12px14px16px18px

“Bəziləri Konqresin nüfuzunun artmasından narahatçılıq keçirir”

SABİR RÜSTƏMXANLI: “ONLARIN BİRLƏŞMƏK VƏ BÜTÖVLƏŞMƏK BARƏDƏ DAİM CƏMİYYƏTƏ ÖTÜRDÜKLƏRİ BƏYANATLAR SÖZDƏN BAŞQA BİR ŞEY DEYİL”

00:48 / 13.04.2012
Millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı bəyanat yayıb. Bu barədə “525”ə DAK-dan məlumat verilib. Dünya Azərbaycanlılarına ünvanlanmış müraciətdə millət vəkili onların cənublu soydaşlarımızın problemlərini diqqətdə saxlamağı və onların problemlərini dünya ictimaiyyətinə çatdırmağa cağırıb: “XXI yüz ilin qlobal dəyişikliklər dövrü olmasını Yaxın Şərq hadisələri bir daha təsdiqləməkdədir. Böyük inteqrasiya prosesi artıq hər hansı bir dövlətin dünyadan təcrid olunaraq yaşamasını, fərqli qanunlarla millətlərə və xalqlara öz iradəsini qəbul etdirməsini mümkünsüz edib. Belə bir tarixi şəraitdə dünyaya səpələnmiş azərbaycanlıların da bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılması hər birimizin əsas vəzifəsidir. Son illərdə bu sahədə Dünya Azərbaycanlıları Konqresinin gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gəlməsinə güclü təkan verib. Konqres rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr verib. Hətta BMT-nin baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilib”.
S.Rüstəmxanlı DAK-ın belə bir fəaliyyət göstərməsinə baxmayaraq, bəzi qüvvələrin bu qurumu parçalamaq niyyətində olduğunu bildirib: “Təəssüf ki, bilərəkdən və ya bilməyərəkdən ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən parçalayıcı qruplar və şəxslər Konqresin nüfuzunun artmasından narahatçılıq keçirərək onu bölüb, zəiflətmək istiqamətində vaxtaşırı müxtəlif addımlar atmaqdadırlar. Sözügedən qurumun 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bu şəxslər adıçəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər. Qeyd edək ki, bu gün bizim təmsil etdiyimiz və rəsmi fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresi İsveçdə qeydiyyata alınıb və dünya azərbaycanlılarının ən böyük beynəlxalq diaspor təşkilatıdır. Konqresdən uzaqlaşanlar isə 2003-cü ildə rəsmən ayrıldıqlarını bəyan edərək 2004-cü ildə qurultay keçirib DDAK adı ilə fəaliyyət göstərməyə başlayıblar. Sonrakı illərdə onlar 3 dəfə sözdə birlik qurultayı keçirsələr də, ayrı-ayrı iddialar üzündən öz aralarında parçalanma daha da dərinləşib. Hətta Cavad Derəxti Bakıda keçirdiyi mətbuat konfranslarının birində özü səmimi-qəlbdən etiraf edib ki, Dünya Azərbaycanlıları Konqresi onun vaxtında parçalanıb. Bütün bunlara baxmayaraq, qurum rəhbərliyi təşkilatın məramına sadiq qalaraq daim dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hüquqarını müdafiə məqsədilə diaspor təşkilatlarının birgə fəaliyyətini zəruri sayır. Növbəti qurultay ərəfəsində qarşı tərəflə imzalanan protokol da bunun nümunəsi sayıla bilər. Aprelin 7-də qarşı tərəfin sözçüsü qismində çıxış edən Cavad Derəxti, Mirəşrəf Fətiyev, Akif Kərimovun Konqresə müraciətindən sonra imzalanan protokola əsasən, birinci tərəfin aprel ayının 27-29-na Belçikanın paytaxtı Brüssel şəhərinə, DAK-ın isə 21-23-nə Ukraynanın Donetsk şəhərinə təyin edilmiş qurultayları təxirə salınmalı, növbəti qurultayın qarşı tərəfin də iştirakı ilə Qərbi Avropa ölkələrinin birində keçirilməsi idi. Ancaq həmin günün səhəri Brüsselə toplaşmaq istəyənlər öz səlahiyyətli nümayəndələrinin – Cavad Derəxti, Mirəşrəf Fətiyevin razılaşdıqları protokoldan imtina etdi və bu barədə mətbuata açıqlama vermək istəmədilər. Bununla da onlar birləşmək və bütövləşmək barədə daim cəmiyyətə ötürdükləri bəyanatların yenə də sözdən başqa bir şey olmadığını təsdiq etmiş oldular. Əldə edilmiş razılaşmanın mətbuata çıxarılması şərtindən narahat olan və birgə qurultay keçirməkdən imtina edənlərin bu addımı onların birlik istəmədiklərini, niyyətlərinin eyni adlı təşkilatlar yaradaraq ziddiyyəti, parçalanmanı daha da dərinləşdirmək məqsədi güddüyünü dəfələrlə demişəm və son hadisələr bunu bir daha təsdiqləyir. Belə bir vəziyyətdə DAK rəhbərliyinin öz qurultayını əvvəlcədən təyin olunmuş vaxtda keçirməkdən başqa yolu qalmır. Bununla bərabər, DAK dünya azərbaycanlılarının bütün diaspor təşkilatları və güclərinin bir mərkəzdə birləşməsinin vacib olduğunu bəyan edir və bu prinsipə sadiq qalaraq öz qapılarının müraciət edən bütün təşkilat və şəxslərin üzünə, hətta iddiaçılara da açıq olduğunu bildirir və qurultaya dəvət edir”.
Aqil LƏTİFOV




Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar