12px14px16px18px

“Bu il ikitərəfli münasibətlər planında zəngin il olacaq”

SƏFİR SERİK PRİMBETOV: “AZƏRBAYCAN-QAZAXISTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN İCLASI İLİN İKİNCİ YARISINDA KEÇİRİLƏCƏK”

00:47 / 13.04.2012
Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində tədbir keçirib.
Səfir Qazaxıstanın daxili və xarici siyasətinin prioritetlərindən danışaraq, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırki vəziyyəti, hər iki tərəfin iştirakı ilə keçiriləcək mühüm tədbirlər barədə məlumat verib.
S.Primbetov bu ilin ikinci yarısında Azərbaycanla Qazaxıstan arasında hökumətlərarası komissiyanın iclası keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bu iclasda bir çox məsələlər müzakirə olacaq: “Müzakirə ediləcək əsas məsələlər ötən il iki ölkə arasında dəniz ticari gəmiçiliyi haqqında imzalanmış sazişin uzadılması, habelə neft və taxılın tranziti, Azərbaycandan Qazaxıstana kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı olacaq”.
Səfir Qazaxıstanın xarici işlər naziri Erjan Kazıkovun Azərbaycana səfərə gələcəyini qeyd edib. Avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün tamamlandığını diqqətə çatdıran səfir xarici işlər nazirinin səfərinin həm bu münasibətlə, həm də ikitərəfli məsələlərin müzakirəsi ilə əlaqədar həyata keçiriləcəyini vurğulayıb: “Erjan Kazıkov Bakıya azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti ilə gələcək. Onun səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunacaq”.
O, bununla yanaşı bu il ərzində digər ikitərəfli səfərlərin baş tutacağını da söyləyib: “Bu il Qazaxıstanın baş naziri Kərim Məsimovun da Azərbaycana səfəri gözlənilir. Hazırda Qazaxıstan baş nazirinin Azərbaycana rəsmi səfərinə hazırlıq işləri görülür. Qazaxıstan hökumətinin rəhbərinin səfəri bu il Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı ilə bağlıdır. Ümumilikdə, bu il ikitərəfli münasibətlər planında zəngin il olacaq. 4-8 iyunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri, 19-22 noyabrda isə Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Dünya və Ənənəvi Din xadimlərinin bu il Astanada keçiriləcək IV qurultayına dəvət alıb.
Bu qurultay 30-31 may tarixlərində keçiriləcək. Qurultayda həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə də iştirak edəcək”.
Aqil LƏTİFOV



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar