12px14px16px18px

Professor Nizaməddin Şəmsizadə Milli Məclisə müraciət edib

“REGİONLARDA FƏXRİ XİYABANLAR YARADILSIN”

00:11 / 17.04.2012
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Milli Məclisə müraciət ünvanlayıb. “525”ə daxil olan müraciətdə bir sıra məqama toxunan N.Şəmsizadə Milli Məclisin regionlarda Fəxri Xiyabanların yaradılması məsələsinə diqqət ayırmasını xahiş edib: “Hörmətli Məclis mənsubları!
Mən Milli Məclisi Azərbaycan xalqının şəxsiyyətlər fondu hesab edirəm. Bir ziyalı və vətəndaş kimi çoxdandır ki, məni narahat edən iki mühüm mənəvi problemlə bağlı sizə müraciət etmək istəyirəm: Bu gün öz iqtisadi tərəqqisi, siyasi iradəsi və mənəvi gücü ilə bütün dünyanı heyrətdə qoyan Azərbaycanın nailiyyətləri hamımızda fərəh doğurur. Bu cahanşümul inkişafa rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyevin regionların inkişaf strategiyası haqqında dövlət proqramı təkcə iqtisadi sahələrini deyil, həm də mənəviyyat problemlərini əhatə edir. Buna əsaslanaraq xahiş edərdim ki, dövlət səviyyəsində regionlarda – məsələn Cənub regionu üçün Lənkəranda, Şimal regionu üçün Qubada, habelə Sumqayıtda, Gəncədə, Ağdamda, Şirvanda, Qazaxda, Zaqatalada və başqa şəhərlərdə Fəxri Xiyabanlar yaradılsın. Təbii ki, heç də bütün görkəmli alimlər, şairlər, hərbi və dövlət xadimləri adi məmur etinasızlığından tutmuş təəssübkeşliyin kasadlığına qədər onlarla səbəb üzündən layiq olduqları halda fəxri xiyabanda dəfn oluna bilmirlər.
Hesab edirəm ki, dövlətin nəzarəti altında regionlarda yaradılacaq Fəxri Xiyabanlar həm həmin regionda anadan olmuş şöhrətli insanlara ehtiram abidəsi, həm də gənc nəslin milli qürur hissi ilə tərbiyə məktəbi olacaq.
Məşhur bir aforizmdə deyilir: “Keçmişə tapançadan atəş açsan, gələcək səni topa tutacaq!” Biz keçmişə hörmət və gələcəyə ümid arasında yaşayırıq. Keçmişi unudanın gələcəyi yoxdur. Bu baxımdan bir faktı da müzakirəyə çıxarmanızı təklif edərdim: Azərbaycan torpaqlarını vahid dövlət kimi birləşdirmək uğrunda mübarizə aparmış böyük dövlət xadimi Fətəli Xan Gürcüstan səfərindən qayıdarkən xəyanətkarcasına zəhərlənərək öldürülüb. Və Bakıda Bibi Heybət ziyarətgahının həyətində dəfn olunub. 20-30-cu illərdə məscid bolşeviklər tərəfindən vəhşicəsinə dağıdılanda Fətəli xanın məqbərəsi də məhv edilib. Hansı kişininsə qeyrəti və cəsarəti sayəsində onun başdaşı Azərbaycan Tarixi Muzeyinə verilib və xoşbəxtlikdən bu günədək orada saxlanılır. Sizdən çox xahiş edərdim ki, Fətəli xanın məzarı və məqbərəsinin öz tarixi yerində – Bibi Heybət məscidinin həyətində bərpa olunmasına köməklik edəsiniz”.
AQİL




Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar