəlir gətirən sahələrini formalaşdırmaq üçün imkanlar yaradır və bu məqsədlə Bank Olmayan Kredit Təşkilatı-“Avrasiya-kredit” Məhdud Məsuliyyətli Cəmiyyət təsis edib və bu təşkilatın güzəştli kreditlərindən yararlananların 70 faizdən çoxu regionda məskunlaşmış qaçqınlar, məcburi köçkünlər və müharibənin təsirinə məruz qalmış əhalinin digər zəif təbəqəsidir.
BAMF-ın Tərdəki Regional Peşə və Təlim Mərkəzinə baş çəkən Daq Siqurdson mərkəzdə keçilən təlimlərlə maraqlanıb. Qonağa məlumat verilib ki, PTM istifadəyə verildiyi iki il ərzində əsasən müharibədən zərər çəkən insanlardan və onların ailə üzvlərindən 92 nəfər xalçaçılıq, çörəkbişirmə üstası, tingçilik, arıçılıq peşələri, kompüter və dil bacarıqları üzrə təlimlərə cəlb edilib və onlara sertivikatlar verilib. BAMF təlimləri başa vuranların əksəriyyətinin işlə təmin olunmasına dəstək verib.
Nik Nvolisa Yaponiya dövlətinin dəstəyi ilə təşkilatın hazırda həyata keçirdiyi “Tərtərdə yerləşən PTM təsərrüfatının çoxşaxəli təsərrüfata çevrilməsinə və təkmilləşdirilməsinə dəstək” layihəsindən faydalanacaq insanların da məhz qaçqınlar, məcburi köçkünlər və əhalinin müharibədən zərər çəkən digər təbəqələrinin nümayəndələrindən ibarət olduğunu qonağın diqqətinə çatdırıb.
Görüşlərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin baş məsləhətçisi Abil Qədirov və Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov da iştirak ediblər.



Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar