12px14px16px18px

“Din xadimi adına yaraşmayan belə açıqlamaların arxasında başqa niyyətlər var”

00:08 / 17.04.2012
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Nuri Həmədaninin fikirləri ilə bağlı açıqlama yayıb. Bu barədə “525”ə Dini Komitənin şöbə müdiri Əliheydər Zülfüqarov məlumat verib. Ə.Zülfüqarov Ayətullah Nuri Həmədaninin Azərbaycanda dini durumla bağlı fikirlərinin hər hansısa bir əsasa deyil, sırf qərəzə söykəndiyini qeyd edib. O, belə ittihamların ilk dəfə baş vermədiyini bildirib: “Bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, ölkəmizlə bağlı böhtanlar söyləməsi və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir. Buna görə də din xadimi adına yaraşmayan belə açıqlamaların altında hansı “niyyətlərin” yatdığı göz qabağındadır.
Bu sayaq yalan və böhtanlar bir daha göstərir ki, Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tutduğu yol – dini etiqad azadlığının tam təmin olunması, tolerant prinsiplərin prioritetliyi, dinlərüstü və məzhəblərüstü siyasət yürütmək – totalitar düşüncə sahibi ayətullahları ciddi narahat edir və pat vəziyyətindən çıxmaq üçün zaman-zaman azərbaycanlı dindarları dövlətə qarşı qoymağa cəhd göstərirlər. Görəsən, Həmədani və digər bu tipli ayətullahlar dini şəxsi məqsədlərinin alətinə çevirərək, obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin dindarlarla üz-üzə dayandığını iddia etməklə İslamda ən böyük günahlardan olan böhtana əl atdıqlarını niyə “unudurlar”? Yoxsa, bu “unutqanlıq” “ümumi məqsəd”dən irəli gəlir?
Bəyanatlarında bəzən açıq, bəzən isə üstüörtülü şəkildə “cihad”, “şəhadət” kimi sözlərdən istifadə etmələri belələrinin həm dini, həm də siyasi səbatsızlıqlarının bariz göstəricisidir. Görünür, Azərbaycan üçün nəzərdə tutduqları “planların” iflasa uğraması din adından danışan bəzi şəxsləri xeyli qıcıqlandırıb”.
Belə cəhdlərin iflasının labüd olduğunu bildirən Dini Komitə təmsilçisi digər ölkələrin dövlət-din münasibətlərinin Azərbaycana ixrac edilməsinin mümkünsüz olduğunu diqqətə çatdırıb: “Hər kəs bilməli, birdəfəlik qəbul etməlidir ki, Azərbaycan müstəqil, dünyəvi dövlətdir və başqa ölkələrin dövlət-din münasibətləri sistemini buraya ixrac etmək fikrinə düşmək hərdəmxəyallıqdır”.
AQİL




Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar