12px14px16px18px

Prokurorluq jurnalistin azyaşlı oğlunun avtomobillə vurulmasına dair açıqlama yayıb

14:41 / 18.04.2012
Bakı Şəhər Prokurorluğu “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun azyaşlı oğlunun avtomobillə vurulmasına dair açıqlama yayıb. Prokurorluqdan APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, son günlər “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov bəzi kütləvi informasiya vasitələrində çıxışlar edərək, azyaşlı oğlu Səid Abbaszadənin 2012-ci il martın 6-da Azad adlı şəxs tərəfindən idarə edilən avtomobillə vurulması ilə bağlı araşdırmanın Binəqədi Rayon Polis İdarəsində obyektiv araşdırılmaması barədə əsassız və həqiqətə uyğun olmayan bəyanatlar verib. Həmin informasiyaları təkzib edən Bakı Şəhər Prokurorluğu bildirir ki, Azad Ağayevin özünə məxsus avtomobillə Səid Abbaszadəni ehtiyatsızlıq nəticəsində vuraraq xəsarət yetirməsi faktı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmaqla hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, A.Ağayev sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “VAZ 2107” markalı 90-NC-348 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən tarixdə saat 17 radələrində Sulutəpə qəsəbəsində saatda 30-40 km sürətlə hərəkət edərkən qəflətən azyaşlı S.Abbaszadənin onun yoluna çıxmasını görüb hadisənin qarşısını almaq məqsədilə əyləcə basaraq avtomobilin hərəkətini dayandırmasına baxmayaraq, sonuncu avtomobilin sağ qanadına dəyərək xəsarət alıb. Dərhal avtomobili saxlayan A.Ağayev piyadanın ciddi xəsarət almadığını görərək hadisə yerindən uzaqlaşıb. Məhkəmə-tibbi ekspertizası ilə S.Abbaszadənin hadisə nəticəsində aldığı alın nahiyəsinin hematoması və qançırı, üst dodağının səthi yarası kimi xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilib. Beləliklə, aparılan araşdırma nəticəsində A.Ağayevin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib və toplanmış material inzibati qaydada tədbir görülməsi üçün Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilib.


Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar