12px14px16px18px

“Bir ömür yaşadım ağlı-qaralı” kitabının təqdimatı olub

00:07 / 17.04.2012
Ötən həftənin şənbə günü Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist, “Arena” qəzetinin baş redaktoru Səyyad Ağbabalının yeni çapdan çıxmış “Bir ömür yaşadım ağlı-qaralı” kitabının təqdimat mərasimi keçirilib. Bu kitab S.Ağbabalının dərc edilmiş sayca 5-ci kitabıdır.
Tədbirdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, şair Vahid Əziz, hüquqşünas-alim Firudin Səməndərov və başqaları iştirak edib.
İlk olaraq S.Ağbabalının həyat yolundan, müstəqil Azərbaycan jurnalistikasının inkişafı naminə gördüyü işlərdən bəhs edən videoçarx nümayiş edilib.
Tədbiri giriş sözü ilə açan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Səyyad Ağbabalının sənətinə, dövlətinə, millətinə hər zaman böyük xidmət göstərdiyini bildirib. “Bir ömür yaşadım ağlı-qaralı” kitabının bir neçə baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdıran A.Aşırlı burada azərbaycan tarixinin canlandırıldığını deyib. Onun sözlərinə görə, S.Ağbabalı ölkəmizdə və dünyada gedən prosesləri daim diqqətlə izləyən, məqamında onlara münasibət bildirən, fəal həyat mövqeyi olan təcrübəli qələm sahiblərindədir: “Kitabda müstəqilliyimizlə bağlı çox önəmli məqamlar var. Həqiqətən kitab çox böyük informasiya mənbəyinə malikdir. Ümumiyyətlə şərəfli bir ömür yaşayan Səyyad müəllimin müəllifi olduğu bütün sənədli filmlərin mayasında, analitik verilişlərinin qayəsində, yüzlərlə yazılarının kökündə həmişə Vətənə sədaqət, ölkənin milli maraqlarına xidmət durub. O, sovet jurnalistikası ənənəsindən çağdaş jurnalistikamıza keçiddə öz müvazinətini, sözünün kəsərini qoruyub saxlayan qələm sahiblərindəndir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu günlərdə 60 yaşını qeyd edən müəllif son kitabında keçdiyi ömür yolunu bədii bir dillə oxucuya çatdırıldığını bildirib. O, S.Ağbabanlıya Mətbuat Şurasının fəxri diplomu ilə təltif edildiyini diqqətə çatdırıb: “Səyyad müəllimin kitabda yer verdiyi acılı-şirinli xatirələrini, dövri mətbuatda çap edilmiş bir sıra yazılarını yenidən oxumaqla 1988-ci ildən başlayaraq Azərbaycanda və Ermənistanda gedən ictimai-siyasi proseslər, cərəyan edən hadisələr, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox suallara cavab tapmaq mümkündür. Kitabın bir üstünlüyü də Səyyad Ağbabalının vaxtilə Azərbaycan Televiziyasının müxbiri kimi xarici ölkələrdə ümummilli lideri müşayiət etməsi və o görüşlərdən, tədbirlərdən hazırladığı dəyərli materialların da burada öz əksini tapmasıdır. Kitabda, həmçinin Şuşanın işğalı, Xocalı soyqırımı və digər xalqımızın başına gətirilən müsibətlər tarixi faktların dili ilə oxuculara təqdim edilib”.
Şair Vahid Əziz ölkənin çətin günlərində bir çoxlarının qaçdığı bir vaxtda S.Ağbabanlının hər zaman xalqın yanında olduğunu söyləyib.
Mərasimin iştirakçılarına minnətdarlığını bildirən S.Ağbabalı deyib ki, çalışmışam oxucular bu kitabdan yeni nəsə öyrənə bilsinlər: “Buradakı hər bir hadisə mənim real gördüklərimin, müşahidə etdiklərimin əsasında qələmə alınıb. Əgər oxucular tərəfindən bu kitab yaxşı qarşılanarsa, növbəti bir əsər üzərində işləyəcəyəm. Kitabın üz qabığında Ağbabanın Yeniyol kəndinin, mənim doğma kəndimdəki erməni faşistləri tərəfindən dağıdılmış orta məktəb binasının və digər məhv edilmiş yurd yerlərimizin görüntüləri əks olunub.
Aqil LƏTİFOV



Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar