12px14px16px18px

“Ermənistan dövləti bundan ciddi zərbə alacaq”

AYDIN MİRZƏZADƏ: “BELƏ BİR HAKİMİYYƏT STRUKTURU GEC-TEZ İFLASA UĞRAYACAQ”

00:24 / 12.04.2012
Ermənistandakı parlament seçkilərinin qeyri-demokratik keçiriləcəyi barədə məlumatlar yayılaraq, diqqətçəkici məqamlara toxunulur. Bu ölkənin müxalifət partiyaları parlament seçkisinin qeyri-demokratik keçəcəyini bəyan edirlər. Seçkilərin saxtalaşdırılacağı, hakimiyyətdə təmsil edilən partiyanın dəstəkçilərinin və ya onların istədikləri şəxslərin parlamentə yerləşdiriləcəyinin labüd olduğu deyilir. Bu ölkənin media orqanları da seçki prosesinin indiki mərhələdən başlayaraq saxtalaşdırıldığını yazır və sözügedən məqamın Ermənistan demokratiyasına ciddi zərbə vuracağını bildirirlər. Ermənistanın aparıcı partiyaları seçicilərə hakim partiyanın maraqlarını təmin etmək üçün pul paylanıldığını, eləcə də digər yollara əl atıldığını qeyd edirlər. Artıq bir neçə partiya təmsilçiləri seçkilərin saxtalaşdırılacağını bəyan edərək, bunun qarşısının alınmasının zəruri olduğunu qeyd edib. Onlar hakimiyyətin əlində olan bütün resurslardan istifadə edərək seçkiləri qeyri-şəffaf keçirməyə çalışdığını, digər partiyalar üçün isə süni əngəllərin yaradıldığını bəyan edirlər. Ermənistanın aparıcı müxalifət partiyasının rəhbəri Levon Ter-Petrosyan, Erməni Milli Konqresinin əlaqələndiricisi Zurabyan və digər müxalifət mənsubları hakimiyyəti belə çirkin əməllərdən çəkinməyə çağırıb.
Həqiqətən də aparıcı müxalifət partiyalarının funksionerlərinin çıxışları Ermənistandakı seçkilərin son dərəcə gərgin və qeyri-demokratik keçəcəyini proqnozlaşdırmağa əsas verir. Ermənistan mediası da məsələyə geniş yer verərək, diqqətçəkici məqamlara toxunur. Keçiriləcək bu seçkilərdə iri dövlətlərin maraqlarından danışan politoloqlar isə seçkidə bir neçə ssenari üzrə mübarizənin aparıldığını bildirir və Ermənistan hakimiyyətinin öz maraqlarını təmin etmək üçün ən müxtəlif yollara əl atacağını qeyd edirlər.
Millət vəkili, politoloq Aydın Mirzəzadə bizimlə söhbətdə Ermənistan hakimiyyətinin demokratik seçki keçirmək iqtidarında olmadığını bildirib. O, hesab edir ki, düşmən ölkədəki digər seçkilərlə yanaşı parlament seçkiləri də saxtakarlıqla müşahidə ediləcək: “Ermənistanda seçkilərin qeyri-şəffaf keçirilicəyini indidən proqnozlaşdırmaq mümkündür. Oradakı seçkiqabağı əhval-ruhiyyə də bunu göstərir. Ermənistanın ayrı-ayır bölgələrindən olan seçiciləri satın almaq üçün bu ölkənin hakimiyyəti müxtəlif yollara əl atır. Hakimiyyətə sərf etməyən namizədlərin sıradan çıxarılması üçün onlara ən müxtəlif təzyiqlər göstərilir. Hətta belə namizədlərə fiziki gücün tətbiq edilməsindən belə çəkinilmir. Serj Sərkisyan hakimiyyəti öz partiyasının və özünə qulluq edəcək namizədlərin parlamentə yerləşdirilməsi üçün var qüvvəsi ilə çalışır. Məhz hakimiyyətin bu siyasətindən ciddi narazı qalanlar var. Və onlar öz narazılıqlarını ən müxtəlif formalarda ifadə edirlər”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın daxilində bir sıra qüvvələr var ki, onlar Dağlıq Qarabağ probleminin həllinin tezləşdirilməsini istəyir və bunun üçün lazımi addımların atılmasını tələb edirlər: “Orada bir sıra qüvvələr var ki, onlar Qarabağ məsələsinin Ermənistan üçün böyük problemə çevrildiyini anlayırlar. Məhz bu qüvvələr sözügedən məsələnin həll edilməsini istəyir. Lakin Ermənistan hakimiyyəti yenidən saxta parlament formalaşdıraraq, öz siyasətini yeritməyə çalışır. Cərəyan edən proseslər bu saxta hakimiyyətin yenidən saxta parlament əldə etməsini labüd edir. Saxta parlamentin əldə edilməsi Sərkisyan rejiminin öz qeyri-demokratik yolunda irəliləməsi üçün lazımdır. Lakin qeyri-demokratik seçkilərin keçirilməsi ilə əldə edilən saxta parlament ümumi inkişafa kömək edə bilməz. Bütün bu saxtakarlıqları nəzərə alaraq belə bir hakimiyyət strukturunun Ermənistanda gec-tez iflasa uğrayacağını söyləyə bilərik. Təbii ki, bundan ilk olaraq Ermənistan dövləti ciddi zərbə alacaq. Qonşu dövlətlərə torpaq iddiası ilə yaşayan, Azərbaycanın ərazilərinin 20 faizini işğal edən işğalçı Ermənistan heç zaman özünün bu gününü və gələcəyini sivil şəkildə qura bilməz. Ölkə daxilində sivil bir sistem qurmaq üçün qonşu dövlətlərlə normal münasibətlərin olması mütləqdir. Eləcə də beynəlxalq hüquq normalarına hörmət prinsipləri ilə yaşanmalıdır. Bu məqamların heç biri indiki Ermənistanda yoxdur”.
Aqil LƏTİFOV





Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar