12px14px16px18px

Azərbaycandan Həccə avtobus səfəri ləğv olunur

00:19 / 14.04.2012

Bu il Azərbaycandan Həcc ziyarətinə avtobuslarla səfər olmayacaq, bu cür yola salma ləğv olunur. Səudiyyə Ərəbistanına yola salınacaq zəvvarların yalnız təyyarələrlə səfəri təşkil olunacaq.
Bu il Həcc ziyarətinə getmək istəyən inanclı insanlar modern.az saytına açıqlamalarında məlumatı təsdiqləyiblər. Həcc yolçuluğuna avtobuslarla getməyə hazırlaşan dindarlara Qafqaz Müsəlmanları İdarəsindən deyiblər ki, tələsməsinlər, səfərin yalnız təyyarələrlə olacağı gözlənilir. Eyni zamanda təyyarələrlə Həccə getməyin qiymətində də bahalaşma olduğu bildirilir.
Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Hacı Müqəddəs Payızovla əlaqə saxlayıb. Xəbəri birmənalı olaraq təkzib etməyən QMİ rəsmisi bildirib ki, hazırda bu məsələ ilə bağlı rəhbərlikdə dəqiqləşmələr aparılır, yaxın günlərdə idarə sədri Şeyxülislam Allahşükür Paşazadə mətbuat konfransı keçirərək hər şeyi açıqlayacaq.
“Mən indidən nə isə desəm düz olmaz. Bütün suallarınızı mətbuat konfransında şeyx həzrətlərinə ünvanlamağınız məsləhətdir”.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə bir nüçə gün öncə Səudiyyə Ərəbistanından qayıdıb. Səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilib, müvafiq razılaşmalar əldə olunub. Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında protokol imzalanıb
Ötən il avtobus və təyyarələrlə Həcc ziyarətinə 2500 azərbaycanlı zəvvar gedib. 2011-ci ildə ziyarət səfərləri avtobuslarla 2650 manat, təyyarə ilə səfər edənlər üçün isə 3750 manat olub. 2012-ci ildə Azərbaycan zəvvarlarının Həcc səfərinin oktyabda başlanacağı gözlənilir.




Bu yazı ( 185 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar